Böyük türk sevdalısı - Seyid Cəfər Pişəvəri

 

Tarixi şəxsiyyətin anadan olmasının 117-ci ildönümü münasibətilə tədbir keçirilib

 

Avqustun 26-da Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda (bu otaq Seyid Cəfər Pişəvərinin iş otağı olub) 1945-1946-cı illərdə Güney Azərbaycanda qurulmuş Milli Hökumətin banisi Seyid Cəfər Pişəvərinin anadan olmasının 117-ci ildönümü münasibətilə dəyirmi masa keçirilib. AMEA-nın Şərqşünaslıq İnstitutu, Dünya Azərbaycanlıları Konqresi (DAK) və “21 Azər” Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən tədbirdə tədqiqatçı-alim Əkrəm Rəhimlinin Seyid Cəfər Pişəvəriyə həsr olunmuş kitabı da iştirakçılara təqdim edilib. Tədbirə Azərbaycanın tanınmış tarixçi alimləri, siyasi, ictimai xadimləri, diaspor təşkilatlarının rəhbərləri, yazarlar, tələbələr, güneyli-quzeyli fəallar qatılıb. Konfrans Seyid Cəfər Pişəvərinin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili Gövhər Baxşəliyeva 26 avqustda Güney Azərbaycan Milli Hərəkatının simvoluna çevrilmiş bir şəxsiyyətin - Seyid Cəfər Pişəvərinin ad günü olduğunu xatırladıb: “Azərbaycan xalqı tarix boyu azadlığa can atıb. Azərbaycanın Quzeyində 1918-ci ildə Xalq Cümhuriyyəti qurulduğu kimi, Güneydə də 1905-1911-ci illərdə Məşrutə İnqilabı (Səttarxan hərəkatı), 1920-ci ildə Azadistan dövləti (Şeyx Məhəmməd Xiyabani hərəkatı) və 1945-46-cı illərdə Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında Milli Hökumət yaradılıb. Onların hamısı xəyanətlər nəticəsində süquta uğramasına, qan içində boğulmasına baxmayaraq, ikiyə bölünmüş xalqımızın taleyində böyük rol oynayıb və iz qoyub. Bunun nəticəsi olaraq, 1991-ci ildə Azərbaycanın Quzeyində müstəqillik əldə olunub”.

Onun sözlərinə görə, Əkrəm Rəhimlinin Pişəvəriyə həsr etdiyi kitabda Milli Hökumətin banisinin həyat və yaradıcılığı, siyasi fəaliyyəti və s. geniş şəkildə əks olunub.

DAK həmsədri, VHP sədri, millət vəkili, şair Sabir Rüstəmxanlı bildirib ki, Pişəvəri ilə bağlı müxtəlif kitablar yazılıb. Ancaq həmin əsərlərdə ziddiyyətli məsələlər var. Lakin Əkrəm Rəhimli həmin mübahisələrə işıq salan bir kitab yazıb: “Pişəvəri Güney Azərbaycan tarixində dəyərli 3 şəxsiyyətdən biridir, yəni Səttarxan və Xiyabaninin davamçısıdır. Bunlar bir xalqın azadlıq mübarizəsinin üç mərhələsidir. Hər biri Azərbaycan xalqının qeyrətli oğludur, şəxsiyyətidir”.

Onun sözlərinə görə, Pişəvəri öz xalqının qurtuluş yolunu axtardığı üçün hər cür xarici yardıma normal baxırdı. Ona görə də onun sovetlərin işarəsilə hərəkət etməkdə günahlandırmaq əsassız fikirdir. Bu gün Güney Azərbaycanda istiqlal mübarizəsi davam edir. Çünki Pişəvərinin idealları hələ həyata keçməyib: “Hesab edirəm ki, bu kitab Güney Azərbaycanda yayılmalıdır. Bundan əlavə, Milli Elmlər Akademiyası qarşısında məsələ qaldırılmalıdır. Çünki Güney Azərbaycanla AMEA-nın Şərqşünaslıq İnstitutunun tərkibində bir şöbə məşğul olur. Bunun üçün ayrıca institut yaradılmalıdır. Eyni zamanda ABŞ-da, Avropada Güney Azərbaycan üzrə strateji institutlar qurulmalıdır. Azərbaycanda isə AMEA-nın nəzdində Güney Azərbaycan Araşdırma İnstitutu yaradılmalıdır. Əgər millətimizin taleyini, bütövlüyünü düşünürüksə, bütün bunlar mütləq həyata keçirilməlidir”.

DAK Daimi Şurasının sədri Əjdər Tağızadə vurğulayıb ki, Pişəvəri Güney Azərbaycanda dövlətçilik ənənəsinin əsasını qoyan bir şəxsiyyətdir: “Pişəvəri böyük bir türk sevdalısı idi, ictimai-siyasi xadimdi. O, sosial ədalət istəyirdi”. Onun sözlərinə görə, bu gün Pişəvərinin ruhu qəlblərdə yaşayır. Hazırda Güney Azərbaycanda Pişəvərinin ruhuna oxşar istiqlal mübarizəsi gedir və Azərbaycan türkləri tezliklə öz müstəqilliyini əldə edəcək.

Tədqiqatçı-alim Pərvanə Məmmədli, “21 Azər” Hərəkatının iştirakçısı, filologiya elmləri doktoru Sabir Nəbioğlu, nəğməkar şair Vüqar Əhməd və başqaları çıxış edərək öz fikirlərini bildiriblər. Konfransın sonunda tədbir iştirakçıları Fəxri Xiyabanda mərhum Seyid Cəfər Pişəvərinin məzarını ziyarət ediblər.  

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2009.- 28 avqust.- S. 5.