Direktordan prodüserədək

 

Əli İsa Cabbarov: Prodüser kinosu Azərbaycan kinosunun inkişafının əsas təminatçısıdır

 

Bu sayımızdan etibarən ölkəmizdə fəaliyyət göstərən prodüserlərlə müxtəlif mövzularda müzakirə aparacağıq. İlk qonağımız kinematoqrafçıların peşəkar sənədli film rejissoru kimi tanıdığı Əli İsa Cabbarovdur. Amma Mədəniyyət Turizm Nazirliyinin Bu meydan, bu ekran müsabiqəsindən sonra onun prodüser bacarığı da ortaya çıxdı. Ev, Düyün, Yalançılar, Teatral həyat filmlərinin prodüseri ilə milli kinomuzun inkişaf istiqamətləri barədə söhbətimizi oxuculara təqdim edirik.

 

- Son illər prodüser kinosu modeli həm dəb halını alıb. Siz, nədən bu modelə üstünlük verirsiniz?

- Gəlin sovet kino tariximizə nəzər salaq. O vaxt prodüserlər faktiki olaraq studiyanın direktoru idi. Onun intellektual və yaradıcı səviyyəsindən asılı olaraq filmlərimizin keyfiyyəti də müxtəlif idi. Bu birinci bağlılıq. İkinci tərəfdən, faktiki prodüser olan studiya direktorları azad olmadığına görə istehsal siyasətində yüksək nəticələr əldə edə bilmirdi. Deyək ki, əgər Hüseyn Mehdiyev və Ramiz Rövşənin uğurlu yaradıcı tandemi yaranıbsa bunu dəstəkləmək, birgə film istehsalına yardımçı olmaq lazımdır. Bundan başqa prodüser bu tandemin zəif nöqtələrini görüb aradan qaldırmalı və onları yüksək nəticə əldə edə biləcək yaradıcı komanda ilə təmin etməlidir. Studiya direktoru azad olmadığına görə bu addımları ata bilmir. Bir də maddi maraq çox vacib məsələdir. İnsanın keyfiyyətli məhsul ərsəyə gətirməsi üçün maddi marağı olmalıdır.Yəni keyfiyyətli məhsul istehsal edirsən, çox qazanırsan. Bu cəhətdən də istehsalçı şirkətin mülkiyyət formasının özəl olması çox vacibdir. Sovet iqtisadiyyatının çökməsinin əsas səbəblərindən biri məhz dövlət mülkiyyətinin total hakimiyyəti idi. Yaxşı işləməyə heç bir stimul yox idi. Azərbaycan dövləti özəl sektorun inkişafını bir kurs kimi artıq 16 ildir ki, seçib. Dövlət sifarişinin bütün icraçıları özəl şirkətlərdir. 2005-ci ildə Mədəniyyət və Turizm Nazirliyi film layihələrini özəl prodüser şirkətlərinə həvalə edib. Gəlin nəticələrə baxaq. Azərbaycan kinosu xarici festivallarda daha artıq təmsil olunur. Xüsusilə bu sahədə qısametrajlı filmlərimizi misal gətirmək olar. Filmlərimiz daha keyfiyyətli texnikanın köməyi ilə istehsal olunur və bu işə cəlb olunmuş şirkətlərin coğrafiyası təkcə Rusiya ilə məhdudlaşmır. HD formatında istehsal bir yenilik kimi özəl prodüserlər tərəfindən təklif olunub və həyata keçirilir. Özəl prodüser mərkəzlərinin istehsal etdiyi filmlər janr və mövzu baxımından rəngarəngdir. Birgə istehsal istiqamətində az da olsa addımlar atılır. Mənə elə gəlir prodüser kinosu Azərbaycanda artıq özünü təsdiq edib və tam yaşama hüququnu qazanıb.

- Sizin fikrinizcə, bu sahədə hansı çatışmazlıqlar var?

- Prodüser fəaliyyətinin konseptual anlamında ciddi problemlər var. Bir qayda olaraq bu fəaliyyət dövlət sifarişini yerinə yetirən menecer kimi başa düşülür. Sifariş sənə hədiyyə olunur, sən də onu həyata keçirməlisən. Düşünürəm ki, yaxın vaxtlarda bu forma aradan qaldırılacaq. Gəlin film istehsalı prosesini bütün mərhələlərində nəzərdən keçirək. Prodüser kino bazarını analiz edir. Beynimdə formalaşmış ruhi, ideoloji, siyasi və ya dini konsepsiyanı dəqiq ifadə edir. Sonra bu konsepsiyanı daha parlaq ifadə edə biləcək janrı və mövzunu seçir. Bu seçimdə bazarın da konyukturunu nəzərə alır. Sonra tam formalaşmış layihəsinin konsepsiyasını qısa şəkildə ifadə edir. Əlavə olaraq, bu konsepsiyanı həyata keçirə bilən yaradıcı heyəti yığır. Film istehsal olunandan sonra onun yayımı və gəlirliyi istiqamətində addımları həyata keçirir. Baxın nə qədər intellekt, güc və yaradıcı qabiliyyət tələb edən fəaliyyətdir. Sözsüz ki, kino tarixini, müasir kino bazarını, nəzəriyyəni bilmədən bunları keyfiyyətlə həyata keçirmək mümkün deyil. Yəni prodüser kifayət qədər intellektual, analitik qabiliyyətli, yaradıcı şəxs olmalıdır.

İkinci problem - yaradıcı personala ekspluativ münasibətdir. Bu sovetdənqalma ənənədir. Rejissoru və ya ssenaristi sındırmaq. Mənə elə gəlir prodüser heyəti yaradıcı personalın qulluğunda durmalıdır. Rejissor istehsalat zamanı özünü tam komfort hiss etməlidir.

Bizim prodüserlərin yayımdan yox, istehsalatdan gəlir götürmək istəyi anlaşılan deyil. Bu hal, məncə, iqtisadi yox, sırf mentallıqla bağlı psixoloji problemdir. İfrat qənaət xəstəliyinə tutulmuş kino menecerinin sağalması hallarına kino tarixində hələ rast gəlinməyib.

Başqa bir problem prodüserlərin filmin istehsalından sonra yayımına heç bir təşəbbüs göstərməmələridir. Bu bir qayda olaraq yayım haqqında düşünürlər. Ona görə özəl prodüser şirkətinə istehsalat hüququ ilə yanaşı, yayım hüququ da verilməlidir.

- Prodüser üçün hansı keyfiyyətləri daha vacib sayırsız?

- Müxtəlif qüvvələri bir konsepsiya altında birləşdirməyi. Filmin uğurlu alınmasına xidmət edəcək insanları bir yerə yığmağı. Bu, film istehsalının hər mərhələsində vacibdir. Yaradıcı iddialı insanların məhz sənin layihənə vacib olan kombinasiyasını qurmaq. Bir filmdə operator və rejissor uğurlu əməkdaşlıq edir, digər filmdə həmin layihənin janrından asılı olaraq başqa operator lazım ola bilər. Maliyyə paketinin formalaşmasında da bu əsas amildir. Maliyyəyə malik olan adamlar arasından sənin layihəni dəstəkləyəcək adamı tapmaq, onun marağı ilə sənin marağın arasında konsensus yaratmaq birbaşa prodüserin vəzifəsidir. Şəxsən mənim üçün prodüserlik layihənin keyfiyyətli alınması məqsədilə müxtəlif insanların ittifaqını yaratmaqdan ibarətdir.

- Kinomuzda baş verən irəliləyişlər yetərincədir. Sözsüz, problemlər də var...

- Dövlətin elan etdiyi kino siyasəti bütün ictimaiyyətə aydındır. Dövlət kinonu dəstəkləyir.

Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramında əsas vəzifələr arasında kino sahəsində beynəlxalq əlaqələrin dövlətin himayəsi altında inkişaf etdirilməsi və bunun üçün dövlət büdcəsindən məqsədli vəsaitin ayrılması, kino sistemində yeni iqtisadi münasibətlərin formalaşması və idarəetmənin təkmilləşdirilməsi, özəl sektorun, o cümlədən kino istehsalı müəssisələrinin, prodüser mərkəzlərinin, kinoteatrların və kinoprokat şirkətlərinin işləmə mexanizminin qurulmasına şərait yaradılması, dünyanın aparıcı kino şirkətləri ilə müştərək filmlərinin istehsalının təşkil edilməsi, özəl kino istehsalı müəssisələrinin yaradılmasının dəstəkləməsi mexanizminin hazırlanması və həyata keçirilməsi, dövlət vəsaiti hesabına istehsal olunan filmlər üçün aktual mövzulara həsr edilmiş kino layihələrinin müsabiqə yolu ilə seçilməsi mexanizminin işə salınması, kino xadimlərinin beynəlxalq, ikitərəfli və çoxtərəfli kino layihələrində iştirak etməsi kimi vacib bəndlər var.

Bu qərar Azərbaycanın kino prodüserlərinə kifayət qədər fəaliyyət meydanı verir. Sadəcə yorulmadan işləmək lazımdır.

Aliyə

 

Mədəniyyət.- 2009.- 28 avqust.- S. 11.