Niyyətin qələbəsi

 

Bakı - İslam Mədəniyyətinin Paytaxtı-2009 mədəniyyət ilinin bağlanış mərasimi çərçivəsində Niyyət bədii filminin nümayişi 18 dekabrda Azərbaycan kinoteatrında baş tutdu.

Niyyət tammetrajlı bədii filmi kinorejissor Samir Kərimoğlunun kinosevərlərə təqdim etdiyi sayca 3-cü ekran əsəridir.

Psixoloji dram janrında çəkilən bu filmin süjet xətti kamil insan anlayışına mənsub olan faktorları səmimi, ülvi hisslər, təhsil dinlə əlaqələndirir.

Filmin ümumi fonu, müxtəlif rakurslu çəkilişləri, məntiqi dəyərləri ilə tamaşaçıları nəfəs çəkmədən finaladək izləməyə məcbur etdi.

 

Kinorejissor Samir Kərimoğlu digər filmləri psixoloji janrda işlədiyinə görə, zəngin təxəyyülünü vizual təhlilə çevirərək, onu düşündürən məsələləri emosional formada tamaşaçıya çatdırmaq bacarığını bir daha göstərdi. Sənədli bədii təsvirlərin ardınca həmin kadrların psixoloji şərhi düzgün müəyyənləşdirilərək məntiqi mənasını təsdiqləyirdi. Məsələn, əsərin qəhrəmanı Cahangir (Fuad Axundov) dindar insan olan Arifi (Rövşən Məmmədli) özünün getdiyi əyri yola dəvət etdikdə Arif, otağın bir hissəsində Kəbə ziyarətgahının şəkli asılmış dar bir yerin pərdəsini çəkərək namazını qılmağa başlayır. Pərdənin arxa fonunda Cahangir daim üstündə gəzdirdiyi içki qabını başına çəkir, öndə isə Arif aydın səslə Allaha səcdə edir. Deməli Cahangir cəmiyyətin qaranlıq tərəfinin təzahürü, səssiz bəlasıdır. yaxud da Arifin bacısının, qızı ilə söhbəti kadrını xatırlayaq. Qadın xoşbəxt halda qızı ilə söhbət edir. Tamaşaçı hərəkətdə olan kameranın təqibi ilə personajı izləməyə tam şəkildə macal tapmamış birdən kadrda dəyişiklik yaranır, üstü güzgülü şifonerin içindən qız uşağı çıxaraq yan otağa qaçır. Bu zaman obrazı şifonerin güzgüsündən izlədiyimiz məlum olur. Hadisələrin müxtəlif prizmalardan, dəyişik, maraqlı təsvirlərlə şərhi tamaşaçını cəlb edən amillərdəndir.

Rejissor hadisələri ciddi təhlil edərək filmin ümumi kompozisiyasının canlı təfsirinə nail olmuşdur. Musiqi materiallarının hadisələrlə həmahəng səslənməsi, personajların dəqiq, aydın mizanlardakı ifalarının məntiqli traktovkası, monoloq dialoqların psixoloji şərhi rejissorun peşəkarlığından xəbər verir. Kadrlardakı lakonik, lakin əhatəli dialoqlar tamaşaçını düşündürməyə, insanın həyatdakı əsl mövqeyini dərk etməyə vadar edir. Cahangir yaraşıqlı, savadlı bir gənc olsa da, cahilliyi onu tənha meşşan həyat sürməyə alışdırır. Ariflə görüşdükdən onun saf, təmənnasız yaxşılıqlarını izlədikdən sonra o, təkliyin, yuvasızlığın, həyatdakı mövqesizliyin əsl dəhşət olduğunu anlayır. Kin əxlaqsızlıqla zirehlənmiş fırıldaqçı Cahangirin mənəvi dünyasını onun mükəmməl təhsili, ailəsi yox, məhz Arifin paklığı, saf niyyəti, məsum görünüşü təmizləyir. Deməli, anlaşılmaz, çətin xarakterli insanların da zəif bir nöqtəsi var. Allaha, ulu yaradana olan məhəbbət yaxud qorxu hissi. Dinə qayıdış, libas filmdə mənəvi paklıq, saflıq rəmzi kimi verilmişdir.

Filmin finalında Arif Məkkə ziyarətinə gedərkən təyyarədə vəfat edir. Lakin o, özündən sonra belə bir insanın tövbə etməsinə səbəb olur.

Filmdə dinə, adətnənələrə, böyüklərə və uşaqlara, ümumiyyətlə, insanlara qarşı böyük bir ehtiram hiss olunur.

Filmin ekran həllində ssenarinin mühüm rolu var. Lakin rejissor ideyalarının ekran təzahürü, ümumi kompozisiyanın vizual vəhdəti bəyaz çərçivədəki hadisələrdə tamaşaçının özünü görməsi deməkdir. Bu mənada rejissor yüksək səviyyəli kinematoqrafik tamaşa yaratmışdır. Həyəcanla izlənən kadrların sirayətedici təəssüratına əsasən deyə bilərəm ki, Niyyət bədii filmi sıravilikdən çox-çox uzaqda dayanaraq bədii texniki cəhətdən koloritli ekran əsəri kimi rejissor kredosunu bir daha təsdiqləmiş oldu.

Bir-iki personajla çəkilmiş bu ekran əsərində diqqəti cəlb edən nüanslardan biri aktyor ansamblının gənc yeni olması idi. Rejissor onların fərdi istedadlarını ön plana çəkərək, təbii, sərbəst mizanlara üstünlük vermişdir. Aktyorların simasında kamera hərisliyi poetiklik qətiyyən hiss olunmurdu. Peşəkar kollektivin fərdi istedadları yalnız hadisələrin mahiyyətinin açılmasına yönəlmişdi. Buna da nail olunmuşdu. Belə ki, hadisələrin gərgin, əhəmiyyətli ardıcıllığı, məntiqli mənası aktyor ifasını kölgədə saxlayırdı. Vizual hadisələr tamaşaçıya reallıq qədər yaxın idi. Məsələn, axşamlar yas mərasimlərində qarınlarını doyduran təsadüfi dostlar özləri bilmədən Cahangirin atasının yas məclisinə gedirlər. Xarakterik simalarla (çadırdakı insanlar) işlənən dinamik kadrlardan məlum olur ki, filmin kulminasiya nöqtəsi məhz burasıdır. Çünki film boyu hadisələri anlaşılmaz hərəkətlərlə idarə edən qəhrəmanın kimliyi məhz, bir kadrda, lakonik ifada, dinamik hərəkətdə, panoramlı çəkilişlə musiqinin təsvirlə uzlaşması ilə paralel təqdim olunur. Məncə, bu kadrlara istinadən tamaşaçı da qeyri-ixtiyari olaraq öz-özünə sən kimsən? sualını verəcək.

Filmdə göstərilən biganəlik, xəyanət, qumarbazlıq, dünya malına hərislik yaxud da dinə qayıdış, möminlik motivləri ayrı-ayrılıqda böyük bir mövzudur. Lakin bir film daxilində səciyyələndirilən müxtəlif keyfiyyətlərə rejissor tamaşaçını bezdirmədən aydınlıq gətirir. Ümumilikdə bir şəxsdə (Arif) cəmlənən müsbət cəhətlərin qalibiyyəti bütövlükdə İslam dininin, xeyrin qələbəsi kimi göstərilir. Niyyət filminə sürəkli alqışlar qazandıran rejissor yaradıcılığı haqqında çox söz demək mümkündür. Ürəkdən arzulayırıq ki, onu yeni nailiyyətlərə ruhlandıran bu alqışların sədası ölkəmizdən uzaqlarda eşidilsin.

 

 

Şəhla Bürcəliyeva,

Kinoşünas

 

Mədəniyyət.- 2009.- 23 dekabr.- S. 10.