Əməkdaşımız mükafatlandırıldı

 

Bizim aşıq ədəbiyyatımızda (deyişmələrdə) tez-tez təkrarlanan bir misra var: səndən xəbər alım... Redaksiyamızda bu müraciətlə üz tutduğumuz bir xanım var: Həmidə xanım. Xəbərçilik keçmişdən indiyə pis əməl sayılsa da, indilikdə az qala savab sayılır. Çünki bu günün adamına informasiya hava, su, yemək kimi vacib olub. Bu informasiyaları qəzetimizə Həmidə xanım gətirir. Savab yiyəsi o, olur.

Gecəsini gündüzünə qataraq vaxtı-vədəsi əl verməyən tədbirlərdən gətirdiyi xəbərləri, yazıları qəzetin ilk oxunan materialları olur. Əlbəttə, bu dözümlülük, çalışqanlıq, qəzetə doğma, isti münasibət yenə ANS demişkən, vicdanlılıq tələb edir. Bunlar da bizim həmkarımızda. Təsəvvürünüzə çevik, hərbi-idman stili paltar geyinən, çoxlu cibləri olan jurnalist gödəkçələri üstündən əskik olmayan bir xanım gətirdiniz, eləmi? Əsla yox. Həmidə xanım qadın məlahəti ilə cəlbediciliyi ilə xüsusi seçilən, zərif klassik paltar geyinməyi sevən, səliqəli, gənc bir xanımdır. Həmidə Rüstəmova zövqü, dünyagörüşü, çalışqanlığı ilə qəzetin üzünü edən, (oxu: manşetini xəbər başlıqları ilə bəzəyən) işçilərdəndir.

Qəzetin bəzən yeknəsəq ritminə rəng qatan daha bir xəbər elə Həmidə xanımın özü barədə oldu: Qəzetimizin əməkdaşı 2008-ci ildə mədəniyyət tədbirlərində fəal iştirakına görə Mədəniyyət və Turizm Nazirliyinin Fəxri Fərmanı ilə mükafatlandırıldı. Ən çox sevinən, fərəhlənənsə baş redaktorumuz Nigar xanım oldu. Gənc əməkdaşlarımıza ana sevgisi, qayğısı ilə yanaşan Nigar xanım Həmidənin qəzetimizə gətirdiyi ən dəyərli xəbəri - diplomu stolunun üstünə yerləşdirib.

Qəzetin ən tənbəl (bu qeyri-məhsuldar demək deyil) əməkdaşı kimi bu uğura qoşula bilməsəm belə, bu sevincə ürəkdən qatılır, qəzetimizin kollektivi adından qəzetin sütunu olan xəbər sektorunun bütün ağırlığını zərif çiyinlərinə götürmüş Həmidə xanımı təbrik edir, ona işlərində daha böyük uğurlar arzulayırıq. Həmişə xəbərlərin xoş, sözün kəsərli, qələmin iti olsun! Sonda baş redaktorumuz Nigar xanımın da tez-tez təkrarladığı milli filmlərimizdən birini xatırladan bir kəlməni xorla əlavə edirik Sükanı belə saxla!.

 

Aliyə

 

Mədəniyyət.-2009.-5 fevral.-S.2.