Metamorfozlar ilk dəfə səsləndi

 

Fevralın 5-də M.Maqomayev adına Dövlət Filarmoniyasında adları çoxdan dünya musiqi xəzinəsinə daxil olmuş D.D.Şostakoviç və onun dahi yetirməsi Q.Qarayevin əsərlərindən ibarət konsert keçirildi. Qeyd edək ki, Dövlət Kamera Orkestri hər il fevralın 5-də - dahi bəstəkar Qara Qarayevin doğum günü respublikanın xalq artisti Teymur Göyçayevin dirijorluğu ilə möhtəşəm musiqi əsərlərini səsləndirir.

Tədbiri giriş sözü ilə sənətşünaslıq namizədi Lalə Hüseynova açdı. O, D.D.Şostakoviçin ümumilikdə Azərbaycan musiqisinə, xüsusilə də Qara Qarayev və Firəngiz Əlizadə yaradıcılığına göstərdiyi böyük təsirdən söz açdı və qeyd etdi ki, Q.Qarayev D.Şostakoviçin, Firəngiz xanım isə Q.Qarayevin tələbəsi olub.

Konsert Şostakoviçin kamera orkestri üçün yazdığı Faşizm qurbanlarının xatirəsinə simfoniyası ilə başladı. Orkestr tarixi qarşıdurmanı - faşizmin dəhşət dolu ruhu ilə şəhid analarının duasını skripkanın (Uran Seyidov) və violonçelin (Aleksey Miltıx) möhtəşəm solo ifasını da bir daha təcəssüm etdi.

Konsertdə Firəngiz Əlizadənin Metamorfozlar əsəri səsləndirildi. Yeri gəlmişkən, bu əsər Bakıda ilk dəfə ifa edilirdi. Təbiət səslərinə bənzəyən gözlənilməz effektlər dinləyicidə təkrarolunmaz duyğular oyadırdı.

Metamorfozlarda şüştər ladının bütün gözəlliklərindən istifadə olunub. Sonda D.Şostakoviçin Elegiya Skertso əsərləri səsləndirildi. Amma tamaşaçılar musiqiçiləri uzun müddət səhnədən buraxmadılar: iki bis - D.Şostakoviçin Polka Qara Qarayevin fortepiano üçün 7-ci prelüdü (T.Göyçayevin orkestr işləməsində) ilə İldırımlı yollarla baletindən Qızlar rəqsi ifa olundu.

 

 

Mədəniyyət.- 2009.- 7 fevral.- S. 2.