Qüdrətli fırça ustası

 

Yarım əsrdən çoxdur ki, respublikamızın sərhədlərindən çox-çox uzaq ölkələrdə doğma Azərbaycan mədəniyyətini ləyaqətlə təmsil edən və ona beynəlxalq nüfuz qazandıran xalq rəssamı Tahir Salahovu hamı sadəcə olaraq "Bizim Tahir" deyib çağırır, onunla fəxr edir. Sağlığında bu cür umummilli və dünyəvi təqdir az-az sənətkara nəsib olur. Tahir Salahov buna heç şübhəsiz, qeyri-adi rəssamlıq istedadı ilə nail olmuşdur... Əvvəlcə Bakıdakı məşhur Ə.Əzimzadə adına Rəssamlıq Məktəbində (1945-1950), sonra isə V.İ. Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunda (1951-1957) təhsil alan Tahir Salahov elə gəncliyindən bütün dünyanı dolaşan "Növbədən qayıdanlar" adlı diplom işi ilə böyük gələcəyi olan rəssam kimi qəbul edilmişdi.

O vaxt bədii həllinə görə duyulası dərəcədə yeni və bənzərsiz olan bu əsər 29 yaşlı azərbaycanlı rəssama çağdaş sovet rəngkarlığınıda sənət zirvəsini fəth etməyə imkan verdi. Sonrakı illərdə o, davamlı olaraq yaratdığı müxtəlif janrlı əsərlərlə dünya təsviri sənətində "sərt üslub" adlı cərəyanın banisi oldu. Təbii ki, bani olmaq məsuliyyəti çox ağır idi və hələ çox gənc olan rəssam "sosialist realizmi" metodu ilə silahlanmış sənət rəqibləri, bəzən də bədxahları qarşısında fəth etdiyi zirvədə duruş gətirmək üçün daima axtarışda olmalıydı, çünki bəziləri Tahir Salahovun möhtəşəm uğurunu təsadüfi hesab etməklə, yeni üslubun ənənəvi metoda qarşı olduğunu əllərində bayrağa çevirərək, onu gözdən salmağa çalışırdılar. Ancaq 1968-ci ildə Tahir Salahovun SSRİ Dövlət Mükafatına layiq görülməsi bütün bədxahların ümidlərini puç etdi və gənc rəssamın tutduğu yeni yaradıcılıq yolunun düzgünlüyünün təqdiri oldu. Elə doğma Azərbaycanın özündə də o vaxta qədər onun yaradıcılıq uğurları yüksək dəyərləndirilmiş, əvvəlcə respublikanın Əməkdar incəsənət xadimi (1962), bir il sonra Xalq rəssamı fəxri adlarına layiq görülmüşdü. Ona yaratdığı "Bəstəkar Qara Qarayevin portreti" əsərinə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalı (1962), "Antoni və Kleopatra" tamaşasına verdiyi bədii tərtibata görə M.F.Axundov adına respublika mükafatı (1965) verilmişdi. Gənc rəssamın ictimaiyyət arasında böyük nüfuza malik olduğunu nəzərə alıb, onu Sülhü Müdafiə Sovet Komitəsinin üzvü (1962), Azərbaycan (1963) və SSRİ Ali Sovetinin (1966) deputatı seçmişdilər. O, bütün bunların nəticəsi olaraq, həm də SSRİ Rəssamlar İttifaqı Rəyasət Heyətinin üzvü (1963), SSRİ Rəssamlıq Akademiyasının müxbir üzvü (1966) seçilmişdi. 1972-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilən Tahir Salahov artıq 1975-ci ildə, həm də SSRİ Rəssamlıq Akademiyasının həqiqi üzvü idi. Bütün bu təqdirlər sonrakı illərdə də davam etdi. Odur ki, bu gün bizim Tahir, həm də YUNESKO yanında Beynəlxalq Təsviri Sənət Assosiasiyasının vitse-prezidenti, Fransa İncəsənət Akademiyasının üzvü, neçə-neçə mükafatların, orden və medalların sahibidir. O, eyni zamanda keçmiş SSRİ məkanında Sosialist Əməyi Qəhrəmanı adına layiq görülən bir neçə rəssamdan biridir. Sadaladığımız dəyərləndirmələr ilk növbədə T.Salahovun yaratdıqlarının müasir rəngkarlığın klassikasına çevrilməsinə münasibətin ifadəsi idi. Onun sənət zirvəsində qərarlaşmasına zəmin verən ecazkar fırçasından çıxan sənət inciləri arasında isə "Növbədən qayıdanlar"(1957), "Səhər eşalonu"(1958), "Neftçi" (1959), "Bəstəkar Qara Qarayevin portreti"(1960) "Pəncərə", "Moskva səhəri" (1959), "Abşeron motivi"(1963), "Şair Sabirin potreti"(1962), "Təmirçilər"(1960), "Natürmort"(1966), "Bakı. Şirvanşahlar sarayı" (1966), "Abşeron qadınları"(1967), "Ağdaş"(1967), "Bəstəkar Fikrət Əmirovun portreti"(1967), "Xəzərin sahilində" (1967) kimi yüzlərlə qrafika və teatr tərtibatı nümunələri vardır. Bəs Tahir Salahov dünyagörüşünü və ifadə tərzini başqalarından fərqləndirən nə idi? İlk növbədə gördüklərindən heyrətlənmək istedadının bənzərsizliyi! Rəssamın "Səhər eşalonu" tablosu onun necə fərqli dünyaduyumuna malik olduğunu təsdiqləyir. Həmin əsərdə Bakıda "Bağırov körpüsü" təsvir olunub. Körpünün üstündən keçən dəmir yolundakı neft daşıyan qatar, aşağısındakı neft mədənlərinə tələsən yük maşını, həm də sənaye şəhəri olan Bakımızın səhər ritmini gözəl əks etdirir. Paytaxtımız ücün səciyyəvi olan bu səhər mənzərəsini izləyən, onun bu məşhur görünüşünü Tahirə qədər də görən rəssamlar yüzlərlə olub, desək, yanılmarıq. Ancaq gözümüzdə adiləşən bu şəhər motivindəki özünəməxsus gözəllik qaynağını duyan və onu yaddaqalan sənət əsərinə çevirən yalnız Tahir Salahov olmuşdu. Sonralar biz onu heyrətlənən və heyrətləndirmək istedadını "Pəncərə", "Moskva səhəri", "Eyfel qülləsi", "Meksika korridası" və digər müxtəlif janrlı əsərlərində gördük. Rəssamın uzaq keçmişi və tarixi obrazları təxəyyülü sayəsində canlandırmasının uğurlu nəticələrini "Koroğlu", "Dədə Qorqud" və "Qədim Şamaxı" tablolarında görmək mümkündür. Onun Bakı teatrlarında səhnəyə qoyulan "Antonio və Kleopatra", "Hamlet" (V.Şekspir), "Aydın" (C.Cabbarlı), "Koroğlu" (Ü.Hacıbəyov), "Babək" (A.Əlizadə) tamaşalarına verdiyi lakonik, ciddi, düşündürücü, fəlsəfi tərtibatlar da böyük sənətkarın ədəbi materiala və onun aşıladığı bəşəri duyğulara, ideyalara bələdçiliyini və nüfuzetmə gücünü əks etdirir. Tahir Salahov yaradıcılığının ilk illərindən başlayaraq, ötən il tamamladığı "Odlar yurdu" triptixinə qədər hər bir tablosunda doğma Vətən torpağına, onun insanlarına və sərvətlərinə sonsuz məhəbbət duyulur.

Tahir Salahovun yaradıcılığı çoxşaxəlidir. Sənətsevərlər onun dünya təsviri sənətinin qızıl fonduna daxil olmuş tematik tabloların, psixoloji portretlərin, lirik mənzərə və natürmortların müəllifi kimi tanıyırlar. Rəssamın yaratdığı rəngkarlıq və teatr tərtibatı əsərləri,qrafik lövhələri onun qeyri-adi istedadını, virtuoz rəsmetmə bacarığını əks etdirir. Bütün bu müsbət məziyyətlər Tahir Salahova əsl sənətkar şöhrəti bəxş etmiş, onu zəmanəmizin görkəmli rəssamlarından biri kimi tanıtdırmışdır.

Rəssamın bizi əhatə edən gerçəkliyə, həyat hadisələrinə özünəməxsus münasibəti var. O, öz qəhrəmanlarının təsvirində adamların müsbət cəhətlərinin məcmusunu göstərməyə çalışır. Bu mənada Xəzər neftçilərinin həyatından bəhs edən "Növbədən qayıdanlar", "Təmirçilər", "Neftçi", "Xəzərdə səhər" və s. əsərlərini bizim müasirlərimiz haqqında poetika ilə romantikanın vəhdətindən yaranmış dastan adlandırmaq olar. Həmin işlərdə rəssam bizə öz işindən, əməlindən sonsuz zövq alan zəhmət adamını təqdim edir. Onun neftçisi də, şairi də, bəstəkarı da bu amalla yaşayıb-yaradır. Tahir Salahov sənətinin gücü müasirlərinin obrazının böyük reallıqla, həyati təsvir olunmasında, onların romantik duyğularla bələnməsindədir.

Hadisələrin inkişafını, ağırlığını bir obrazın üzərində cəmləşdirməsi Tahir Salahovun əsərləri üçün səciyyəvidir. Dərin psixoloji anımları əldə etmək, plastik traktovkanı mürəkkəbləşdirmək cəhdi, obraza xas olan intellektual keyfiyyətləri, vətəndaşlıq hisslərini qabarıq şəkildə aşılamaq istəyi ilə o, neçə-neçə görkəmli şəxsiyyətlərin portretlərinə müraciət etmişdir. Bəstəkarlardan Ü.Hacıbəyov və D.Şostakoviç, Q.Qarayev və F.Əmirovun, şairlərdən Sabir və R.Rzanın portretlərini buna misal göstərmək olar. Yaradıcı şəxsiyyətlərin gərgin psixoloji yaşantılarını əks etdirən bu əsərlərdə obrazların daxili aləminə dərin sənətkar nüfuzu ilə qarşılaşırıq. Yaradıcılıq anlarını yaşayan bu unudulmaz obrazlara baxdıqca, adama elə gəlir ki, bir an keçəcək və bütün gərginliyə səbəb olan narahatlıq və nigaranlıq - duyğularımızı isidən həzin melodiyalara, poetik misralara çevriləcəkdir.

Tahir Salahov müasirliyi, bizim günlərin dinamikasını incəliklə duyan sənətkardır. Onun yaradıcılığı üçün təkrarçılıq yaddır. O, həmişə yenilik hissi ilə yaşayır. Əsərlərini səciyyələndirən poetik əhval-ruhiyyə, romantik vüsət və etik-fəlsəfi duyğular da bunu sübut edir. Tahir Salahovun adı və yaradıcılığı, rəngkarlıq və qrafika əsərləri çoxdan təsviri sənət ensiklopediyalarına daxil edilməklə, dünyanın muzey və qalereyalarında göstərilməkdədir. Onun Bakıda və Moskvada apardığı davamlı pedaqoji fəaliyyətinin nəticəsində bu gün yüzlərlə gənc rəssam "Akademik Tahir Salahov məktəbi" ənənələrini uğurla davam etdirməkdədir. Bütün yuxarıda deyilənlərin qarşılığında inamla demək olar ki, "Bizim Tahir" artıq "Dünyanın Tahiri"nə çevrilmişdir. Bu isə bütünlükdə Azərbaycan xalqının qazancıdır...

 

 

Ziyadxan Əliyev,

əməkdar incəsənət

xadimi

 

Mədəniyyət.- 2009.- 18 fevral.- S. 12.