Baş örtüyü - kəlağayı

 

Azərbaycanda ulu əcdadlarımızın yaratdıqları və məşğul olduqları xalq sənətkarlığı nümunələri uzun əsrlərdən bəri qorunub saxlanmış, daha da inkişaf etdirilmişdir. Onlardan biri də qadınlar üçün hazırlanmış kəlağayılardır.

Kəlağayı - ipək sapdan toxunmuş dördkünc formalı qadın baş örtüyüdür. Azərbaycanın qərb zonasında buna çarqatda deyilir. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksəkkeyfiyyətli kəlağayılar hazırlanırdı. Mənbələrin məlumatına görə hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu.

Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilirdi. Bu və ya digər şərbaflıq mərkəzinin kəlağayıları yeləndəki ornamentlərinə görə bir-birindən seçilirdi.

Yaşlı və qoca qadınlar kəlağayını çalma ,yaxud dingə bağlayır, cavan qadınlar və qızlar isə örpək kimi istifadə edirdilər. Qadınlar yas mərasimində qara, toy mərasimində isə əlvan naxışlı kəlağayılar örtərdilər. Bu ənənə bu gün də davam edir.

Yaxın Şərq və Qafqaz xalqları arasında geniş yayılmış kəlağayılar ölçü və rəng cəhətdən müxtəlif olur. Adətən yaşlı qadınlar tünd, geniş ölçülü, gənc qadınlar isə ağ və əlvan rəngli kiçik ölçülü kəlağayılar örtürlər.

Basma naxış üsulu ilə naxışlanan Şərq motivli haşiyəli kəlağayılar ölkəmizin sərhədlərindən kənarda belə şöhrət qazanmışdır. Şəki və Basqal kəlağayıları sırasında Şah buta, Saya buta , Xırda buta çeşnilərindən daha çox istifadə olunmuşdur . Heyratı, Soğanı, İstiotu , Albuxarı, Abi, Yeləni adlı əlvan kəlağayılar böyük şöhrət qazanmışdır. Bu ipək məhsulları yerli sakinlərin, qonaqların və turistlərin zövqünü oxşamış, bu sənət nümunələri sərgilərdə, yarmarkalarda nümayiş etdirilmişdir.

Hazırda ölkəmizdə kəlağayı toxuculuğu işini davam etdirən sülalələr çoxdur. Şəki şəhərində Şamilovlar nəsli bu sənətin mahir ustası sayılır. Mərhum Şövkətziya Şamilovun törəmələri indi bu sənəti uğurla davam etdirirlər. Onun oğlu Əmiraslan, nəvəsi Rəşadın xüsusi zövqlə toxuduqları kəlağayılar hamı tərəfindən bəyənilir.

Azərbaycanda milli dəyərlərimizi yaşadan zərif kəlağayı örtən qadınlarımız çoxdur. Onlar bu örtüklərdə daha cazibəli, daha füsunkar görünürlər.

Yeri gəlmişkən qeyd edək ki, kəlağayı istehsalında müxtəlif rəng cövhərlərindən istifadə olunur, müxtəlif bitki növlərindən-sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və başqa bitkilərdən boyaqlar hazırlanır.

Bəli, el sənətinin zərif, rahat, qadınlara gözəllik gətirən, ismət simvolu, cah-calal əlbəsəsi sayılan kəlağayılar gəlin gedən qızlar üçün ən yaxşı hədiyyə ola bilər.

 

 

Canalı MİRZƏLİYEV

 

Mədəniyyət.- 2009.- 18 fevral.- S. 14.