Mesopotamiyadan daha qədim mədəniyyət ocağı...

 

Qobustan - açıq səma altında muzey

 

Azərbaycanı şöhrətləndirən təkcə onun təbii sərvətləri - nefti, qazı deyildir. Bu ölkə dünyada həm də özünün milli-mənəvi dəyərləri - maddi-mədəni sərvətləri, nadir abidələri, ulu tarixi ilə tanınır. İzləri bəşər cəmiyyətinin ilkin dövrlərinə - ibtidai icma quruluşuna gedib çıxan, insanlığın özü qədər qədim olan, neçə-neçə minilliklərin sirrini daş yaddaşında qoruyaraq zəmanəmizə qədər yaşadan belə unikal abidələrdən biri də Qobustan qayalarıdır. Qobustan Dövlət Tarixi Bədii Qoruğu 2007-ci ildə YUNESKO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmişdir. Bu işdə YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi xidməti olmuşdur.

Qobustan Azərbaycanın paytaxtı Bakıdan 54 kilometr cənubda, Böyük Qafqaz dağlarının Xəzər dənizinə qovuşan daşlı-kəsəkli ətəklərində yerləşir . Sahəsi 4000 hektardan artıq olan bu qoruğun əsas eksponatları Böyükdaş, Kiçikdaş və Çınqırdağ adlanan ərazilərdəki 4400-ə yaxın qayaüstü rəsmlər - petroqliflərdir. Qoruq ərazisində alimlər tərəfindən 6000-dən artıq qayaüstü təsvir, 20 mağara və yaşayış yeri, 40 kurqan aşkar edilmiş və öyrənilmişdir.

Təqribən 15000 il əvvələ - Yuxarı paleolit dövrünə aid edilən Qobustan qayaüstü rəsmləri dünyada bu tipli abidələr arasında ən zənginidir. 1981-ci ildə Qobustana gələnə qədər, bu qədim yaşayış məskəninə şübhə ilə yanaşan norveçli alim və məşhur səyyah - Tur Heyerdal qayalar üzərindəki Günəş təsvirli gəmiləri görərkən son dərəcə heyrətlənərək belə deyib: "Qobustan kökləri çox qədimlərə gedib çıxan və hətta Mesopotamiyadan daha qədim, dürüst tarixi indiyə qədər məlum olmayan mədəniyyət ocağıdır.

 

Yetmiş il əvvəlin tapıntısı

 

Bəşəriyyətin ilkin dövrlərini, xüsusən Son Paleolit dövrünü öyrənmək baxımından son dərəcə qiymətli və əvəzsiz abidə olan Qobustanın elmi surətdə araşdırılması 70 il bundan əvvəl-1939-cu ildə, bu ərazidə elmi tədqiqat işlərinə başlayan tarixçi-arxeoloq, Azərbaycanın qədim dövr tarixinin araşdırıcısı İshaq Cəfərzadənin adı ilə bağlıdır.

Sonralar Qobustanın öyrənilməsində İshaq Cəfərzadə ilə yanaşı, digər tarixçi-alimlərin də böyük əməyi olmuşdur. Həyatlarının 35 ilini sərt Qobustan qayalıqlarının arasında keçirmiş arxeoloqlar - Cəfərqulu Rüstəmov və onun həyat yoldaşı alim Firuzə xanım Muradova da qobustanşünaslığa misilsiz töhfələr vermişlər. Bu iki tarixçi Qobustanda qədim insanlara məxsus 20 qayaüstı məskəni tədqiq etmiş. 40-a yaxın kurqanda genişmiqyaslı arxeoloji qazıntı işləri aparmış, üzərində təsvirlər olan 300 yeni qaya və daş aşkar etmişlər. Buradakı hər qaya parçasını, hər yazını və işarəni illərlə tədqiq edən bu elm fədailərinin araşdırmalarının nəticələri dünyanın tarixçi-alimlərinin də diqqətini cəlb etmiş, onları Azərbaycana gəlməyə, yerli alimlərlə birgə qlobal əhəmiyyət daşıyan tarixi araşdırmalar aparmağa ruhlandırmışdır.

Dünyaşöhrətli Tur Heyerdal Qobustanın tədqiqində, bu unikal tarixi abidənin müasir Avropa xalqlarının həyatındakı yeri və rolu haqqında olduqca orijinal və maraqlı mülahizələr irəli sürmüş, bu haqda dəyərli, qlobal elmi sanbalı olan məqalələr və kitablar nəşr etdirmişdir.

İstər azərbaycanlı alimlər, istərsə də xarici tədqiqatçılar Qobustanın qayaüstü rəsmləri barədə yazdıqları əsərlərində belə bir yekdil nəticəyə gəlmişlər ki, Qobustan petroqliflərinin ən qədim hissəsi bəşəriyyətin inkişafının ilkin çağlarında yaranmışdır. Bu rəsmlər öz sadəliyinə və primitivliyinə baxmayaraq, ibtidai insanın özünüifadə formasının ən nikbin təzahürü kimi olduqca qiymətlidir. Bu petroqliflər həm də informativ həyat mənzərəsidir. Qeyd etmək lazımdır ki, Qobustan qayaları təkcə qədim insan məskəni kimi deyil, həm də Azərbaycanın və Azərbaycan xalqının ən qədim dövrlərə aid tarixini öyrənmək baxımından da qiymətli və zəngin tarixi mənbədir. Bu qayalarda regionun təqribən 15000 illik həyatını, tariximizin indiyədək qaranlıq qalmış, az tədqiq olunmuş qatlarını öyrənmək baxımından da olduqca qiymətli məlumatlar vardır. Bu məlumatlar antik tarixdən başlayaraq Yuxarı Paleolit dövrünü və orta əsrlərə qədərki böyük bir zaman kəsiyini əhatə edir.

İkinci Cahan savaşı ərəfəsində -1939-cu ildə aşkarlanan Qobustan qayaüstü rəsmlərinin fundamental elmi tədqiqi 1945-ci ildən sonra daha geniş və intensiv xarakter almış, tarixçilərin bu sahədə araşdırmaları yeni-yeni maraqlı tarixi faktları üzə çıxarmışdır. Tədqiqatçı-alimlər Qobustan petroqliflərinin sirlərini açmaq üçün tarixin dərin qatlarına, bəşər cəmiyyətinin ilkin çağlarındakı dövrlərə baş vurduqca heyrətamiz nəticələr əldə etmiş, bu ərazinin dünyada ən qədim insan məskənlərindən biri olması faktı tamamilə və birmənalı şəkildə öz təsdiqini tapmışdır.

 

Qobustanşünaslıq - qədim tariximizin yeni səhifəsi

 

Tur Heyerdalın qənaətinə görə, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmişlər. Alimin Qobustanşünaslıq sahəsində yeni və olduqca orijinal olan bu mülahizəsi çağdaş Azərbaycan xalqı ilə Skandinaviya xalqları arasında etnik, bioloji, antropoloji, tarixi, mədəni əlaqələrin mövcud olmasından xəbər verir.

Öz fikirlərini konkret faktlar, elmi-tarixi, maddi dəlillər əsasında isbatlayan alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.

1981-1994-cu illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Tur Heyerdal Xəzər sahillərini (sonralar su yolları vasitəsilə şimala və cənuba doğru yayılan) böyük bir sivilizasiyanın beşiyi hesab etmişdir. Heyerdal öz ehtimallarını təkcə Qobustandakı qamış qayıq təsvirlərinin əsrlərlə sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş apaloqları ilə üst-üstə düşməsi ilə deyil, həmçinin orta əsrlərdə yazılmış saqalarda (norman dastanlarında) xatırlanması ilə sübuta yetirə bilmişdir. Qobustan qayaüstü rəsmlərinə aid olan qayıq və üzərindəki Günəş təsvirləri qədim Azərbaycanın insan məskənləri ilə mədəni irsə aid olan oxşar təsvirlərlə əks olunan Mesopotamiyanın Şumer-Akkad sivilizasiyaları arasındakı əlaqələrin əyani sübutudur.

Dünya tarixçilərinin ümumi rəyinə görə Qobustanın qayaüstü rəsmləri ibtidai insanların real gerçəkliyə və obyektiv aləmə münasibətini, həyat tərzini, məişətini, mədəniyyətini, ibtidai inanclarını öyrənmək baxımından da maraqlıdır. Hazırda Qobustanda 6000-dən çox petroqlif, yəni daş üzərində rəsm vardır. Bu rəsmlərdə heyvan və balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif rəmzlər, o cümlədən Günəşi əks edən solyar rəmzlər, bürclər, digər fəza cismləri diqqəti cəlb edir. Qayaüstü rəsmlıərdəki kişi və qadın təsvirləri də elmi cəhətdən maraq doğurur. Maraqlıdır ki, Qobustandakı bəzi qaya parçaları öz fiziki tərkibi və geoloji xüsusiyyətlərinə görə digər dünya daşlarından fərqlənir. Məsələn, buradakı böyük qaya parçalarından biri Qavaldaş adlanır. Onun səthinə zərblə vurulduqda, qaval, dəf, nağara, təbil kimi səslənir. Elə yerli əhali də onu məhz bu xüsusiyyətinə görə Qavaldaş adlandırıb.

Qobustandakı qayaüstü yazıların digər bir xüsusiyyəti də bu yazıların Azərbaycanın digər qədim guşəsi olan Naxçıvandakı Gəmiqaya yazıları ilə oxşarlıq kəsb etməsidir. Bu mülahizə Qobustanınm qayaüstü petroqliflərini tədqiq edən filoloq-alim Əjdər Fərzəliyə məxsusdur. Onun qənaətinə görə Gəmiqaya-Qobustan əlifbası mənşəcə eyni struktura malikdir. Bu işarələrə Azərbaycanın digər ərazilərindəki tarixi abidələr üzərində də rast gəlindiyini bildirən filoloq-alim qədim Azərbaycan əlifbasının eramızdan əvvəlki minilliklərdən başlayaraq, eramızın I minilliyinin VIII - IX əsrlərinə qədər işlənildiyini iddia edir.

Maraqlıdır ki, Qobustandakı qayaüstü yazıların sırasında tarixin digər dövrlərinə - qədim Roma qoşunlarının Azərbaycan ərazilərinə gəldiyini sübut edən dövrlərə aid məlumatlar da var. Məsələn, Roma senturionları buradan yürüş zamanı ötərkən latın dilində yazılmış qayaüstü yazı miladi I əsrdə Roma legionerlərinin bu yerlərə gəldiyini təsdiq edir. Tarixin daşdan keçən bu daş sənədində Roma imperatoru Domitsian Sezar Avqust Germanikin adı həkk olunmuşdur..

 

Dünyanın ən qədim təqvimi...

 

Qobustanın qayaüstü rəsmləri müasir astronomiya baxımından da maraqlıdır. Bəzi tədqiqatçıların qənaətinə görə, qaya daşları üzərindəki qayıq rəsmlərində burun hissəsindəki Günəş təsvirləri qədim insanların gecə və gündüz, yəni Günəşin çıxması və batması kimi astronomik təbii hadisərlə bağlı mifoloji təsəvvürlərdən doğmuşdur. Qədim insanlar üçün təbiətin bu maraqlı və möhtəşəm hadisəsi həqiqi möcüzə olmuşdur. Faktlar göstərir ki, qədim insanlar minillərin təcrübəsi ilə Günəşin səmada illik hərəkətini müşahidə etmiş, onun üfüqdə batma və qalxma nöqtələrinin dövri olaraq şimala və cənuba sürüşməsini izləmiş, ilin mövsümlərini-fəsilləri təyin etməyi öyrənmişlər. Bu mənada Qobustanda maraq kəsb edən arxeoloji obyektlərin araşdırılmasına ehtiyac vardır.

Astronom A.Rüstəmovun qənaətinə görə, qədim insanlar Qobustandakı bu qayadan demək olar ki, Günəş rəsədxanası, yaxud Günəş saatı kimi istifadə etmişlər. Digər maraqlı fakt isə odur ki, 1 nömrəli qaya taxçası tavanının kölgəsi səhərlər Günəş qalxarkən bir anlığa səmavi qayığın rəsmi ilə üst-üstə düşür. Mülahizələrə görə, ilin uzunluğunu hesablamağı öyrənmiş qədim insanlar saat, sutka, ay və mövsümi rüblərlə bağlı təsəvvürə də malik olmuşlar. Qədim qobustanlılar ili, hər biri 40 gündən ibarət olan 9 aya bölürlərmiş. Bunun bariz nümunəsini qayaüstü rəsmlərdə açıq-aydın görmək mümkündür. Bu yuxarı Neolit dövrünün ən böyük kəşflərindən olub bəşər cəmiyyətinin inkişafında xüsusi əhəmiyyət kəsb etmişdir. Maraqlıdır ki, 40 gündən ibarət vaxt vahidindən ilin qış mövsümündə çillə adıyla istifadə olunması günümüzədək gəlib çıxmışdır.

Astronom A.Rüstəmov qayaüstü rəsmləri tədqiq edərkən həmçinin müəyyənləşdirib ki, Qobustan qayalarında işıq-kölgə prinsipi ilə işləyən Qnomon təqvimi dünyada bənzəri olmayan ən mükəmməl təqvimlərdən biridir.

 

 

Cəlal Tağıyev

 

Mədəniyyət.- 2009.- 18 fevral.- S.11.