Altıağac turizm məkanına çevrilir

 

Paşa Məmmədov: Milli parkda turistlərin qalması üçün xüsusi evlər tikiləcək

 

Azərbaycanın regionlarında turizm sahəsinin inkişaf etdirilməsi, bölgələrimizin potensialının bu sahəyə yönləndirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən biri də qoruqların və parkların yaradılmasıdır. 2004-cü ilin avqust ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Xızı və Siyəzən rayonlarının inzibati ərazilərində yaradılan Altıağac Milli Parkı eyni zamanda Böyük Qafqazın cənub-şərq yamaclarının təbii landşaftlarının, flora və fauna növlərinin qorunub saxlanılması, bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi, eləcə də əhalinin ekoloji cəhətdən maarifləndirilməsi üçün olduqca əhəmiyyətlidir. Park 2006-cı ildən fəaliyyətə başlayıb. Milli parkın direktoru Paşa Məmmədov qəzetimizə müsahibəsində park haqqında geniş məlumat verməklə bərabər, orada turistlərin qalması və ölkəmiz barədə onların daha geniş bilgilərə malik olması üçün görülən işlərdən danışdı:

- Əvvəlcə onu qeyd edim ki, Altıağac Milli Parkı 1990-cı ildə yaradılmış Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan Dövlət meşə fondu torpaqlarının bazasında formalaşdırılıb. 11035 hektar meşə örtüyündən ibarət olan parkın ərazisindən Ataçay və onun bir sıra kiçik qolları keçir. Ataçay öz başlanğıcını Dübrar dağının 1870 metr hündürlüyündən ğötürərək, Xəzər dənizinə tökülür.

Onu da bildirim ki, Altıağac Milli Parkı 5 hissədən ibarətdir. Bunlardan 3-ü qorunur, bu ərazilərə giriş icazəlidir. Çünki burada nadir bitki və heyvanat aləmi var və onların istifadəsi qadağandır. 2-nə isə sərbəst daxil olmaq mümkündür.

- Parkın ərazisində nadir bitki və heyvanat aləmi olduğunu dediniz. Milli parkda hansı nəsli kəsilməkdə olan və qorunan bitki və heyvan növləri var?

- Parkın ərazisində hazırda 20-yə yaxın nadir ağac, 14-dən artıq isə qorunan heyvan növü var. Bunlardan bəzilərinin kökü, demək olar ki, kəsilmək üzrədir. Parkın ərazisinin çox hissəsini meşələr əhatə edir. Buradakı meşələri əmələ gətirən əsas ağac növləri Qafqaz palıdı, Qafqaz vələsi, Şərq fıstığı, adi göyrüş, itiyarpaqlı ağcaqayındır. Ərazidə yemişan, böyürtkən, əzgil, qaratikan, itburnu kimi kol bitkiləri üstünlük təşkil edir.

Heyvanat aləminə gəldikdə isə, Altıağac Milli Parkının ərazisində məməlilərdən cüyür, qonur ayı, çöl donuzu, vaşaq, yenot, dovşan, tülkü, dələ, canavar quşlardan qırqovul, alabaxta, bildirçin, çobanaldadan, çöl qartalı, kəklik, qaratoyuq və b. növlərə rast gəlinir. Burada adları Azərbaycanın Qırmızı Kitabına daxil edilmiş qartalkimilərin müxtəlif növləri diqqəti daha çox cəlb edir.

- Maraqlıdır, nəsli kəsilməkdə olan bitki və heyvan növlərinin artırılması üçün hansısa tədbirlər görürsünüzmü? Axı təkcə qorumaqla onların məhv olmasının qarşısını almaq mümkün deyil...

- Biz bunun üçün bir sıra işlər görürük. Altıağac Milli Parkının nəzdində Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası fəaliyyət göstərir. Burada əhalidən alınmış bəzi heyvan və quş balalarını böyüdüb meşəyə buraxırıq. Ötən il 7 qartal, 1 canavar, avqust ayının axırlarında 1 qu quşu, tülkü və çaqqalı böyüdərək parka buraxmışıq. Hazırda isə Reabilitasiya Mərkəzində 2 aylıq ayı balası bəslənilir, irilənəndən sonra onu da meşəyə buraxacağıq.

- Bunları özünüz həyata keçirirsiniz, yoxsa ətraf kəndlərin sakinləri kömək edir? Ümumiyyətlə, nadir heyvan və bitki növləri haqqında əhalini məlumatlandırmaq üçün nə edirsiniz?

- Milli parkda 40-a yaxın əməkdaş çalışır. Ötən ilin noyabrında Azərbaycan Turizm İnstitutunun əməkdaşları ilə Altıağac Milli Parkının nəzdində seminarlar təşkil etdik. Seminarların əsas məqsədi parkın əməkdaşlarını və ətrafdakı kəndlərin sakinlərini milli park və buradakı nadir heyvan və bitki növləri haqqında məlumatlandırmaq idi. Orta məktəblərin müəllim və şagirdlərinə müxtəlif mövzularda seminarlar keçdik. Belə seminarları davamlı olaraq təşkil etmək niyyətindəyik.

- Paşa müəllim, milli parkın ərazisində turistlərin qalması üçün hansısa bir şərait varmı?

- Bugünlərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qərar verildi ki, Altıağac Milli Parkının nəzdində turistlərin qalıb istirahət etməsi üçün hər cür şəraiti olan xüsusi evlər inşa edilsin. Hazırda isə turistləri qarşılamaq üçün bizim müvafiq şəraitimiz var. Qalmaq üçün isə ancaq yaz, yay, payız mövsümündə istifadə edilə biləcək çadır-palatkalar, yataq dəstləri təklif edirik. Bundan əlavə, qonaqlarımıza gəzinti üçün atlar, velosipedlər veririk. Eyni zamanda 4 cür marşrutumuz və onları müşayiət edə biləcək bələdçilərimiz var. Qiymətlərimiz də müvafiqdir.

- İstirahət üçün buranı seçən turistlər çoxmu olur?

- Ötən il xeyli sayda turist gəlmişdi. Əsasən də xarici turistlər. Yerli qonaqlarımız da olur. Amma bu il hələ ki mövsüm başlamadığından gələnlər elə də çox deyil. Bizə əsasən yay aylarında daha çox gələnlər olur. Qışda isə gələn də azdır.

- Turizm şirkətləri ilə əlaqələriniz hansı səviyyədədir? Onların Altıağaca turist gətirmək marağı varmı?

- Bununla bağlı heç bir turist şirkəti bizə müraciət etməyib. Bu işdə bizə Altıağac Milli Parkının direktor müavini Susann Görnert və Azərbaycan Turizm İnstitutunun Tədqiqat və inkişaf şöbəsinin aparıcı məsləhətçisi, ekologiya üzrə xarici ekspert Gila Altmann köməklik göstərir.

- Məlumdur ki, turistləri gəzdirmək, Altıağac haqqında məlumatlandırmaq üçün hərtərəfli bilgiyə malik bələdçilər lazımdır. Bu problemin öhdəsindən necə gəlirsiniz?
   - Bələdçilərimizi əsasən yerli əhalinin arasından seçib götürmüşük. Hazırda 14 nəfər bələdçimiz var.

- Bəs dil məsələsini necə həll edirsiniz? Axı xarici turistlərlə ünsiyyət üçün bələdçilər ən azı ingilis dilini normal bilməlidir?

- İngilis dilini bilən bələdçimiz yoxdur. Amma rus dilini yaxşı bilirlər. Tərcüməçilər vasitəsilə qonaqlarımızı yola verməyə çalışırıq.

 

 

Fəxriyyə Abdullayeva

 

Mədəniyyət.- 2009.- 20 fevral.- S. 9.