Bakı Abşeronda İslam mədəniyyəti abidələri: məscidlər

 

İslam memarlığının ən dayanıqlı və inkişaf etmiş memarlıq nümunələrindən biri məscidlərdir. Tarixi mənbələrdə böyük Səlcuq sultanlarının məscidlərin tikintisinə xüsusi maraq göstərdikləri, bunun üçün çoxlu vəsait ayırdıqları bildirilir. İslam ölkələrində məscidlər təkcə ibadət üçün nəzərdə tutulmurdu, eyni zamanda onun içərisində keçirilən tədbirlər insanlar arasında ünsiyyəti gücləndirmək məqsədi daşıyırdı. XI-XIII əsrlərdə Azərbaycan ərazisində çoxsaylı kənd və məhəllə məscidləri, böyük camelər tikilmişdir ki, bunlar da öz memarlıq dəyərini bu gün də qoruyub saxlayır. Memarlıq - planlaşma həllinə görə İslam memarlığının dəyərli abidələrindən hesab olunan Bakı və Abşeron məscidlərinin bir neçəsinin xüsusiyyətini açıqlayaq.

XI-XII əsr dini tikililər içərisində Sınıq qala adı ilə tanınan Məhəmməd məscidini qeyd etmək olar. 1723-cü ildə I Pyotrun Xəzərsahili boyu işğalı zamanı Bakı atəşə tutulduqda məscidin minarəsi zədələndiyindən el arasında ona Sınıq qala adı verilib. Abidənin ilkin adı bəlli deyil. Lakin mütəxəssislərin fikrincə, onun sifarişçisi ustad rəis Məhəmməd Əbubəkir oğlu olduğundan, məscidi Məhəmməd məscidi adlandırmışlar. Sınaq qala Bakının salamat qalmış ən əski məscidi olub, İçərişəhər ərazisində yerləşir. Relyefdən bacarıqla istifadə edildiyindən memar gözəl kompozisiyaya malik ikimərtəbəli, təkminarəli məscid binası yaratmışdır.

Dördbucaq plana malik məscidin altı qatı tağbənd örtüklü olub, güneyə baxan bir qapısı və iki kiçik pəncərəsi vardı. Sahəsi 40 kv.m olan üst qatında ibadət salonu yerləşir. Şirvan memarlıq məktəbinə xas olan - binanın içərisi ilə bayır tutumu arasında uyğunluğun olması prinsipi Məhəmməd məscidinə də aid idi. Memarlıq kütlələrinin məntiqli və sərbəst düzülüşü, hörgü işinin yarıyonulmuş daşlardan aparılması, məsciddə zəngin işıq-kölgə effekti binanın dinamik məkan quruluşuna xüsusi ifadə verir. Məscidin minarəsi silindr şəklində olub, yuxarıya getdikcə daralır. Mütəxəssislərin fikrincə, tutduğu mövqeyə görə bu minarədən müşahidə məntəqəsi kimi istifadə edilmişdilər. Minarənin yuxarı hissəsini əhatə edən iri stalaktitlər burada təkcə bəzək elementi rolunu oynamır, eyni zamanda konstruktiv xarakter daşıyaraq daş eyvanı saxlayır. Eyvanaltı daşların üzərində gözəl həndəsi ornamentlər yonulmuşdur. Minarənin XI əsrdə tikildiyi ehtimal olunur.

Şəhərin XIV əsr memarlığını özündə əks etdirən dini abidələrdən Bakı Cümə məscidi xüsusi yer tutur. Dövrünün xarakterik tikinti xüsusiyyətlərini özündə əks etdirən bu abidənin maraqlı memarlıq quruluşu vardır. Məscidin başlıca xarakterik cəhəti onun mərkəzi boşluğunun çadırvari günbəzlə örtülməsi və şirli lövhələrlə üzlənməsidir. Kişilər üçün nəzərdə tutulmuş kvadratşəkilli ibadət zalı xüsusilə fərqlənir. Zala bir neçə otaq və içərisində dini mərasimlər zamanı dəstəmaz almaq üçün hovuzu olan kiçik həyət birləşir. Eyni zamanda bura binanın şimal və qərb hissələrindən qadınlar üçün otaq birləşir. XV əsrə aid olan çox yaxşı qalmış məscidin minarəsi Şirvan minarələrinin ən yaxşılarından biri hesab olunur. Tağbəndin yuxarı qalxan hissəsi qabırğalı səthə malik günbəzlə tamamlanır. Minarənin içində dar pəncərələrlə zəif işıqlandırılan kəskin dolama pilləkən sarılır. Eyvana kiçik oxvari açırım açılır. Bu məscidin minarəsi Sınıq qala minarəsinin kompozisiyasını bir növ təkrarlasa da, Cümə məscidinin minarəsi daha da təkmilləşmişdir. Bu da memarlıq peşəkarlığının yüksəlişindən xəbər verir.

İçərişəhərdə yerləşən Aşur məscidi el arasında Ləzgi məscidi adı ilə tanınır. Üzərində olan kitabədən məscidin hicri tarixi ilə 567-ci ildə (1169-cu il) ustad Aşur İbrahim oğlu tərəfindən tikildiyi qeyd olunur. Kənardan baxanda Aşur məscidi sadə prizma formasındadır. Abidənin tağbəndlə örtülü olan zirzəmisi uzunsov formada olub, yarımdairəvi tağlı iki gözlə bayıra yönəlir. Tağbəndlə örtülmüş, sahəsi 55 kv.m olan ibadət salonundakı iki mehrabın zəngin dekor həlli var. Üst qatın sonradan tikilməsinə baxmayaraq, alt qatın əvvəldən müxtəlif ölçülü daşlardan tikildiyi görünür. Baş fasad sadə karnizlə tamamlanır. Baş fasadın üzərinə qoyulan kiçik daşın taxçasının içərisində kufi xətti ilə Allah kəlməsi yonulub.Öz memarlıq üslubu ilə seçilən Aşur məscidi İçərişəhərin relyefinə uyğun həll edilib.

XV əsr dini tikililəri içərisində dövrünün memarlıq üslubu xüsusiyyətləri ilə diqqəti çəkən bir neçə abidələr içərisində Mərdəkan kəndindəki yerləşən Tübaşahi məscidini xüsusi qeyd etmək olar. Məscidin həcmi-fəza kompozisiyası çox sadədir. Məntiqli şəkildə bir-biri ilə bağlı olan memarlıq həcmlərinin uyğunluğu, daxili həcmlərin fasad hissələri ilə üzvü bağlılığı onun simasına bədii ifadəlik verir. İbadət zalının xarici divarının hamar fonunda oxvari taxça ilə tünd kölgələndirilmiş giriş baştağı görünür. Baştağ öz quruluşuna və bər-bəzəyinə görə saray məscidinin baştağı ilə oxşardır. Bundan əlavə, digər detallar -medalyonlar, stalaktitlər onu digər abidələrə yaxınlaşdırır. Məscidin daxili məkanının təşkili saray məscidinin və şirvanşahlar türbəsinin planına yaxındır. Kvadratvari künclərdə ibadət zalı ilə tağlı açırımlar vasitəsilə birləşən dörd xırda otaqlar yerləşir. Zalın mərkəzi kvadrat zirvəsi yüngülcə sivri sferik günbəzlə örtülmüşdür. Məscidin bir qədər uzunsov formalı şimal otaqları da oxvari tağbəndlə örtülmüşdür. Tikilinin cənub hissəsindəki kvadratplanlı otaqlardan qərbdə yerləşənləri səkkizbucaqlı günbəzlə, şərqdə yerləşənləri isə ulduzvari örtüklə örtülmüşdür. Girişin üstündəki kitabədə onun inşasının hicri tarixi ilə 886-cı ildə (1481-1482-ci il) aparıldığı və sifarişçisi Tübaşahın adı qeyd olunur.

Nardaran kəndindəki Hacı Baxış məscidi XVII əsr Abşeronun ən səciyyəvi tikililərindən biridir. Abidənin üzərində olan kitabədə onun 1662-1663-cü illərdə ustad-memar Muradəli tərəfindən tikildiyi qeyd olunur. Plana əsasən məscid iki hissədən:ortada dörd sütunlu kvadratşəkilli ibadət zalı və ona bitişik olan taxçalı baştağ girişli otaqdan ibarətdir. İbadət zalı günbəz örtüklə örtülmüşdür. Memarlıq həllinə görə məscid Abşeronun digər məscidlərindən fərqlənir. Günbəzin dayaqları nazik sütunlar şəklində həll edilib. Görünür, usta sütunları aralarından atılmış tağlarla əlaqələndirib və mərkəzi günbəzi tağbəndlə dövrələməklə etibarlı konstruksiya yaratmağa cəhd göstərib. Məscidin divarları yaxşı hamarlanmış yerli əhəngdaşı ilə üzlənmişdir.

XIII-XIV əsrdə Bakı və Abşeronun bəzi iri kəndlərində Xıdır məscidi (1301-ci il), Mirzə Əhməd məscidi (1345-ci il), Gilək məscidi (XIV əsr), Çin məscidi (XIV əsr) və b. kimi məhəllə məscidləri də tikilmişdir.Onların çox az hissəsi öz əvvəlki görkəmini qoruyub saxlamışdır. Bu məscidlərin çox da böyük olmayan prizmavari həcmləri adətən oxvari tağbəndlə örtülmüş geniş bir ibadət zalından ibarətdir. Xarici fasadı və interyeri yaxşı tərtib olunmuşdur. Onların bəzək elementləri giriş və pəncərə açırımlarının sadə şəkildə haşiyə, seyrək yerləşdirilmiş ornamentli medalyonlardan təşkil edilmişdir. Onların interyerlərini yalnız səliqəli şəkildə işlənilmiş və detallarla aydın çəkilmiş kiçik mehrablar bəzəyir.

Tarixin sonrakı dönəmlərində Bakıda və Abşeronda müxtəlif quruluşlu məscidlər inşa edilmişdir. Bu məscidlərin bəzisi son illər Azərbaycan hökumətinin yaxından qayğısı ilə təmir, bərpa edilərək Allaha tapınan insanları, cəmi müsəlmanları Tanrı dərgahına yaxınlaşdıran ən müqəddəs məkan olaraq qalmaqdadır.

 

 

Məlahət Nəcəfova,

Azərbaycan Memarlıq

və İnşaat Universitetinin

müəllimi

 

Mədəniyyət.- 2009.- 25 fevral.- S. 14.