Bağ əhvalatı

 

Gəncədə dəfələrlə olsam da, şəhəri gözü dolusu gəzmək imkanım olmamışdı. Bu dəfə isə ənənə pozuldu. Bir tərəfdən şəhərlə tanışlığıma sevindim, digər tərəfdən isə...Təsəvvür edin, bu şəhərin küçələrində hətta siqaret kötüyünün atılmaması kimi təmizliyin elə nümunəsi ilə qarşılaşırsan ki, sevinməyə bilmirsən. Bax, onda zibilqabılarından zibili daşıb küçələrinə səpələnən Bakının xiffətini çəkməyəsən, neyləyəsən. Mətləbdən yayınmayaq, burası Gəncə. Küçələrdə təmizlik, zibilqabıları tez-tez təmizlənir, parklarda səliqə-sahman. Ən başlıcası, burda yaşayan hər bir kəs bu mədəni göstəricinin təminatçısıdır. Sənin burada hansısa zibili yerə atmağın kəskin narazılıqla qarşılana bilər. Səhər tezdən Gəncənin məşhur Xan bağını gəzməyə çıxanda burada təmizliklə məşğul olan şəxs təsadüfi müsahibimə çevrildi. Mənim parkın təmizliklə məşğul olan işçisi zənn etdiyim şəxs, sən demə, elə buranın direktoru imiş. Bax, burada Gəncənin təmizliyinin bir sirri məlum oldu- vəzifəsindən asılı olmayaraq, təmizliklə məşğul olmağı hər kəs vətəndaş borcu sayır. Müsahibim 3 ildir ki, Xan bağının direktoru təyin olunmuş Məzahir Həsənov məmnuniyyətlə bağla tanışlığımızın bələdçisinə çevrilir.

 

Xanların saldığı bağ

 

Onu işdən ayırdıq. Bağda Nigar Rəfibəylinin heykəlini onun ətrafını təmizləyən parkın direktoru əvvəlcə bu bağın salınma tarixindən məlumat verdi. Gəncəli Ziyad xan tərəfindən salınan bağ sonradan, 1804-cü ildən Gəncə hökmdarı Cavad xanın adına "Xan bağı" adlanıb. 1840-1847-ci illərdə isə ona "Sərdar bağı" deyilib. 1932-ci ildə bu yeri xanın-sərdarın acığına Lenin parkı adlandırıblar. Ölkəmiz müstəqilliyini elan etdikdən sonra isə bağın dəbdəbəli Xan adı özünə qaytarılıb. Xan bağında ilk ağac 1700-ci ildə əkilib. 1860- ilədək yalnız meyvə ağaclarının olduğu bu bağda sonradan dekorativ ağac, kol bitkilər əkilib Hazırda bağda müxtəlif qitələrdə bitən ağac dekorativ bitkilər var. Xan bağı öz fauna flora örtüyü ilə Gəncəyə gələnlərin diqqətini çəkən məkandır, həmçinin gəncəlilərin sevimli istirahət yeridir.

 

Mədəniyyət məkanı

 

Sahəsi ümumilikdə 6 ha olan bağın bir tərəfində açıq səma altında yaşıl teatr yerləşir ki, burada təbiətə üz tutanlar üçün tez-tez mədəni tədbirlər keçirilir. Son tədbir isə gənc nəsil üçün təşkil edilən kitab bayramı olub. Həftənin hər altıncı günü isə teatr musiqiçilərin musiqisevərlərin ixtiyarına verilir. Bakı parklarında olduğu kimi, saysız fotoqrafların müştəri çağırması çığırmasına rast gəlmədik. Amma şəkil çəkdirmək istəsəniz, qədim faytonun yanında lövbər atmış fotoqraf istəyinizə əməl edə bilər. Bağda olan zaman rənglərlə silahlanmış gənc rəssamlar təbiətin qoynunda sənətkarlıq dərsi alır, canlı şəkillər çəkirdilər. Müsahibim deyir ki, bura onların daimi üz tutduqları məkandır. Az qala hər ağacın rəsmini əbədiləşdiriblər, elə buradaca da sərgiləri təşkil olunur. Ağacların təmizliyin oyatdığı xoş hisslərimizə zərifliyin nümunəsi olan ceyranları-cüyürləri seyr etməyi əlavə edirik.

 

Nə gözəl yaraşır bu bağa ceyran

 

Onlar üçün bağın bir hissəsində çəpərlənmiş yer ayrılıb. Bağa gələn hər kəs ceyranların tamaşasına dura hətta onları yemləyə bilər. Xatirə üçün şəkil çəkdirmək mümkündür. Müsahibim deyir ki, bağın bu altı zərif sakinləri onun görkəmini tamamilə dəyişib. Bir növ qoruğu xatırladan Xan bağına gətirilən ceyranlar tez bir zamanda öz yeni ünvanlarına öyrəşib. Kənardan baxarkən adama elə gəlir ki, onlarla bağ arasında bir bağlılıq mövcuddur. Bağın gözəlliyini zənginləşdirən bu ansambldan daha çox zövq alanlar isə bura istirahətə gələnlərdir. Xüsusən yeni sakinlər olan ceyranların başına toplaşanlar çoxdur. Onların yaxınlığında isə iki marala məskən ayrılıb. Marallardan biri Hacıkənd meşəsində ölümcül halda tapılıb mütəxəssislərin məsləhəti ilə Xan bağına gətirilib. İndi, deyəsən, bu maral yeni məskənindən heç narazı deyil. Təbiət gözəl, yem bol, xüsusi qulluqçu...

 

Uşaqların əyləncəsi

 

Daha bir maraq oyadan obyekt isə heyvanların qaldığı ərazinin yaxınlığında çox xırda bir "Venesiyanın olmasıdır. Balaca körpülər, rəngli oturacaqlar, yelləncəklər, hovuzlar, uşaqlar üçün əyləncə mərkəzi...Burada həm müxtəlif növ quşlar saxlanılır. Beləliklə, Xan bağının ərazisində yaradılan bu fauna aləmi çoxlarının xoşuna gəlir, xüsusən balacaların. Parkdan keçən zaman ya quşları, ya da heyvanları yemləyən uşaqların sevincindən zövq almamaq mümkün deyil. Deyəsən, burdakı tovuz quşundan da təkcə uşaqlardan xoşu gəlir. Bayaqdan rəngli quyruğunu onlar üçün geniş açıb, gözəlliyini nümayiş etdirən quş fotoaparatımın ona tuşlandığını görüb elə həmən gözəlliyini gizlədir.

 

Bağa girdim... istirahətə

 

Gəncənin yaşlı sakini Xeyrəddin Məmmədova parkın dünəni və bu günü barədə sual verirəm. Deyir ki, əvvəllər baxımsızlıqdan bağın ağaclarından kəsənlər olub, oturacaqları sındıranlar da. İndi isə bağda belə xoşagəlməz hadisələr olmur. Kim istəyir, gəzişir, kim istəyir əylənir... Deyir ki, onun özünün əyləncəsi burada yaşlı tanışları ilə söhbətləşməkdən şahmat azarını öldürməkdən ibarətdir. Gənc Samir Əliyev buranı dostlarla görüş yeri seçib. Bağın verdiyi istirahət imkanından istifadə edən həmsöhbətim bir gəncəli kimi bura ilə fəxr etdiyini gizlətmir. Bu isə balaca Nərmindir, atası deyir ki, dünəndən onu bura gətirməyimi istəyirdi. Əvvəlcə quşlara baxacaq, sonra isə özü ilə gətirdiyi velosipedlə bağ gəzintisini davam etdirəcək.

 

Xana olan borc

 

Bağda daha çox diqqəti cəlb edən adamın təbiətlə ünsiyyətinə maneəyə çevrilmiş çayxanaların sıralanmamasıdır. Amma burdakı iki çayxananın hər birisində ətirli çaya qonaq olmaq mümkündür. Müsahibimlə - Məzahir müəllimlə əyləşib çayın dadına baxırıq. Elə burdaca o, bağla bağlı bir faktı da nəzərə çatdırır. Bildirir ki, xan dövründə ticarət yolu Gəncədən keçirmiş. Xan isə ticarətçilərdən torpaqbasdı vergisi, indiki dillə desək, gömrük haqqı əvəzinə getdikləri uzaq ölkədən ağaclar gətirməyi istəyirmiş. Gətirilən ağaclardan isə bax, bəhs etdiyim gözəl bağ salınıb.

Müsahibim deyir ki, yerə siqaret kötüyü, kağız parçası atan da olur: Amma bu kütləvi deyil, artıq hamı çalışır ki, təmizliyə riayət etsin. Əks halda, biz zibili yerə atana yanaşıb onu başa salırıq. Məncə, hər kəs bu təmizliyin onlar üçün olduğunu yaxşı anlayır. Məzahir müəllim onu da əlavə edir ki, parkın əvvəlki rəhbəri bağa mümkün qədər can yandırıb onun da borcu bu estafeti davam etdirməkdir. Bu isə bir gəncəli kimi onun bağı salanların ruhuna hörmətidir.

 

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 1 iyul.- S. 8.