Sumqayıt rəssamlarının sərgisi açıldı

 

Bu il ölkənin ikinci ən böyük şəhəri sayılan Sumqayıtın salınmasının 60 ili tamam olur. Şəhərin yubileyi münasibətilə həm Sumqayıtda, həm də ondan kənarda bir çox mədəni tədbirlər keçirilir. Sumqayıtin dünəninin, bu gününün əks olunduğu tədbirlərdə şəhərin mədəni həyatı da diqqətə çatdırılır. Bu sıradan növbəti tədbirə Muzey Mərkəzində start verildi.

 

Dünən mərkəzin Sərgi Qalereyasında Sumqayıt şəhərinin yaranmasının 60 illiyinə həsr olunmuş təsviri və xalq tətbiqi sənət nümunələrindən ibarət “ Xəzərin rəngləri” adlı sərginin açılışı oldu. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil edilən tədbirdə əvvəlcə bu şəhərin dünəni və bu günündən danışıldı. Sonra isə sumqayıtlı sənətkarların əl işlərinə tamaşa edildi.

Sərginin açılışına dəvət olunmuş görkəmli sənət adamlarının, mədəniyyət xadimlərinin qarşısında çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına uyğun olaraq şəhərin yubileyinin qeyd olunması istiqamətində silsilə tədbirlərin keçirildiyini bildirdi. O vurğuladı ki, Sumqayıtın bir şəhər kimi inkişafı H.Əliyevin birbaşa nəzarətində olub. Bu gün də şəhər digər regionlar kimi hər bir sahədə dinamik inkişafdadır. Eləcə də mədəni sferada şəhərin özünəməxsus ənənələri davam etdirilir. V.Əliyev bu sərginin keçirilməsində təşkilatçı olan Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsünün şəhər sakinlərinə töhfə olduğunu vurğulayaraq sərginin işinə uğurlar arzuladı.

Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov Sumqayıtı həm də mədəniyyətimizin şəhəri adlandıraraq bu şəhərdə tanınmış sənət adamlarının yaşamasından, buradakı mədəni həyatdan danışdı. O bildirdi ki, şəhərin inkişaf yolu gözümüzün qarşısındadır. Sumqayıtın incəsənətini əks etdirən bu tədbirdə onun mədəniyyətinin bir hissəsi ilə tanışlığın mümkün olduğunu bildirən F.Qurbanov hər kəsi bu sərginin keçirilməsi münasibətilə təbrik etdi.

Çıxışlardan sonra Sumqayıt sənətkarlarının əsərləri nümayiş etdirilən sərgi salonları sənətsevərlərin ixtiyarına verildi. Ümumilikdə beş sərgi salonunda müxtəlif mövzularda 132 sənət nümunəsi təqdim edilirdi. Sərgidə nümayiş etdirilən şəhərin tanınmış rəssamı Vaqif Nəzirovun “Ey Vətən”, “Əlvida Bakı”, “Karvan”, tətbiqi sənət ustası Habil Salmanovun milli musiqi alətləri, Vidadi Qafarzadənin “Çağırılmış qonaq” tablosu, Xatirə Tapdıqovanın düzəltdiyi suvenirlər və digər rəssamların əsərləri xüsusi marağa səbəb oldu.

 Qeyd edək ki, sərgi 3 gün davam edəcək.

 

 

SABUTAY

 

Mədəniyyət.- 2009.- 1 iyul.- S. 2.