Qobustan tarixin daş səhifələri

 

Qobustan Milli Tarixi-Bədii Qoruğu zəngin qayaüstü təsvirlərə malik olmaqla dünyanın çox az bu tipli abidələri sırasında xüsusi yer tutur. Qeyd edək ki, Qobustan qoruğu beş dağdan- Böyükdaş, Kiçikdaş, Cingirdağ, Şanqardağ, Şıxqayadan ibarətdir. Dağlarda mövcud olan daş dövrünə sonrakı vaxtlara aid 20 mağara - yaşayış yeri, 40 kurqan, 6000-dən artıq qayaüstü təsvirlər keçmişimizin şahidləridir.

 

Ərazidə tapılan insanın ilk əmək alətləri - çaxmaq daşı, vulkan şüşəsi, müxtəlif daş alətlər qoruğun qədim insan məskəni olduğunu sübut etməklə həm də onun arxeoloji landşaftıdır. Elmi məlumatlara görə, Qobustan qayalarında 4000-dən çox petroqlif, yəni daş üzərində rəsm var. Bu rəsmlərdə heyvan balıq ovu, məişət səhnələri, kollektiv rəqslər, müxtəlif, o cümlədən Günəşi əks etdirən rəmzlər, bürclər, digər fəza cisimləri diqqəti cəlb edir. Qayaüstü rəsmlərdəki kişi qadın təsvirləri elmi cəhətdən maraq doğurur. Qobustandakı bəzi qaya parçaları öz keyfiyyətinə görə adi daşlardan çox fərqlənir. Məsələn, burada elə daşlar var ki, üzərinə zərblə vurduqda, əsl qaval səsi çıxarır. Qavaldaş adlı qaya parçasına bu adı elə ona görə veriblər.

 

* * *

 

Abidənin tarixinə gəlincə, bu, alimlərin qarşısında dayanan ən mürəkkəb məsələlərdən biri olub. Amma son illər sübut olunub ki, bu tarixi məkanın qayaüstü rəsmləri, ən qədim abidələri üst paleolit dövrünün sonuna, yəni 35 min il əvvələ aiddir. Bəşəriyyətin ilkin dövrlərini öyrənmək baxımından qlobal mahiyyət kəsb edən Qobustan qayaüstü rəsmləri yalnız XX əsrin əvvəllərində aşkarlanıb. Bu unikal abidə barəsində dünyaya ilk dəfə məlumat verən şəxs tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövrlərinin tədqiqatçısı İshaq Cəfərzadə olub. İkinci Dünya müharibəsi ərəfəsində- 1939-cu ildə Qobustanda tədqiqat aparan alim, o vaxta kimi elm aləminə məlum olmayan qayaüstü rəsmləri- petroqlifləri aşkar edib. Qobustanın tədqiq olunması da elə həmin vaxtdan başlanır. İshaq Cəfərzadə ilə yanaşı digər tarixçi alimlər- arxeoloq Cəfərqulu Rüstəmov onun həyat yoldaşı Firuzə Muradova da həyatlarının 35 ilini Qobustanın öyrənilməsinə həsr ediblər.

 

***

 

Açıq səma altındakı bu muzey həm də pirlərlə zəngindir. Burada qədim insana sığınacaq olmuş mağara-qayalıqlar, həm onun ulu babalarının yad edildiyi mərasimlərin, ayinlər ibadətlərin həyata keçirildiyi ziyarətgahlar var. İndinin özündə yerli adətlərə uyğun olaraq, sədaqət rəmzi kimi toy mərasimləri zamanı qoruğun Böyükdaş dağını ziyarət etmək mütləq xarakter daşıyır. Eləcə insanlar hər hansı arzularının həyata keçməsini diləyib Kiçikdaşda yerləşən Qaraaltı pirindəki kol-kosa rəngarəng parçalar bağlayırlar. Qobustan qayalarından uzaqlaşarkən dağların arasında da pirlərə rast gələ bilərsiniz. Bunların arasında Sofi Həmid piri ağır ziyarətgahlardan hesab edilir. Pirin həyətində dəvə heykəli qoyulub ki, uzun müddət uşağı olmayanlar niyyət edib dəvənin altından keçirlər. Hətta pirdə müqəddəs ağaca gəlincik, beşik, rəngli parçalar, saplar da asırlar.

 

* * *

 

Qobustanın unikal, özünəməxsus landşaftını nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Sovetinin 503 saylı qərarına görə, 1966-cı ildə Qobustanın Böyükdaş, Kiçikdaş, Cingirdağ və Yazılıtəpə əraziləri Qobustan Dövlət Tarixi Bədii Qoruğu elan edilib. Qoruq 2007-ci ildə YUNESKO İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü müraciəti əsasında YUNESKO-nun Mədəni İrs Siyahısına salınıb. Bu, mədəni irsimizin dünyaya tanıdılmasında mühüm addım olub. Təsadüfi deyil ki, elə həmin il iyunun 11- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qobustan Milli Tarixi-Bədii Qoruğu ərazisində yerləşən tarixi mədəni sərvətlərin qorunması haqqında sərəncam imzalayıb.

Sonda onu da qeyd edək ki, Azərbaycanda turizmin inkişafı üçün geniş imkanların yarandığı hazırkı dövrdə Qobustanın Dünya Mədəni İrs Siyahısına salınması bu baxımdan da mühüm əhəmiyyət kəsb edir.

 

 

Mehparə

 

Mədəniyyət.- 2009.- 3 iyul.- S. 16.