Muzey müasirlik

 

Xalqın böyüklüyü onun zəngin mədəniyyəti və həmin mədəniyyəti qoruyub inkişaf etdirmək bacarığı ilə ölçülür. Avesta, Kitabi Dədə Qorqud kimi ruhsal aləmlə bağlı əxlaq kodeksləri, orta əsrlər dövrünün fəlsəfi düşüncəsi, özünəməxsus memarlıq, xalçaçılıq, təsviri və tətbiqi sənət, musiqi və digər bədii yaradıcılıq sahələrinin nümunələri Azərbaycan xalqının dünya mədəniyyət xəzinəsinə bəxş etdiyi incilərdəndir.

 

Müxtəlif tarixi dövrləri adlayan, əfsanəvi İpək Yolunun mərkəzində yerləşən Azərbaycan zəngin yeraltı və yerüstü sərvətlərə, qədim zaman mərhələlərindən, xalqın yaradıcılıq ruhundan qaynaqlanan, maddiləşən, misilsiz estetik dəyər kəsb edən mədəniyyətə malikdir.

Tarixi faktlar sübut edir ki, Azərbaycan ərazisində yaranmış erkən dövlət qurumlarının, iri dövlətlərin mövcud olmasında mədəniyyət faktoru mühüm rol oynamışdır. Bir ərazidə yaşayan müxtəlif soylu tayfalar oxşar mədəni stereotiplər prinsipinə uyğun və etnopsixoloji ünsürlərin kütləviləşməsi nəticəsində birləşərək dövlət yaratmağa nail olmuş, hər biri dövlətin ictimai-siyasi həyatında fəal iştirak edə bilmişdir.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin söylədiyi Öz mədəni irsini qoruyub saxlaya bilməyən xalq nəyə qadir olduğunu heç vaxt sübut edə bilməz kəlamı həqiqəti ifadə etməklə bərabər, xalqımızın yeni-yeni nəsillərini malik olduğumuz misilsiz milli -mədəni sərvətlərimizi qorumağa çağırır.

Qloballaşma, dünya mədəniyyəti məkanına inteqrasiya problemləri mədəniyyət müəssisələrinin, o cümlədən muzeylərin fəaliyyətinin beynəlxalq təcrübədən bəhrələnməsini zəruriləşdirir. Bu zaman muzey işinin ənənəvi fəaliyyət prinsipləri, təbii olaraq yeniləşməli, təkmilləşməlidir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Muzey işini daha da yaxşılaşdırmaq tədbirləri haqqında sərəncamı bu sahədə göstərilən fəaliyyətin optimal perspektivlərini müəyyənləşdirir. Muzey işi sahəsində Mədəniyyət və Turizm Nazirliyinin ardıcıl və səmərəli fəaliyyətini bu mədəniyyət müəssisələrinin funksional həyatının dinamikasına müsbət təsiri öz əksini tapıb.

Muzey fəaliyyətinin müxtəlif cəhətləri istiqamətləri mövcuddur. Bu fəaliyyətin çağdaş dövrdəki ahəngdarlığı bir sıra mühüm amillərdən, o cümlədən ictimai, iqtisadi, ideoloji mədəni proseslərdən birbaşa aslıdır. Digər tərəfdən, muzey işi dövrün mədəni prosesləri kontekstində daim dəyişir, təkmilləşir .Yaşadığımız dövrün özünəməxsus perspektivi, tendensiyaları, təbii olaraq mədəni proseslərin intensivliyinə, proqressiv meyllərin güclənməsinə müsbət təsir göstərir. Belə ki, ölkəmizin iqtisadi qüdrətinin artması, getdikcə Avropa mədəni həyatına inteqrasiya prosesi muzeylərin fəaliyyətinə səmərəli təsirini göstərməkdədir.

Müstəqil dövlət quruculuğunun çağdaş dövründə cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, mədəniyyət sahəsində, o cümlədən muzey fəaliyyəti ilə bağlı tələblər və məqsədlər dəyişmişdir. Belə ki, istər siyasi, istər iqtisadi sistemlərin tamamilə yeniləşməsi, təbii olaraq, sözügedən muzey fəaliyyətinin yeni, daha işlək mexanizmlərinin yaradılmasını aktuallaşdırır. Əslində Avropada bir sıra Şərq ölkələrində muzey fəaliyyətinin çeşidi istiqamətləri, onun ideya-estetik məzmunu çoxdan müəyyənləşmiş, burada zəngin təcrübə əldə edilmişdir.

Yaşadığımız dövrdə muzey idarəetməsi müasir texnologiyaların tətbiqi, muzeyin cəmiyyət həyatında mövqeyinin bərqərar olması, onun fəaliyyətinin istiqamətləri tənzim olunmaqla səmərə verə bilir. Bu zaman idarəetmənin özündə təkmilləşmə prosesi labüdləşir onun prinsipləri müəyyənləşir. Çünki yeni mədəni siyasət xətti, ictimai reallıqlar, elmi-estetik proseslər, təbii olaraq bu işin məzmununu formalaşdırır.

Çağdaş dövrdə muzeyin idarəetmə işində ənənəvi olaraq başlıca prinsip toplama, mühafizə, araşdırma və təbliğ götürülsə də, burada məsələnin konseptual elmi-nəzəri dəyərləndirilməsi vacibdir.

Məsələ burasındadır ki, çağdaş dövrdə toplama, mühafizə, araşdırma ilə yanaşı, beynəlxalq təcrübədə istinad edilən muzey menecmenti də xüsusi yer tutur. Bundan başqa, muzeylərin bütövlükdə cəmiyyətin, konkret olaraq, yerləşdiyi şəhərin ictimai-mədəni həyatında tutduğu mövqe əsas götürülür.

Gizli deyildir ki, büdcədən maliyyələşən muzeylərin təminatı onun geniş miqyaslı işlər görməsi üçün yetərli deyil. O da bəllidir ki, uzun illər ərzində muzeylər xalq dili ilə desək, ver yeyim, ört yatım prinsipi ilə yaşamış, beləliklə maliyyə asılılığı vəziyyətində fəaliyyət göstərmişdir.

Bugünkü reallıq belədir ki, muzeylər özləri maliyyə mənbələri tapmaq, adi dildə desək, pul qazanmaq barədə düşünməlidirlər. Əlbəttə, bu, sadə asan məsələ deyil. Amma reallıq budur uğurlu fəaliyyətin bir yolu bundan ibarətdir.

 

 

İsrafil İsrafilov

R. Mustafayev adına

Azərbaycan Dövlət İncəsənət

Muzeyinin direktoru,

sənətşünaslıq doktoru, professor

 

Mədəniyyət.- 2009.- 3 iyul.- S. 9.