Nəşriyyat işi yeni mərhələdə

 

M.F.Axundov adına Milli Kitabxanada ölkədə fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisələrinin rəhbərlərinin ümumrespublika müşavirəsi keçirildi. Mədəniyyət və Turizm Nazirliyinin təşkilat etdiyi toplantının keçirilməsində məqsəd ölkədə fəaliyyət göstərən nəşriyyat və poliqrafiya müəssisələrinin işi ilə tanışlıq, onların üzləşdiyi problemləri müzakirə predmetinə çevirmək, həmçinin kitab yaradıcılığı sahəsində geniş əməkdaşlığa nail olmaq idi. 30-dan artıq nəşriyyat və poliqrafiya müəssisəsi nümayəndələrinin, Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat şöbəsinin rəhbərlərinin iştirak etdiyi tədbirdə Azərbaycan nəşriyyat işinin ənənələri, idarə olunması prinsipləri və bu sahədə fəaliyyət göstərən dövlət qurumları, nəşriyyatlarla kitabxanalar və kitab mağazaları arasındakı əlaqələr və bu sahədəki problemlər, nəşriyyat işində üzə çıxan neqativ hallar ətraflı müzakirə edildi.

 

Müşavirədə nəşriyyat və çap evlərinin rəhbərləri çıxış edərək öz mülahizələrini bölüşdülər, üzləşdikləri problemlərin həlli istiqamətində təkliflərini irəli sürdülər. Onların çıxışlarında həmçinin nəşriyyat işi sahəsində fəaliyyət göstərən subyektlərin əlaqələndirilməsinin zəruriliyi mövcud problemlərin həlli yollarından biri kimi göstərildi. Həmçinin mərkəzləşdirilmiş formada naşirlərin birliyinin yaradılması müzakirə predmetinə çevrildi. Toplantıda Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyinin 2006-2009-cu illərdə nəşr etdirdiyi kitabların sərgisi də müşavirə iştirakçıları tərəfindən maraqla izlənildi.

Yığıncağa sədrlik edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev tədbiri ölkədə nəşriyyat və kitab çapı ilə əlaqədar keçirilən ilk böyük toplantı kimi dəyərləndirdi.

 

Ədalər Vəliyev: Kitab nəşri subyektləri geniş tərkiblidir və qarşılıqlı əlaqələr heç də sıx deyil

 

Nazir müavini giriş nitqində əvvəlcə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təbriklərini müşavirə iştirakçılarına çatdırdı. Sonra isə diqqəti nəşriyyat təsərrüfatının üzləşdiyi problemlərə yönəltdi: Müstəqilliyin ilk dövrlərində sovetlər dönəmində mövcud nəşriyyat sistemi, kitabxana və kitab satış şəbəkələri dağıntılara məruz qaldı. Bu sahəyə nəzarət edən keçmiş Mətbuat və İnformasiya Nazirliyinin səlahiyyətləri 2001-ci ildə Mədəniyyət Nazirliyinə veriləndə biz əyani surətdə həmin sahənin nə qədər acınacaqlı vəziyyətdə olduğunu gördük. Həmin dövrdə kitab işi ilə əlaqədar Mədəniyyət Nazirliyinin tərkibində 3 nəfərin daxil edildiyi nəşriyyat sektoru fəaliyyətə başladı. 2006-cı ildə isə yenidən təşkil edilən Mədəniyyət və Turizm Nazirliyinin tərkibində nəşriyyat sahəsinin də işi genişləndirilərək 8 nəfərlik bir şöbə və 3 ayrıca sektor yaradıldı. Eyni zamanda qeyd etməliyəm ki, həmin dövrdə ümummilli lider Heydər Əliyevin, sonra prezident İlham Əliyevin kitabxana, kitab işi ilə bağlı qəbul etdikləri qərarlar, bu sahənin inkişafında böyük rol oynadı. Bilirsiniz ki, müstəqilliyin ilk illərində tənzimləyici qanunlarla nəşriyyat işi idarə olunurdu və bu qanunlar çox sərt idi. 2000-ci ildə Nəşriyyat işi haqqında mütərəqqi qanunun qəbulu ilə isə sözügedən sahədə fəaliyyətə tam mənada sərbəstlik verildi və beləliklə geniş imkanlar yarandı, çoxsaylı problemlər həll edilmiş oldu.

Nazir müavini onu da vurğuladı ki, bəzən qanunun verdiyi imkanlardan neqativ və zərərli fəaliyyət üçün bəhrələnənlər də olur. O bildirdi ki, bu tip fəaliyyət dövlətə və cəmiyyətə mənfi təsir etməklə bərabər, kitabxana, kitab fondu, ümumilikdə nəşriyyat-kitab işinin perspektivlərinə mənfi təsir edir. Ə.Vəliyev toplantı iştirakçılarının nəzərinə çatdırdı ki, bu gün kitab işi sahəsinin subyektləri geniş tərkibli olsa da qarşılıqlı əlaqələr heç də sıx deyil. Bu isə problemlərin həlli baxımından ümumi işə ziyan gətirir.

Ə.Vəliyev çıxışını davam etdirərək bildirdi: Əslində Azərbaycanda kitab çapı texnologiya olaraq XIX əsrdən başlayıb və XX əsrin əvvəllərindən sürətli inkişaf götürüb. 1920-ci ildə isə Kitab Palatası yaradılıb. Həmin palata 2002-ci ildə Milli Kitabxananın şöbəsi olaraq yenidən qurulub. Dövlətin özəlləşdirmə proqramı ilə əlaqədar bir çox nəşriyyatlar, poliqrafiya müəssisələri fəaliyyətə başlayıblar. Hal-hazırda ümumi sayı 12 mini keçən kitabxana, mərkəzləşdirilmiş kitabxana sistemi, nəşriyyat və nəşriyyat işi sahəsində çoxsaylı fiziki və hüquqi şəxslər, kitab satışı mərkəzləri mövcuddur. Mədəniyyət və Turizm Nazirliyi olaraq biz təxminən 10-12 nəşriyyatla əməkdaşlıq edirik. Hər il nazirlik xarici ölkələrdə keçirilən kitab sərgilərində Azərbaycan kitabını nümayiş etdirir. Lakin bir çox müəssisələr nəşr etdikləri nəşrləri çatdırmadıqları üçün onların işi sərgilərdən kənarda qalır. Halbuki Nəşriyyat və kitabxana işi haqqında qanuna müvafiq olaraq nəşriyyatlar öz məhsullarını müəyyən sayda həm Milli Kitabxanaya, həm də Kitab Palatasına çadırmalıdır. Eyni zamanda təbliğat-təşviqat məqsədləri üçün Mədəniyyət və Turizm Nazirliyinin kitabxanasına da yeni nəşrləri verməlidirlər.

Yaranmış vəziyyətdə əlaqələrin zəifliyini əsas səbəb kimi vurğulayan Ə.Vəliyev bildirdi ki, bu halda nəşrlərin keyfiyyətindən, ad göstəricilərindən, məzmunundan xəbər tutmaq mümkün olmur. Nəşr məhsulunun sonda satışa çıxarıldığını, kitabların sonrakı taleyinin kitabxanalarla bağlandığını, kitab tariximizin qorunmalı olduğunu bildirən natiq bu baxımdan nazirliyin nəşriyyat-kitab işini gündəmə gətirdiyini bir daha diqqətə çatdırdı. Gözəl nəşrlərlə yanaşı, texniki və dil qüsurlarına malik, ziyanlı fəaliyyəti olan dini cəryanlara dair nəşrlər, ictimai həyatımıza uyğun gəlməyən keyfiyyətsiz məhsulların olduğunu da bəyan etdi.

Yığıncağa sədrlik edən nazir müavini ciddi bir problemi də gündəmə gətirdi:

Bəzən müəssisələr sponsor hesabına zəif mətnli, aşağı keyfiyyətli kitablar çap etdirir. Nəşriyyatlar yaşamaq uğrunda mübarizə aparırlar, lakin bu yolla heç də uğur qazanmaq, inkişaf etmək mümkün deyil. Mədəniyyət və Turizm Nazirliyi isə bu sahənin işini sivil səviyyəyə qaldırmaq, problemlərin həlli yolunda sizinlə əməkdaşlığa hazırdır.

Ə.Vəliyev bu gün maddi-texniki, bədii tərtibat, avadanlıq imkanları baxımından xarici təcrübənin öyrənilməsini də önə çəkdi.

Natiq həmçinin nəşriyyat rəhbərləri tərəfindən səslənən naşirlər birliyinin yaradılması təklifini də bəyəndiyini, respublikamızda nəşriyyat və poliqrafiya işinə töhfə verə biləcəyini diqətə çatdırdı.

 

Naşirləri birləşdirən quruma ehtiyac var

 

- Bu təklifin müsbət tərəfləri kifayət qədərdir - deyə məsələyə münasibət bildirən Ədalət Vəliyev öz fikirlərini toplantı iştirakçıları ilə bölüşdü. Əlaqələndirici qurumun olması ümumi işə yalnız fayda gətirər. Məsələn, təkrar nəşrlərə yol verilməz, bədii və estetik zövqdən məhrum, xalqın mənafeyinə zidd sap məhsulları bazara çıxarılmaz. Kitab satış şəbəkəsinin yenilənməsi problem kimi həll edilər, mexanizm ortaya qoyular. Yaxud nəyə görə nəşrlər bizim kitabxanalar vasitəsilə oxuculara satış üçün təklif edilməsin, halbuki bölgələrə bu nəşrləriniz çatmır. Nəyə görə nəşrləriniz sərgilərə çıxmasın və sizlər xarici təcrübədən yararlanmaq üçün sərgilərdə iştirak etməyəsiniz? Kitab reklamı işinin qaydaya salınmasına, nəşriyyat işinin elmi yönlərinin tədqiq edilməsinə ehtiyac var. Bu işlər əlaqələrin möhkəmləndirilməsindən keçir və nazirlik olaraq biz əməkdaşlığa hazırıq.

Bu fikirlərin ardınca Ə.Vəliyev vurğuladı ki, müşavirədən sonra nazirlik müəssisə rəhbərləri ilə müxtəlif tərkiblərdə əlaqələrini davam etdirəcək və onların təkliflərini diqqətdə saxlayacaq. Bunun, təmsil etdiyi nazirliyin mövqeyi olduğunu bildirən natiq nəşriyyat sahəsinin təmsilçilərinin təkliflərinin dinləniləcəyini söylədi.

Sonra söz müşavirə iştirakçılarına verildi.

 

Ənənə var: Çapçılar Birliyi

Yığıncağı aktual problemlərə diqqət yetirmə baxımından əhəmiyyətli hesab edən çıxışçı, Həmkarlar nəşriyyatının nümayəndəsi Asif Rüstəmli naşirlər birliyinin yaradılması ideyasını müsbət addım kimi dəyərləndirdi: Hələ ADR dövründə nəşriyyat işinin qaydaya salınması üçün Çapçılar Birliyi yaradılmışdı.

Mən təklif edərdim ki, elektron kitabxana üçün nəşrlərin yazılı forması hədiyyə olaraq Milli Kitabxanaya verilsin. Burada nəşriyyatların işindəki nöqsanlardan danışıldı. Konkret olaraq nəşrlərin redaktə məsələsinə münasibətimi bildirərək deyim ki, bu işə yüksək səviyyəli mütəxəssislərin cəlb olunması nəşriyyatların maddi imkanlarından asılıdır.

Əks təqdirdə, kitabın çapı baha başa gəlir. Nəşriyyatlarımız etibarlı əllərdə olmalıdır. Biz isə çox vaxt sifarişçidən asılı oluruq. Hesab edirəm ki, bu müşavirədən sonra nəşriyyatlarımız yeni inkişaf yoluna qədəm qoyacaq.

Beşik nəşriyyatının direktoru Nərgiz Cabbarlı isə dövlətin nəşriyyat işinə yardımının vacibliyini vurğulayaraq, bu gün bədii tərtibat və redaktəsi yerində olan keyfiyyətli çap məhsulları hazırlayan naşirlərin olduğunu dedi: Sırf naşirlərin zövqündən asılı olanda gözəl iş üzə çıxır. Lakin kommersiya nəşrlərində çatışmazlıqlar daha çox olur. Məncə, kitabların satış məsələləri, kitab bazarının formalaşmasına dair tədbirlər hazırlanmalıdır ki, müəssisələr maddi cəhətdən asılı vəziyyətə düşməsinlər. Sözügedən birliyin təsisi isə üzləşdiyimiz problemlərin həllinə böyük imkanlar yaradardı. Eyni zamanda müəssisələrin işinə stimul verilməsində bu birlik üzərinə funksiya götürə bilər.

Kitab satışı və kitab reklamı

Bakı Kitab Klubunun direktoru Elxan Rzayev problemin həllinin kitab bazarı və onun satışı ilə bağlı olduğunu vurğuladı: Belə bir vəziyyətdə, tirajın cəmi 300-500 ədəd olduğunu nəzərə alanda nə yaxşı redaktədən, nə də poliqrafik keyfiyyətdən söhbət açmaq olmur. Onda kitabın maya dəyəri çox yüksəlir. Mən konkret olaraq iki təklif edirəm.

Bazara ucuz, lakin keyfiyyətli nəşrlər çıxarılması üçün dövlət dotasiyasi verilə bilər. Yaxud nəşriyyatlar maliyyələrinin bir qismini birləşdirməklə ucuz kitablar nəşr edib, geniş oxucu kütləsini alıcıya çevirə bilər və nəticədə tədricən kitab bazarı genişlənər. Bu yolla həm də naşirlərin əməkdaşlıq imkanlarını öyrənmək olardı. Birliyin yaradılması aktualdır. Amma nəşriyyatlar özlərini bu birliyi yaratmağa hazırlamalıdırlar.

Elxan Rzayev həmçinin bildirdi ki, təmsil etdiyi qurumun keçirdiyi sorğu nəticəsində məlum olub ki, potensial oxuculardan cəmi 10 faizi yeni nəşrlərdən məlumatlıdır. O, bunu əsas tutaraq telekanallarda və mətbuatda kitab reklamına güzəştlər edilməsini vacib amil kimi önə çəkdi.

Nağıl Evi nəşriyyatının direktoru Ə.Əsədzadə müşavirənin aktual məsələni müzakirə etdiyini bildirdi. O qeyd etdi ki, Naşirlər birliyinin yaradılması ilə nəşriyyat işinin maddi imkanları kifayət qədər genişləndirilə bilər. Naşir həmçinin kitab reklamı işinin vacibliyindən də söz açdı: Nə televiziyalarda, nə də mətbuatda kitab reklamına rast gəlinmir. Onlarda reklam verilməsi işi tənzimlənməli, eləcə də kitab sərgiləri tez-tez keçirilməlidir.

Azərnəşrin direktoru Azər Mustafazadə dövlət səviyyəsində nəşriyyat işi ilə əlaqədar görülmüş işləri alqışladığını bildirərək, adıçəkilən birliyin yaradılmasının vacibliyini də qeyd etdi.

Toplantıda digər nəşriyyat rəhbərləri də üzləşdikləri problemlərdən söz açaraq konkret təkliflərlə çıxış etdilər. Vurğulandı ki, naşirlərin birliyinin, yaradılması bu sahədə əsaslı dönüşə, kitab nəşrinin yeni mərhələyə qədəm qoymasına səbəb olardı. Bütün bunlarla yanaşı, nəşriyyat-mətbəə münasibətləri, maddi resursların yaradılması, kitab çapının strateji əhəmiyyəti müşavirədə müzakirə predmetinə çevrildi. Tanınmış nasir İsmayıl Vəliyev ölkədə kitab çapına elmi baxımdan qiymət verərək bu sahəyə peşəkar yanaşmanın tərəfdarı olduğunu önə çəkdi. O, həmçinin səslənən problemlərə də münasibətini bildirərək, bir alim kimi problemlərin həllində iştiraka hazır olduğunu diqqətə çatdırdı.

Kitablar standartlara uyğun deyil

M.F.Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov isə nəşriyyatlarla kitabxanalar arasında əlaqələrə diqqət göstərməyi vacib saydı: Artıq kitabxanamızda yeni nəşrlər evi yaradılması istiqamətində iş aparılır. Bura alıcılarla naşirlərin, kitab işi ilə məşğul olanlarla kitabsevərlərin mərkəzinə çevriləcək. Etiraf edək ki, bu gün bizdə kitab biznesi yoxdur. Bu olarsa, tələbat öyrənilər və kitabların tirajı artar. Tələbatsa var. Təkcə kitabxanaları misal çəkərdim. Sadəcə olaraq, oxucunun tələbatını öyrənmək lazımdır. Fürsətdən istifadə edərək xahiş edirəm ki, nəşr etdiyiniz məhsulların nüsxələrindən Milli Kitabxanaya göndərin.

Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin sektor müdiri Çingiz Əlioğlu ölkədə çap olunan kitabların 95 faizinin beynəlxalq standartlara uyğun gəlmədiyini bildirərək, dünya kitab çapına interqrasiyanın yollarından danışdı. O, həmçinin nəşriyyat sahəsində günümüzlə bağlı tənzimləyici yeni qanunların qəbulunun vacibliyindən söz açaraq nəşrlərdə ən adi qaydaların pozulduğuna dair faktları açıqladı. Natiq naşirlərin diqqətini ölkədən kənar kitab bazarlarına da yönəldərək potensial alıcıların bu bazarlarda da mövcud olduğunu, xarici ölkələrdə kompakt yaşayan həmvətənlərimizin kitaba ehtiyacını, tələbatını nəzərə çatdırdı. Sahə ilə bağlı beynəlxalq təcrübəylə müşavirə iştirakçılarını tanış edən natiq onu da önə çəkdi ki, naşirlər təşkilatlanarlarsa, müxtəlif layihələr hazırlayıb donorların imkanlarından bəhrələnə bilərlər.

Əlaqələr davam etdiriləcək

Geniş müzakirələr mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin aşağıdakı çıxışı ilə yekunlaşdı.

- Hələ də nəşriyyatlar öz işlərini günün tələbləri səviyyəsində qura bilmirlər. Kitab bazarı tələbat əsasında qurulur, lakin nəşriyyatlar alıcı qazanmaq istiqamətində çalışmırlar. Nazirliyin kifayət qədər işi, öz idarəetməsində olan müəssisələrinin həyata keçirilməli proqramları var. Lakin biz bu müşavirəni keçirdik ki, kitab mədəniyyəti yüksəlsin, nəşriyyatlarımızın səviyyəsi dünya standartlarına yaxınlaşsın. Biz işbirliyini bu kontekstdə qurmağa tərəfdarıq. Öz imkanlarımız hesabına kitab-satış şəbəkəsini qurmaqdayıq. Siz də bu işlərdə fəal olmalısınız. Hamımız kitabla bağlı adamlarıq, amma keyfiyyətsiz nəşrlər təəssüf doğurur. Biz ayrı-ayrılıqda sizin problemlərlə məşğul ola bilmərik. Siz bir araya gəlib problemləri ümumiləşdirərək təqdim etməlisiniz ki, dövlət istər qanunvericilik, istərsə də digər sahələrdə lazımi addımlar atsın. Qəbul etməliyik ki, nəşrlərimiz standartlardan çox geridir. Nəşriyyatların əksəriyyəti isə iqtisadi qanunauyğunluqlarla fəaliyyət göstərmir.

Ə.Vəlyev sentyabr ayının 10-20-si aralığında paytaxtda Birinci Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyini də xəbər verərək bu tədbirdə nəşriyyatları fəal iştirak etməyə çağırdı.

Sonda nazir müavini qaldırılmış məsələlərin həlli üçün nazirliyin müvafiq şöbəsi ilə mütəmadi əlaqə saxlamağı tövsiyyə etdi.

 

Sabutay

 

Mədəniyyət.- 2009.- 3 iyul.- S. 5.