Xalq artisti Firəngiz Əlizadə ilə görüş

 

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Klassik Musiqisevərlər Klubunun növbəti tədbiri bəstəkar, pianoçu, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadəyə həsr olunmuşdur.

 

Niyazinin mənzil muzeyində reallaşan görüşü muzeyin direktoru Alla Bayramova açaraq Firəngiz Əlizadənin yaradıcılığı barədə məlumat verdi.

Daha sonra çıxış edən F.Əlizadə öz düşüncələrini tədbir iştirakçıları ilə bölüşdü.

Məlumat üçün bildirək ki, müstəqil yaradıcılıq yoluna qədəm qoyduqdan sonra bəstəkar müxtəlif musiqi janrlarına müraciət etmiş maraqlı əsərləri ilə daima musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. O, “Qarabağnamə” operasının, “Ağatlı haqqında əfsanə” biraktlı operasının, “Boş beşik” baletinin, “Ölümsüzlüyə səyahət” oratoriyasının, instrumental konsertlərin, kamera ansamblı üçün “Miraj”, “İtirilmiş zaman axtarışında”, “Üç akvarel” vokal silsiləsinin, violençel fortepiano üçün “Habilsayağı”, solo violençel üçün “Eşq havası”, “Dərviş” septeti, “Abşeron” kvinteti başqa əsərlərin müəllifidir.

Firəngiz Əlizadə Azərbaycan musiqisini xarici ölkələrdə müvəffəqiyyətlə təmsil edir. Onun sorağı daima beynəlxalq musiqi forumlarından gəlir. O, Almaniya, İngiltərə, ABŞ, Hollandiya, İsveç, Fransa, İtaliya, Polşa s. ölkələrdə keçirilən nüfuzlu festivallarda həm bəstəkar, həm pianoçu kimi uğurla çıxış edir.

1983-cü ildə müasir musiqinin ənənəvi “Varşava payızı” festivalında Firəngiz Əlizadənin “Habilsayağı” əsəri böyük müvəffəqiyyət qazanmışdır.

Bəstəkarın “Boş beşik” baleti Türkiyənin Mersin şəhərində 1993-cü ildə tamaşaya qoyulmuşdur. Avropanın müxtəlif ölkələrində məşhur kollektivlər, ifaçılar Firəngiz Əlizadənin əsərlərini öz repertuarlarına daxil edirlər.

Son illər Avropanın bir sıra ölkələrində, xüsusilə Almaniyada geniş fəaliyyət göstərən Firəngiz Əlizadənin yaradıcılığı yüksək qiymətləndirilir. O, 1999-cu ildə Almaniyanın Akademik Qarşılıqlı Mübadilə Xidmətinin təqaüdçüsü, İsveçrənin Beynəlxalq musiqi seminarında birinci qadın bəstəkar-rezidenti seçilmişdir. 2003-cü ildə Kembric Bioqrafiya Mərkəzi tərəfindən medal diplomlarla təltif olunan Fİrəngiz Əlizadə “XXI əsrin görkəmli intellektualları” siyahısına daxil edilmişdir.

Gürüşdə bəstəkar yaradıcılığı ilə bağlı sualları cavablandırdı.

Sonda Firəngiz Əlizadə haqqgnda Almaniyada istehsal olunmuş sənədli film nümayiş etdirildi.   

 

 

Turan

 

Mədəniyyət.- 2009.- 3 iyul.- S. 3.