Atəşgah üzərində qayğı işığı

 

Ölkə rəhbərinin bu abidə-qoruğun mühafizəsi haqda sərəncamı Azərbaycanın mədəni irsinə yeni töhfədir

 

Son illər Azərbaycanda tarix və mədəniyyət abidələrinə dövlət səviyyəsində diqqət və qayğı daha da artırılıb. Bir sıra abidələrimizin YUNESKO-nun Mədəni İrs siyahısına salınmasını, zəngin və qədim tariximizi özündə yaşadan məbədlərimizin yenidən bərpasını, bölgələrdə aparılan genişmiqyaslı qazıntı işlərini buna nümunə kimi göstərmək olar.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə imzaladığı fərman və sərəncamlar dövlətin adıçəkilən sahəyə necə həssas yanaşmasının göstəricisidir. Dövlət başçısı bu sıradan növbəti sərəncamını 2 gün əvvəl imzalayıb. Sənəd Bakının Suraxanı rayonunda yerləşən, atəşpərəstlərin ən müqəddəs ziyarətgahı hesab edilən Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminati barədədir.

Sərəncamın icrası ilə əlaqədar görüləcək işlər, həyata keçiriləcək layihələr haqqında məlumat almaq məqsədilə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni İrs şöbəsinin bölmə rəhbəri Rüfət Nuriyevə muraciət etdik. Dövlət başçısına mədəni irsimizin qorunmasına göstərdiyi qayğıya görə təşəkkürünü bildirən R.Nuriyev sərəncamı vaxtında qəbul edilmiş qərar adlandırdı: Sərəncam üç mərhələdə icra olunacaq. Birinci mərhələdə Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun konservasiya bərpası üzrə layihə-smeta sənədlərinin hazırlanması, ikinci mərhələdə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya Etnoqrafiya İnstitutu ilə birlikdə arxeoloji tədqiqat işlərinin aparılması nəhayət, üçüncü mərhələdə Atəşgah tarixi muzey mərkəzinin yaradılması nəzərdə tutulur. Sərəncamdan irəli gələn məsələlərin artıq bu gündən icrasına başlamışıq. Hazırda muzey üçün müvafiq ərazinin ayrılması məqsədilə yerli icra orqanlarına müraciətlər hazırlayırıq. Eyni zamanda Arxeologiya Etnoqrafiya İnstitutu ilə harada arxeoloji işlərin aparılması ilə bağlı müzakirələrə başlamışıq. Çünki bildiyiniz kimi, Atəşgah XVII-XVIII əsrlərə aid tarixi abidədir. Bura öz od-alovu ilə atəşpərəstlərin ən müqəddəs ziyarətgahı hesab edilib. Onlar əsrlər boyu dünyanın ən müxtəlif ölkələrindən bu ocağı ziyarətə gəliblər.

Bölmə rəhbəri qoruq elan edildikdən sonra Atəşgaha həm xaricdən, həm də ölkə daxilindən turist axınının çoxalmasına baxmayaraq, ərazidə insanların dincəlməsi üçün kiçik bir istirahət mərkəzi, yüngül qəlyanaltı yerinin belə olmadığını deyir: Bu səbəbdən biz buraya çoxsaylı turizm marşrutları reallaşdıra bilmirdik. İndi isə Atəşgah qoruğunun koservasiyası məqsədilə hazırlanan layihə-smeta sənədlərində bunların hamısı nəzərə alınacaq.

Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru Rəşid Babayi də ölkə prezidentinə çoxəsrlik tarixə malik abidənin bərpasına belə xüsusi diqqət ayırdığına görə təşəkkür etdi. Sənədin qəbulunu çoxdan gözlədiklərini deyən R.Babayi sərəncama əsasən qoruq ərazisində yaxın günlərdə konservasiya işlərinin həyata keçiriləcəyini bildirdi: Bura qoruğun işıqlandırma sisteminin yenidən qurulması, burada yaradılacaq muzeydə nümayiş etdirmək məqsədilə maraqlı eksponatlar əldə etmək üçün arxeoloji qazıntıların aparılması, qoruğun turistlərin diqqətini cəlb edəcək maraqlı turizm obyektinə çevrilməsi və s. aiddir.

Rəşid Babayi sərəncamı Azərbaycan mədəniyyətinə və mədəni irsinə verilən yüksək qiymət kimi qiymətləndirdi.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 3 iyul.- S. 2.