Əbədi alov məbədi

 

Atəşgah məbədi - YUNESKO-nun Ümumdünya İrs Komitəsinin İlkin siyahısına salınmış abidə. Bu yeganə od muzeyi xalqımızın erkən orta əsrlərdə inanc yeri olan atəşpərstliyin ünvanıdır. "Sönməyən odlar" əsrlər boyu səyyahların, yazıçıların, rəssamların, alimlərin diqqətini cəlb edirdi. Möcüzəni görmək üçün Atəşgaha Mendeleyev, Vereşşaqin, Aleksandr Düma (ata) və bir çox məşhur səyyahlar gəlib. Xüsusilə Düma gördüklərindən çox heyrətlənib. Gündoğan tərəfdəki qapıdan (Atəşgahın bir qapısı var) içəri girdikdə yazıçının diqqətini dördbucaqlı tikili-səcdəgah cəlb edir. Səcdəgahın yaxınlığında isə içərisində "müqəddəs od" olan çala mövcuddur. Burada atəşpərəstliyə sitayiş edən insanların cəsədləri yandırılırdı. Mənbələrdə həmçinin Hindistandan Bakı yaxınlığındakı Suraxanıya əbədi oda sitayiş üçün hind zəvvarlarının gəldiyi qeyd edilir.

Bakının 30 km-də, Abşeron yarımadasının Suraxanı qəsəbəsində yerləşən abidə həm Azərbaycanın odlar diyarı olmasını simvolizə edir, həm də ölkəmizin qədim tarixini, dini ənənəsini özündə əks etdirir. Ərəblərin Azərbaycanı istilasından, əhalinin İslamı qəbul etməsindən sonra zərdüştilərin ibadətgahı unuduldu, məbəd baxımsızlıqdan uçub dağıldı.

Məbəd indiki şəklini XIX əsrin əvvəllərində alıb. Yerli memarlıq ənənələri ilə tikilmiş Atəşgah özündə qədim səcdəgahların cizgilərini qoruyub saxlayıb. Məbədin üstündəki yazılardan biri Vikramadit (hind) təqvimi ilə 1886-cı, eramızın isə 1810-cu ilinə aiddir. Burada göstərilir ki, mərkəzi məbəd-səcdəgah tacir Kancanaqaranın vəsaiti ilə tikilib. Giriş formulları, şeirlər və ayrı-ayrı ifadələr şəklində olan məbəddəki 16 yazıda qədim hindi dili - sanskrit yaşayır.

Suraxanı məbədinə gələnlərin sayı XIX əsrin axırlarından etibarən ildən-ilə azalır. Sonuncu hindli isə Atəşgahı 1883-cü ildə tərk edir. Oktyabr inqilabından sonra Suraxanı məbədi kerosin zavoduna çevrilir, günbəzdəki od isə söndürülür. Yalnız 70-ci illərin əvvəllərində Hindistanın o vaxtkı baş naziri İndira Qandi müqəddəs yeri ziyarət etmək arzusunda olduğunu bildirdikdən sonra yerli rəhbərlik əl-ayağa düşür. Məbədin ərazisi zir-zibildən təmizlənir, ora gedən yol asfaltlanır, tikili təmir edilir. Ən əsası isə, məbəddə qaz yenidən yandırılır. İndira Qandi səfərdən çox razı qalır...

1970-ci ildə burada aparılmış bərpa işlərindən sonra Atəşgah Şirvanşahlar Sarayı Kompleksi Dövlət Tarix Memarlıq Qoruq- Muzeyninin filialı kimi tamaşaçıların üzünə açılıb. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci ildə imzaladığı sərəncama əsasən, bu tarixi abidə Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğu adı ilə müstəqil fəaliyyət göstərir. Qeyd edək ki, ölkə başçısı bugünlərdə Atəşgah məbədi Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizəsi və maddi-texniki təminatı barədə sərəncam imzalayıb.

 

 

MEHPARƏ

 

Mədəniyyət.- 2009.- 8 iyul.- S. 16.