Sadəliyin rəng yozumu

 

Rənglərdə dil və musiqinin olduğuna şübhə etməyən rəssam haqqında

 

Rəssam Kirman Abidin 1959 - cu ildə Şahbuz rayonun Külüs kəndində anadan olmuşdur. 1982 - ci ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunu, 1988 - ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini tətbiqi qrafika ixtisası üzrə bitirmişdir.

 

1989 - cu ildən Azərbaycan Rəssamlıq İttifaqının üzvüdür.1984 - cü ildən respublika və keçmiş SSRİ - nin ümumittifaq və beynəlxalq sərgilərinin iştirakçısıdır. Rəssamın bu il 50 yaşı tamam olur. Yubiley ərəfəsində onu yenidən oxuculara görüşə gətirdim.

Lap kiçik yaşlarımdan məni işıq və kölgənin, sonralar musiqi ilə rənglərin sirli vəhdəti tez-tez düşündürürdü. Həyətimizdəki balaca hovuzun divarlarında əks olunan işıqla kölgənin qəribə «rəqsi» məndə əsrarəngiz duyğular oyadırdı.Çoxlarının adi təbiət hadisəsi kimi əhəmiyyət vermədiyi «tamaşa»ya saatlarla baxmaqdan yorulmaz, bu «sirri» kəşf etməyə can atardım.

Mən yaratdıqları möhtəşəm əsərlərlə adlarını tarixə həkk etmiş rəssamların həyatından bəhs edən kitablar oxumuşam və bilirəm ki , onlar çox zaman kasıblıq və səfalət içində yaşayıb, ən ağır məşəqqətlərə düçar olublar. Elə buna görə də rəssamlar mənim nəzərimdə həmişə adi insanlardan fərqləniblər. Bəlkə də, düşüncəmdə formalaşmış bu fikrin təsirindən idi ki , ilk baxışdan adi , normal insanlardan seçilməyən Kirmanı həmin «siyahıya» aid etmədim. Görünür sadəliyi və ifrat təvazökarlığı məndə onun böyük istedad sahibi olduğuna şübhə yaratmışdı.

Bir dəfə təsadüfən əlimə incəsənətlə bağlı bir dərgi keçdi. Kirman Abidinin tətbiqi - qrafika nümunələri ilə ilk dəfə bu jurnalın səhifələrində tanış oldum. Onun plakatçı - rəssam kimi yaratdığı əsərlər bədii - estetik dəyərlərindən əlavə , həm də vətəndaşlıq nöqteyi-nəzərindən zövqümü oxşadı.O vaxtdan qapalı bir insan kimi tanıdığım Kirmanın istedadlı bir rəssam olaraq yaradıcılığını müntəzəm izləməyə başladım.

Kirmanın bədii-qrafik işlərində maraqlı məqamlarla tez-tez rastlaşmaq olar. Onun işlərinin ən böyük əhəmiyyəti ondadır ki, rəssam Azərbaycanda get-gedə yaddan çıxan, unudulmaqda olan bir janra müraciət edib. Bu janrın, rəssamı şöhrətə doğru aparan ən uzun və əziyyətli yol olmasına rəğmən, Kirmanın özünü məhz bu janrda sınaması sənət yanğısından, sənət sevgisindən irəli gəlir. Məhz onun bu seçiminə hörmətlə yanaşır, tamamilə təbii hesab edirəm. Çünki qəlbindəki vətən təəssübkeşliyinə, sənət yanğısına artıq az-çox bələd olmuşam. Əminəm ki, zahirən sakit görünən, əslində isə təlatümlü dənizi xatırladan iç dünyasının səsi onu bu çətin yolun yolçusu edib.

Zəngin ənənələrə və yüksək uğurlara malik bir sahəni Azərbaycanda bu gün yaşadanlardan biri də Kirman Abidindir. Müstəqilliyin ilkin dövründə plakata ehtiyacın olmaması plakatçı-rəssamları sənətin digər sahələrinə «köçməyə» məcbur etdiyi bir vaxtda bu sahəyə ürəkdən bağlı olanlar bədii plakat sahəsində yaradıcılıqlarını davam etdirirlər.

1994-cü ildə Bakı İncəsənət Mərkəzinin «Yunokal-Xəzər-Amerika» neft kompaniyası ilə birgə «Azərbaycan bu gün» devizi altında bədii plakat müsabiqəsini təşkil etməsi bədii plakat sahəsində başlanmış tənəzzülün qarşısını almaqda kömək etdi. Müsabiqəni keçirtməkdə məqsəd yeni Azərbaycan plakatının formalaşdırılması, milli plakata, plakatçı-rəssamlara himayədarlıq edilməsi idi. Kirmanın müsabiqəyə təqdim etdiyi Azərbaycanın 20 faiz torpaqlarının işğalından bəhs edən «Böyük bədbəxtliklər kiçik səbəblərdən doğur» adlı plakatında vətənin taleyüklü problemləri rənglərin dili ilə o qədər qabarıq cizgilərlə çatdırılıb ki, sətri tərcüməyə belə ehtiyac qalmayıb. Və yaxud doğma vətənə sevgi ruhunda köklənmiş «Hey uçsam da, yuvam sənsən» bədii plakatını götürək. Müəllif bu plakatda Azərbaycanın bir neçə sənət korifeyinin şəklini verməklə, balaca bir məmləkətin çox böyük dühalar yetirməyə qadir olduğunu göstərmək istəmişdir.

K.Abidinin «Sövdələşmə» və «Ümid qapıları» adlı əsərlərində cəmiyyətin irinləmiş yaraları sayılan korrupsiya və rüşvətxorluq kimi bəlaların ifşası orijinal şəkildə öz əksini tapıb. Görünür, elə bu müsbət tapıntının nəticəsidir ki, müəllifin sözügedən plakatları müsabiqənin birinci mükafatına layiq görülüb. Kirmanın əsərlərində müstəqil Azərbaycanın tərənnümü, üçrəngli bayrağa intəhasız məhəbbəti onun hüdudsuz vətən sevgisindən, əsl vətəndaş mövqeyindən xəbər verir. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş bədii plakatları və onlarla digər əsərləri deyilənlərə misal göstərmək olar.

Bir neçə il əvvəl keçirilmiş müsabiqədə isə Kirmanın «Azərbaycanın xilası sağlam qüvvələrin birliyindədir» plakatı üçüncü mükafata layiq görülmüşdü. Bu baxımdan Kirmanın indiyə qədər yaratdığı bədii plakat nümunələrinin ana xəttinin Azərbaycan mövzusunda təşkil etməsi təsadüf saymaq düz olmazdı.

1988 - ci ildə Türkiyənin Standartlaşdırma İnstitutunun keçirdiyi beynəlxalq yarışda 3 - cü yerə , 2000 - ci ildə isə İranda beynəlxalq karikatura yarışmasında «Uğur» mükafatına layiq görülmüşdür. Mütəxəssislər onu həm də müxtəlif mövzulu qrafik əsərlər silsiləsinin müəllifi kimi də çox bəyənirlər. Kirmanın son illər kompyuter qrafikasında işlədiyi əsərlər mövzu zənginliyi baxımından daha çox maraq doğurur. Bədii plakat rəssamı Kirman Abidin 50 illik yubileyi münasibətilə ilin son aylarında fərdi sərgisini açmağa hazırlaşır.

Uğurlar olsun!

 

Nazilə Nərimanqızı

 

Mədəniyyət.- 2009.- 8 iyul.- S. 9.