Xalçalarımızı bütün dünya tanıyacaq

 

Azərbaycanda xalça toxuculuğu tətbiqi sənət növünün ən qədim sahələrindən biri hesab edilir. Ölkə ərazisində aparılan arxeoloji qazıntılar və yazılı mənbələrə görə, Azərbaycanda xalça toxuculuğu Tunc dövründə, yəni 5 min il bundan əvvəl meydana gəlib. Tarixi mənbələrə görə, Azərbaycan orta əsrlər dövründə Şərqdə xovlu xalçaların istehsalına görə mühüm mərkəzlərdən biri olub. Qədim sənət nümunəsi kimi Azərbaycan xalçaları bütün dünyada məşhurlaşıb.

 

Lakin təəssüf ki, uzun illər xalqın milli-mədəni sərvətlərindən olan bu sənət növünə göstərilən laqeyd münasibət gənc nəsil arasında ona olan marağı azaltdı. Digər tərəfdən, Azərbaycan xalçaları müxtəlif dünya muzeylərində Qafqaz ya İran xalçaları adı altında təqdim olunub. Bu gün qloballaşma prosesləri, sosial dəyişikliklər mədəniyyətlərin inteqrasiyası fonunda mənəvi sərvətimizi- xalçalarımızı bütün dünyaya özümüzünkü kimi tanıtmağın vaxtı çatıb. Təsadüfi deyil ki, 17 oktyabr 2003-cü ildə Parisdə, YUNESKO-nun Baş Qərargahındakı 32-ci sessiyada Qeyri- maddi irsin qorunması haqqında beynəlxalq konvensiya qəbul edilib ki, bu da mədəni müxtəlifliyin sabit inkişafın faktoru kimi mühüm əhəmiyyət kəsb edir. İyulun 13- Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi tərəfindən keçirilən Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinə dair: imkanlar, perspektivlər adlı dəyirmi masa da məhz bu mövzuya həsr olunmuşdu.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov, nazirliyin Mədəniyyət siyasəti şöbəsinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova, Azərxalça İstehsalat Müəssisəsinin direktoru Vilayət Mahmudov, tanınmış xalçaçı rəssam Eldar Mikayılzadə, Lətif Kərimov adına Fondun əməkdaşı Azad Əliyev, habelə respublikanın müxtəlif regionlarından olan xalça muzeyi işçiləri, eləcə də xalçaçılar iştirak edirdilər.

Tədbir başlamazdan əvvəl tanınmış xalçaçı-rəssam Lətif Kərimovun eskizləri əsasında toxunan yeni 21 ipək xalçanın ilk dəfə nümayişi keçirildi. Lətif Kərimov adına Fondun təşkil etdiyi unikal xalça nümunələrindən ibarət sərgi hər kəsdə xoş təəssürat yaratdı.

Sonra çıxışlara start verildi. Tədbiri giriş sözü ilə açan Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva 2003-cü ildə YUNESKO-nun 32-ci sessiyasında Qeyri- maddi irsin qorunması haqqında beynəlxalq konvensiyanı diqqətə çəkdi: Bu sənəd mədəni müxtəlifliyin sabit inkişafın təminat faktoru kimi mühüm əhəmiyyət kəsb edir. Xalça Azərbaycan xalqının milli-mədəni sərvətlərindəndir bu sərvəti qoruyub inkişaf elətdirib, gələcək nəsillərə çatdırmaq bizim borcumuzdur. Azərbaycan xalçasının YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınması onun müdafiə olunmasına kömək edər. Qeyri-maddi mədəni irsin əhəmiyyəti qorunmasının cavan nəsil tərəfindən dərindən dərk edilməsi zərruridir.

Bəzən xalçalarımızın öz mənasını itirərək sadəcə dekorativ funksiya daşıdığını deyən Röya xanım, bunun qarşısının alınmasının vacib olduğunu qeyd etdi: Azərbaycanın şəhərlərində və bölgələrində istehsal olunan xalçalar dövlət sərhədlərindən asanlıqla keçərək, çox uzaqlara yayılır. Öz ilkin mədəni kontekstindən ayrılan bu sənət əsərlərimiz mənasını və məqsədini, öz zəngin palitrasını itirir.

Qeyri-maddi irsin dəyişilməz amili olan Azərbaycan xalçası xalqın həyat tərzi, adət-ənənələri, təsərrüfat quruluşu ilə sıx bağlıdır və bunlar naxışların dərin mənasında və işlənməsində öz əksini tapıb. Xalçaçılıq sənəti özündə müxtəlif tarixi təbəqələri dövrləri birləşdirir. Buna görə Azərbaycan xalçasının ənənələrinin qorunub saxlanması onun YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasına imkan verir. Bu, xalçaçı-rəssamlar xalça üzrə dizaynerlər, fərdi toxucular, sənaye miqyasında xalça istehsal edən satan biznesmenlər, alimlər, sənətşünaslar, Azərbaycan xalçasını toplayan, qoruyan tədqiq edən muzey işçilərinin marağındadır.

Bu gün xalça sənətinin durğunluq vəziyyətində olduğunu və bundan çıxış yolu axtarmağın vacibliyini də tədbir iştirakçılarının diqqətinə çatdıran R.Tağıyeva dedi: Xalça sənətini respublika daxilində inkişafı və təbliği ilə yanaşı, beynəlxalq arenada da yüksək zirvələrə qaldırmalıyıq.

Muzey işi üzrə Elmi-Metodik Mərkəzin rəhbəri Əlixan Bayramov da öz çıxışında xalçaların qeyri-rəsmi yollarla xaricə axınından bəhs etdi: Təəssüf ki, bizim xalçalarımız Qazax və erməni xalçaları adı altında yayılır. Qazax sözünü isə Qazaxıstan kimi başa düşürlər. Bu da Azərbaycan xalçalarına vurulan ziyandan başqa bir şey deyil. Amma müəlliflik nöqteyi-nəzərindən bu xalçalar Azərbaycana məxsusdur bizim əqli mülkiyyətimiz hesab olunur.

Xalçaçı-rəssam Eldar Mikayılzadə isə bildirdi ki, zəngin sənət əsərləri əvvəllər yaradılıb, indi isə sadə sənət əsərləri yaradılır: Çalışmaq lazımdır ki, bu sənət öz əvvəlki şöhrətini bərpa etsin.

Regionlardan gələn xalçaçılar, sənətkarlar isə bu qədim el sənətinə laqeyd münasibət göstərildiyini qeyd etdilər.

Qədim Quba xalçaları səhmdar müəssisəsinin rəhbəri bildirdi ki, zəhməthaqqı az olduğundan xalça sənətini öyrənməyə gələn yoxdur. Lakin o da vurğulandı ki, xalçalarımızın YUNESKO-nun Mədəni İrs Siyahısına salınması gənclərə bir stimul verəcək.

Çıxışçıların qənaətincə, xalçaçılığa dövlət tərəfindən diqqət göstərilsə, sənətkarların əməyinə düzgün qiymət verilsə və şərait yaradılsa, bu sənətə güclü axın olacaq.

Sonda isə bildirildi ki, avqustun 15-ə qədər xalçaçılar və sənətkarlar tərəfindən YUNESKO-ya həmrəylik aktı göndəriləcək.

 

 

Mehparə

 

Mədəniyyət.- 2009.- 15 iyul.- S. 3.