Səhnəmizin əvəzsiz Nəsibəsi

 

Hələ övladı olmamışdan qabaq Cahangir Zeynalova verilən Sizin varisiniz kim olacaq sualına o, belə cavab vermişdi: Hələlik mənim varisim var: bizim səhnəmiz mənim varisim ola biləcək ən etibarlı övladdır.

Teatrın gələcəyinə böyük ümid edən teatr xadiminin bu istəyi həyata keçdiyi kimi, onun öz varisi də qaldı ki, atasının yolunu layiqincə davam etdirərək, milli səhnəmizin şöhrətini daha yüksəklərə qaldırdı.

 

Nəsibə Zeynalova atasını erkən itirməsinə baxmayaraq, həm kinoda, həm də teatr səhnəsində parlaq obrazlar qalereyası yaradaraq incəsənət aləminə incə oyun tərzinin şirinliyini bəxş edib.

Nəsibə Zeynalova 1916-cı ildə Bakı şəhərində anadan olub. Atası da qızının onun yolunu davam etdirməsini arzu edib. Müxtəlif truppalarda qısa fasilələrlə fəaliyyət göstərən aktrisa, 1938-ci il aprel ayının 4-də Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Aktrisa həmin ildə, eyni zamanda Teatr İnstitutuna daxil olaraq, Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alıb. Aktrisa öz ömrünü Musiqili Komediya Teatrına bağlayıb, həmin teatrın səhnəsində Nazpəri (Gözün aydın), Şərəf və Nisə (Durna), Xeyransa (Sevindik qız axtarır), Cəhri xala (Altı qızın biri Pəri), Əsmət (Ev bizim, sirr bizim), Fatma xala (Axırı yaxşı olar), Qızbacı (Hicran), Güləndam (Qonşumuzda bir oğlan var), Zeynəb (Boşanaq, evlənərik), Ballı (Qızıl toy) və s. bu kimi maraqlı obrazlar silsiləsi yaradaraq, teatr tariximizi zənginləşdirmişdir.

Aktrisa gülüşə, komediyaya gülüş xatirinə yanaşmamış, güldürərkən nəyə güldürməyin səbəbini dərindən öyrənib, sonra həmin gülüşü öz oyununun təbiiliyi ilə tamaşaçılara çatdırmışdır.

Onun yaradıcılığı təkcə teatrla məhdudlaşmayıb. Sevimli aktrisamız, eyni zamanda müxtəlif teletamaşalarda, səhnəciklərdə, kinolarda da özünəməxsus istedad və təfəkkürlə yaddaqalan obrazlar yaradıb. Aktrisanın kinoda oynadığı rollardan Ögey anada Fatmanisə, Böyük dayaqda Telli, Ulduzda Züleyxa, Qayınanada Cənnət xala, Bəyin oğurlanmasında Əsli xala, O qızı axtarında Xeyransa kimi duzlu, məzəli obrazları misal göstərmək olar.

Nəsibə xanımın yaratdığı Fatmanisə surəti ilə bağlı xatirələrdə qeyd edilir ki, aktrisa bu rola dəvət alarkən, qırx yaşı varmış. Bu kino ekranlarda göstərildikdən sonra gürcü rejissoru Bakıya gələrək, qoca qarı Fatmanisə obrazını oynayan aktrisa ilə görüşmək istədiyini bildirib. Həmin vaxtda da aktrisa başqa bir kinonun çəkilişindəymiş. Nəsibə xanımı çağırırlar, gəlir. Rejissor mən qoca qarıyla görüşmək istəyirəm- deyəndə həmin qoca qarı bu aktrisadır cavabını eşidir. Gürcü rejissoru heyrətini gizlətmədən o cür qoca qarı surətini bu cür məharətlə yaratdığına görə Nəsibə xanıma minnətdarlığını bildirib.

Ümumiyyətlə, akrisanın bütün yaratdığı obrazlar haqqında bu sözləri demək olar. Elə götürək Cənnət xala obrazını. Nəsibə xanımın bu rolu bir çox teatr xadimləri, incəsənət aləmi tərəfindən çox müsbət qarşılanıb. Aktrisa milli adət-ənənələrimizin bütün incəliklərini bu obraz vasitəsilə bir daha real şəkildə tamaşaçılara çatdırıb.

Nəsibə Zeynalova yaradıcılığı elə bir mövzudur ki, onun hər bir obrazı ayrıca təhlil tələb edir. Aktrisa öz müəllimi Aleksandr Tuqanovun da onun komediya ustası olmasını istəməsini öz xatirələrində qeyd edir. Tuqanov tələbəsinə daima tövsiyə verər, tamaşa zamanı real oyuna üstünlük verirdi. O, qeyd edirdi ki, tamaşaçını inandıra bilmək aktyorun ən böyük xoşbəxtliyidir. Müəllimi ona hər tipin özünəməxsus geyim, danışıq tərzi, yerişi və s. hərəkətlərinə diqqət etməyi məsləhət görürdü. Böyük sənətkarımız da müəlliminin bu sözlərini ömrü boyu yadda saxlamış və öz rollarında istifadə etmişdir. Bundan əlavə, aktrisanın atası C.Zeynalov da həmişə deyərmiş: Heç vaxt cəhd etmə ki, tamaşaçını güldürəsən. Əgər surəti düz oynasan və bütün dolğunluğu, dərinliyi ilə tamaşaçıya çatdıra bilsən, gülüş öz-özünə yaranar. Tamaşaçı ürəkdən qəhqəhə çəkib gülər.

Aktrisanın yaradıcılıq səhifələrini vərəqlədikcə, bu sözlərin onun hər roluna necə sirayət etdiyinin şahidi oluruq. O, bu üç məşhur şəxsiyyətin verdiyi məsləhəti öz sənətinə bir şüar edərək addımlayır və şübhəsiz ki, bu məsləhətlər ona uğur gətirdi, yaradıcılıq zirvəsini fəth etməkdə dayaq oldu.

Beləcə, fitri istedada malik olan aktrisa Nəsibə xanım Zeynalova hər rolunun istiliyi və təravəti ilə yaddaşlarda ömürlük yer tutdu...

 

 

Tamilla Yağmur,

ADMİU-nun tələbəsi

 

Mədəniyyət.- 2009.- 17 iyul.- S. 11.