Rəssamlarımızın Xəzəri

 

Azərbaycan təsviri sənətinin çoxəsrlik inkişafı ərzində Xəzər bir çox rəssamların ilham mənbəyi olmuş, istər rəngkarlıq, istərsə də qrafika sahəsində bu mövzuya həsr olunmuş saysız-hesabsız sənət inciləri meydana gəlmişdir. Müxtəlif rəssamların əsərlərində Xəzər müxtəlif maneralarda, əhval-ruhiyyələrdə işlənmişdir. Bir çox tablolarda Xəzərin obrazı, onun ümumi əhvalı, gah günəşin zərrin şüaları altında bərq vuran, gah da şaxtanın sazağında donan suları, dalğaları dramatik, ekspressiv, emosianal patetika ilə doludur, digərlərində isə bu duyğuları lirik, romantik təəssürat əvəzləyir, bəzilərində isə Xəzər başqa prizmadan - sırf industrial nöqteyi-nəzərdən görünür.

 

Xəzərin ölməz obrazlarını yaradan rəssamlar sırasında S.Bəhlulzadənin, T.Salahovun, B.Mirzəzadənin, N.Qasımovun, M.Rəhmanzadənin, M.Xəlilovun, F.Xəlilovun, Y.Mirzənin, Q.Yunusun, R.Muradovun, E.Qurbanovun, M.Allahverdiyevin və bu sıranı zənginləşdirəcək onlarla rəssamın adını çəkmək olar.

Azərbaycan mənzərə rəngkarlığına ölümsüz əsərlər bəxş etmiş təbiət nəğməkarı Səttar Bəhlulzadənin təkrarsız firçası ilə doğma təbiətin ayrılmaz parçası olan Xəzər obrazı özünəməxsus tərzdə canlandırılmışdır. Bakı lövhələri, dəniz, dəniz axşamı, sahil kəndləri Səttar tablolarında Azərbaycan obrazının ayrı-ayrı cizgi və boyalarıdır. Onun mənzərələrində, eləcə də dəniz təsvirlərində təbiət sakit və lirik tərzdə əks etdirilmişdir.

Rəssamın Neft daşları na etdiyi səyahətin nəticəsi olaraq onlarla eskiz, yüzlərlə rəsm və etüdlər meydana gəlir. Məhz bu səyahətin verdiyi zəngin material ona Neft daşlarının görünüşü, Estakada, Xəzər axşamları(1959), Xəzər gözəli(1961) kimi bənzərsiz sənət nümunələrini yaratmağa kömək edir.

Səttar Bəhlulzadənin Xəzər gözəli tablosu, doğrudan da, Azərbaycan rəngkarlığında Xəzərə həsr olunmuş əsərlərin ən gözəllərindəndir. Əsərdə neft daşlarının axşamçağı sahildən görünüşü təsvir edilmişdir. Arxa planda üfüqi xətt boyunca düzülən neft buruqları dumana bürünmüşdür. Onlar, demək olar ki, görünmürlər. Bunun müqabilində isə mavi koloritdə həll olunan tablonun ön planına kiçik qum təpələri üzərində sıra ilə düzülən ağ göyərçinlərin təsviri çıxarılır.

Rəssam Xəzər gözəli əsərində son dərəcə poetik sənaye mənzərəsi yaratmışdır. Dənizin mavilyini özündə əks etdirən quşlar tabloya əlahiddə lirik ovqat gətirirlər.

Xəzər axşamları əsəri də, Xəzər gözəli kimi romantik əhval - ruhiyyədə işlənmişdir. Tabloda S.Bəhlulzadə manerasının ifadəliliyi, emosionallığı özünü aydın büruzə verir.

Rəssamın 1973-cü ildə fırçaya aldığı Xəzər sahili əsərində rəng plastikası və intensiv vurulan yaxı tablonun emosionallığını və dinamik baxımlılığını daha da artırır. Mavi, çəhrayı, ağ rənglərin üstünlük təşkil etdiyi tabloda rəssam ekspressivliyə və təkrarolunmaz ümumiləşdirilmiş obraz yaratmağa nail ola bilmişdir.

Digər böyük sənətkar - Tahir Salahovun əsərlərində Xəzərin daha ekspressiv, dramatik, sənayeləşmiş obrazı ilə rastlaşırıq. Belə əhval-ruhiyyənin parlaq əksini rəssamın hələ ilk yaradıcılıq işləri sırasında olan Növbədən qayıdış (1957), daha sonra Təmirçilər (1960), Neftçi, Yeni dəniz, dəniz fatehlərinin qəhrəmanlığından bəhs edən Xəzərdə səhər və s. əsərlərində görə bilərik. Bu tablolarda daha çox zəhmət insanının Xəzər fonunda ağır əməyi təsvir olunmuşdur. Xəzərin sərtliyi, soyuqluğu sanki, onlara da sirayət etmişdir.

Hələ diplom işi olan Növbədən qayıdış T.Salahovu o zamankı sovet rəssamlarının ilk sıralarına çıxarır. Müasir və bir qədər də ənənəvi mövzuya müraciət etməsinə baxmayaraq rəssam bu əsərdə fədakar əməkdən qaynaqlanan, romantikliyin təminatçısı olan poetik ritmi və dinamikanı özünəməxsus sərt bədii şərhlə göstərə bilmişdir.

Xəzər sahilində tablosunun qəhrəmanı müasir və sadə insandır. O, lakonik və ifadəli yaxılarla təsvir olunmuşdur. Rəssam öz qəhrəmanını doğma təbiətlə-Xəzərlə vəhdətdə canlandırır, onu bu yerlərin hamımıza tanış olan mənzərəsi fonunda göstərir.

Təmirçilər əsərində rəssam yaradıcı əməyin romantikasını, böyük sənaye şəhərinin döyünən ürəyinin ritmlərini canlandırır. Tabloda Xəzərin dalğaları arasında ucalan polad estakadalara doğru yol alan qayıqda üzü tamaşaçılara sarı oturmuş üç təmirçi görünür. Rəssam bu mərd insanların obrazını cəsarətlə tamaşaçıya yaxınlaşdırır. Onların təsvirini iri planda götürüb, dərin psixoloji xarakterlər yaradır. Tablonun ümumi ahəngi kifayət qədər tutqun təsir bağışlayır. Müəllifin fəlsəfi düşüncələrini ifadə edən qara, gümüşü-boz və qırmızı rənglərin kontrastları, qrafik xətlərin dinamikası Təmirçilər lövhəsində açıq-aşkar görünür. Bu rəng düzümü fəhlələrin nigaran, dalğın, qayğılı əhvalları ilə səsləşir.

Əmək insanı mövzusu Xəzərin sahilində (1967) əsərində davam etdirilir. Tabloda sahildə dincələn balıqçı obrazı təsvir olunub. Rəsmdə gərginlik ovqatı olmasa da, təlatümlü dəniz, ümumi tünd kolorit balıqçının gərgin əhvalı ilə səsləşərək dramatik ab-hava yaradır.

Yeni dənizdə bənd üstündə duran fəhlələr yeni dənizə gur suların sürətlə axmasını izləyirlər. Burada öz əməyinin bəhrəsini görən dənizçilərin sevinci ekspressiv tərzdə ifadə olunmuşdur. Dinamik kompozisiya quruluşuna baxmayaraq, tamaşaçıya doğru çevrilmiş fiqurlar duruxmuş halda, sükut içində təsvir olunmuşlar. Bu ziddiyət fəhlə geyimlərinin solğun rəngi altında gizlənən daxili gərginliyi üzə çıxarır.

Rəssamın Xəzərə həsr etdiyi digər maraqlı işləri sırasında Xəzərin sahilində qum təpələri (1969), Xəzəryanı qayalıq(1974), Səhər (1977), Tutqun hava (1977), Xəzərdə fırtına (1978), Xəzərdə ləpədöyən (1978), Sakit Xəzər (1978), Qarpız və dəniz(1997), Nardaransayağı qarpızlar(1997) və digərlərinin adlarını çəkmək olar. Bu tabloların hər birində rəssamın özünəməxsus üslubunun parlaq təzahürləri öz əksini tapmışdır.

Tahir Salahovun Xəzər mövzusuna həsr etdiyi sonuncu şedevri Odlar yurdu triptixinin bir hissəsi olan Xəzər bu gün adlı kompozisiyadır. Tabloda Xəzərin sənaye qüdrəti əks olunub. Rəssam sanki, qloballaşan iqtisadi dünyada Xəzərin əzəmətini, möhtəşəmliyini, əvəzolunmaz iqtisadi əhəmiyyətini tərənnüm edir. Əsərin koloriti də çox uğurla həll olunaraq mövzuyla həmahənglik təşkil edir.

Görkəmli fırça ustası Nadir Qasımov vaxtaşırı olaraq dəniz mövzusuna müraciət etmişdir. Onun tablolarında Xəzərin müxtəlif əhval-ruhiyyələri ilə qarşılaşırıq. O, Xəzəri gah sakit, gah coşqun, gah da faciəvi günlərimizin şahidi kimi təsvir edir. Rəssamın 1990-cı il 20 Yanvar hadisələrinə həsr etdiyi Xəzər. 1990-cı il 20 yanvar əsəri bu baxımdan səciyyəvidir.Tabloda xalqın milli faciəsi Xəzər vasitəsilə əks etdirilmişdir. Əsərin başlıca ifadə vasitəsi rəngdir. Xəzər sanki qan gölünə dönmüş, üzərini isə qara buludlar almışdır. Qırmızı, qara və mavi rənglərin uğurlu vəhdəti ilə həll olunan kompozisiya olduqca dramatik səpkidə həll olunmuşdur.

Rəssamın Xəzər silsiləsində işlədiyi tabloların əksəriyyəti romantikliyi ilə diqqəti cəlb edir. Xəzərin qum təpələri(1973), Dəniz coşur (1975), Yeni neft yataqları (1978), Xəzərdə axşamçağı (1987), Xəzərin günəşi və küləyi (1990), Xəzərdə qızıl gün batanda və s. əsərləri poetizm kökləri ilə aşılanmışdır.

Xəzərin təkrarsız obrazlarını yaradan rəssamlarımız içərisində Mirteyyub Xəlilovun özünəməxsus yeri vardır. Onun tablolarında Xəzərin anbaan dəyişən hallarını, rütubətli ab-havasını, qayalara çırpılan dalğalarını və ancaq Xəzərə məxsus rəngləri görürük. Rəssam dənizi müxtəlif vəziyyətlərdə - istər sakit, istər dalğalı, istərsə də mavi və soyuq - boz rənglərlə işləməyi sevir. Mirteyyub Xəlilovun dəniz motivi qeyri-adi rəng variasiyası kimi səslənir. Bu xüsusiyyətlərin aydın təzahürünə Dəniz kənarında uşaqlar, Külək, Dəniz, Dənizdə axşam tablolarında rast gəlirik.

Rəssamın Xəzər dənizi sahilində tablosu insanla təbiətin vəhdətini göstərməklə yanaşı, Abşeron yayının əlvan rənglərini, dənizin nəhayətsiz zənginliklərini ifadə edərək seyrçiyə xoş təəssürat bağışlayır.

Sənətdə öz izini qoyan görkəmli rəssam Cavad Mircavadovun əsərlərində Xəzər simvol və alleqoriya ilə ifadə olunur. Rəssam öz yurdunu ifadə etməyin fərdi axtarışlarında dərvişə dönmüş, Xəzərin sahilinə - Buzovnaya çəkilib neçə-neçə materialı, üsulu sınaqdan çıxartmışdır. İllərlə əlinə keçəni - qətranı, dəmiri, boyanı tablolara döndərmişdir.

C.Mircavadovun Xəzərdə, Xəzərdə gəmi əsərləri folklordan qaynaqlanan motivləri, dərin fəlsəfi yükü ilə fərqlənirlər. Təsvir olunan obrazlar, istifadə olunan ifadə vasitələri fərdiliyi və orijinallığı ilə seçilir. Qızılı, sarı, qırmızı rənglərin ümumi ahəngi üzərində qurulan Xəzərdə gəmi adlı tabloda rəssamın Şərq motivi və fəlsəfi fikrinə rəğbəti bir daha özünü qabarıq göstərir.

Özünəməxsus üslubu ilə seçilən Yusif Mirzənin əsərlərində Xəzər xüsusi ampluada görünür. Bakının qədim nəğməsi, Xəzərin qədim nəğməsi tablolarında Qobustan qayaüstü təsvirlərinin rəqs edən insanlarının ecazkar səhnəsini görürük. Qədim türk-Şumer motivlərinin üstünlük təşkil etdiyi bu əsərlər uğurlu rəng həlli ilə diqqəti cəlb edir.

Müasir nəsli təmsil edən Murad Allahverdiyevin əsərləri xüsusi ifa tərzi ilə fərqlənir. Onun Xəzər üzərində alaqaranlıq əsərində səhər tezdən dan yerinin sökülməsi çox məharətlə ifadə olunub. Tutqun, bozumtul rəng həllinin üstünlük təşkil etdiyi tablonu dənizdə üzən gəmi, kompozisiyanın bir hissəsini tutan və rəssamın mücərrəd düşüncəsinin ifadəsi olan rəngarəng tikililər, tarixi Qız Qalası daha da baxımlı edir.

Tarix boyu parçalanaraq düşmənə qarşı birlikdə mübarizə apara bilməyən Bakı da daxil olmaqla tarixi Azərbaycan vilayətlərinin Xəzər ətrafında xəritə formasında verilməsi rəssamın dərin düşüncə qabiliyyətinin təcəssümüdür.

Ümumiyyətlə, Azərbaycan rəngkarlığında az-az rəssam tapılar ki, heç olmasa bir əsərini də bu təbiət incisinə həsr etməsin. Bu tablolar onlarla məqaləyə sığışmayacaq saydadır.

Zaman keçəcək və Xəzərin şahanə obrazı hələ neçə-neçə rəssam fırçasından həyat alacaq.

 

 

Nuranə Səlimli,

sənətşünas

 

Mədəniyyət.- 2009.- 17 iyul.- S. 8.