115 ölkə içində

 

Müəllim həmişə xöşbəxtdir, fəxr edir ki, onun şagirdləri var və o bu yolda şagirdlərinə nəsə öyrədə bilir. Mən Ulu Tanrıdan həmişə razı olmuşam. İ.M.Əbilov adına Mədəniyyət Mərkəzi nəzdindəki Mədəniyyət inciləri teatrında çalışan şagirdlərimi yaxın gələcəkdə əsl incəsənət fenomeni, sabahkı həyatın memarı kimi görəndə xöşbəxtlik və sevgi dolu yaşam tərzindən məhrum olmadığımı hiss edirəm.

 

Elə İsmayıl Əlizadə və Samerlan İsgəndərov da məncə, bu gələcək memarlardandırlar. Əslində şagirdlərimin hamısı canda ruh, damarda qan, qəlbdə ürək kimi mənə əzizdirlər. Lakin bu iki yeniyetmənin yeri qeyri-adidir.

Xatırlayırsızsa, 7-ci Ölkələrarası Türk Olimpiyaları (7. Uluslararası Türk Olimpiatları) keçirilirdi. Doğma türk dilimizi dünya birliyinə sevdirmək, bütün ölkə xalqlarına çatdırmaq naminə yeni layihə-müsabiqəsinə start verildi. Müsabiqəyə qatılan minlərcə məktəbli arasında şagirdlərim İsmayıl və Samerlan da vardı.

Günlərin bir günü teatrda məşqdəydim. M.Ə.Sabirin yaradıcılıq gecəsinə hazırlaşırdıq. Birdən qapı döyülmədən açıldı və İsmayılla Samerlan xoşbəxt, sevgi dolu nəzərlərlə üstümə qaçdılar.

- Müəllim, gözünüz aydın, biz müsabiqənin qalibləriyik!

Doğrusu, qəhər məni yaman boğmuşdu. Həyəcan, sevinc qarışıq qışqırıq qulaqlarımı bir anlıq batırdı. Bu xəbərə necə sevindiyimi sözlə çatdira bilmədim, uşaqlara. Həmən gün elə bilirdim həyatda bütün istəklərimə məhz bu gün çatmışam. Müsabiqənin şərtlərinə görə qaliblər Türkiyəyə getməli, 115 ölkə arasında öz vətənlərini, doğma dillərini təmsil etdirməliydilər. Bax, İsmayılın da, Samerlanın da elə birinci qeyri-adiliyi bu idi. Azərbaycan və onun dilini təmsil etmək.

Nəhayət, o gün gəlib çatdı. 26 may 2009-cu il teatrımızın fəalları İsmayıl Əlizadə və Samerlan İsgəndərov Türkiyə Respublikasına yola düşdülər. Hə, indi gəl döz, müəllim ürəyi, görüm necə dözürsən! Müsabiqədə iştirak edənlər Naxçıvan Muxtar Respublikası məktəbliləri ilə birlikdə 38 nəfər şagird-müəllim heyəti idi. Allah amanında! Şagirdlərimin sağ-salamat Vətənə dönmək arzusuyla o günü gözlədim...

Qardaş ölkədə təşkil olunmuş Dünyanı sevgi dili altında birləşdirək! konsert proqramında həmvətənlərimizin çıxışı dünyanın dörd bir yanından gəlmiş tamaşaçı alqışına qərq olmuşdu. Xüsusiylə vurğulamaq istəyirəm şagirdlərimi. İsmayıl Əlizadənin ifasında səslənən şeir, Samerlan İsgəndərovun ifasında səslənən Qarabağ şikəstəsi dilindən, dinindən, irqindən asılı olmayaraq, hamını heyran qoydu. Aman tanrım, bu uğuru gözlə görüb, dillə danışıb yazmaq necə də çətindir mənim üçün. İsmayıl deyirdi ki; -Müəllim, göz işlədikcə iri hərflərlə yazılmış

 

Hep birlikde yeni bir dünya kuruyoruz

Sevgi dili-Türkce konuşuyoruz!

 

misraları məndə bir ruh yüksəkliyi, vətənə sevgi bağlılığı, anaya, ataya, müəllimə hörmət qayğısını aşılayırdı.

Mən fürsətdən istifadə edib İsmayılın, Samerlanın və digər azərbaycanlı məktəblilərin bu müsabiqəyə qatılıb, doğma dillərini bütün dünyaya sevgi dolu hisslərlə çatdırmaqda zəhmət çəkib, onlara yaxından köməklik göstərən hörmətli Türkiyə vətəndaşı, müəllim Hüseyin Karahana öz və həmkarlarım adından minnətdarlığımı bildirirəm.

3 həftə, hər gün Türkiyənin müxtəlif şəhərlərində möhtəşəm konsert proqramlarıyla çıxış edən azərbaycanlılar hər çıxışlarında Azərbaycan bayrağını zirvələrə qaldıraraq, ayaqüstə alqış sədalarıyla müşayiət olunurdular. Azərbaycan bayrağı hər dəfə İsmayıl şeir söyləyərkən, Samerlan muğam oxuyarkən zirvələrə ucalıb, insanların ayaqüstə alqışlarıyla müşayiət olunanda qəlbim sanki fərəhdən sərhədləri qucaqlayırdı.

Hələ şagirdlərimin canlı yayımlanan televiziya verilişlərindəki çıxışlarını demirəm. Həmin gün bütün evlərdən bayram əhval-ruhiyyəsi, qələbə hiss-həyəcanı duyulurdu.

Qısa zamanda şagirdlərim özlərinə xeyli dostlar tapdılar. Çin, Fransa, Amerika, Norveç, Rasiya və b.ölkələrdən Türkiyəyə müsabiqəyə gəlmiş məktəblilər doğma dilimizdə sərbəst danışır, adət-ənənələrimizə hörmətlə yanaşırdılar.

- Əcnəbi dostlarla necə ünsiyyət qururdunuz? - deyə sual verəndə İsmayıl ürək dolusu belə cavablandırdı:

- Müəllim, hər konsertdən sonra hoteldə də, oxu zalında da əcnəbi dostlarımıza milli sərvətlərimizdən, dahi inqilabçılarımızdan, milli teatr tariximizdən, bayrağımızın, himnimizin yaranma tarixindən saatlarla məruzələr oxuyurdum. Ara-sıra Vətən, sevgi, ana mövzularında şeirlər də oxuyurdum.

- Bəs sən nə məharət göstərirdin, ay Samerlan - deyə ona baxdım.

- Mən də onlar üçün Qarabağ şikəstəsi, Şur təsnifi, muğamlar oxuyurdum. Hətta sonra məndən xahiş edirdilər ki, oxuduğum mahnıları onlara da öyrədəm - deyə Samerlan cavab verdi.

- Uşaqlar, daha hansı yaddaqalan təəssüratlarınız var, danışın.

İsmayıl adəti üzrə Ünlü sunucu (azərbaycanca tanınmış aparıcı deməkdir) kimi çıxışa başladı:

- Müəllim, bir gün Kayseri stadionunda konsertdəydik. 35 min nəfərlik yerə 60 min bilet satılmışdı. Təsəvvür edin, stadion az qalsın ki, üstümüzə gəlsin. Göz işlədikcə Azərbaycan-Türkiyə!, Yaşasın sevgi dolu dilimiz!, Biz - iki dövlət, bir millətik! kimi səslənən şüarlar bir anlıq məni həyəcana bürüdü. Hələ bu harasıdır, mənim çıxışımda əllərdə bayraqlarımız havada dalğalandıqca sanki mənə ilham verirdi. Səsimin tonunu bir az da qaldıraraq var gücümlə çıxışıma davam edirdim. Müəllim, inanırsınız, hələ 10-15 min seyrçi stadiona daxil ola bilməmişdi. Onlar bizi stadionun çölündən böyük manitorlarda izləməli oldular. Həmin gün heç yadımdan çıxmayacaq.

İsmayıl danışdıqca onun keçirdiyi sevinc hisslərini mən artıq əvvəlcədən hiss etmişdim. Bir də ki, kimin yadından çıxar belə bir gün. Sadəcə rəqəmlərə diqqətlə nəzər salsaq, onların çıxışlarının nə dərəcədə diqqət mərkəzində olduğunu müəyyən etmiş olarıq.

Uşaqlar danışdıqca şirin hadisələr sanki gözümün önündəcə film kadrı tək canlanırdı.

- Mən qeyri-ixtiyari davam edin, uşaqlar! Mən bu uğurları əzbərləmək istəyirəm, - dedim.

İsmayıl çıxışına davam etdi:

- Türkiyənin bir çox şəhərlərində - Ankara, İstanbul, Kayseri, Kırşehir, Adanaceyhanda təşkil olunmuş möhtəşəm konsert proqramlarında da çıxışlarımız olduqca uğurlu, milyonlarla tamaşaçı məhəbbəti qazandı.

Bir dəfə də Ankarada ASKİ deyilən böyük konsert salonunda tədbirdəydik. Müəllim, birdən məni konsertin aparıcısı kimi təqdim etdilər. Təsəvvür edin, milyonlarla insan və mən meydanda tək. Konserti giriş sözü ilə açdım. Ardıncada şeirimi (Millət ruhu müəllifi F.Gülən) söylədim. Yenicə çıxışımı qurtarmışdım ki, salondan ucalan Azərbaycan! Azərbaycan! səsləri ətrafı bürüdü. Sevinc həyəcanından məni qəhər boğdu. Səhnədən necə çıxdığımı hiss etmədim. Kulisdə dostlarımız mənə dedilər ki, sağ ol, İsmayil! Çıxışını baş bakan Rəcəb Tayyib Ərdoğan da bəyəndi. Özümü ələ alıb alandan nəfəs dərəndən sonra gördüm ki, konsertə Türkiyənin baş naziri də gəlibmiş.

Digər bir konsertdə Türkiyənin tanınmış şou ulduzları bizi tək buraxmadılar. Ebru Gündeş, Sərdar Ortac, tanınmış aparıcı Reha Yeprem bizimlə bir səhnəni paylaşdılar.

İsmayil danışırdı, mənsə beynimdə yeni-yeni səhnələr, obrazlar canlandırırdım.

Beləcə, yaddaşlardan silinməyən o gözəl günlər geridə qaldıqca, qarşıda yeni günlər, yeni yollar işıqlanırdı. Bu işıqlı yollarla gələcəyə addımlayıb, yeni-yeni dünyalar kəşf etməyə başlayacayıq.

Sağ-salamat şagirdlərimiz Vətənə döndülər. Mədəniyyət inciləri uşaq teatrı məktəbi daxili baxış-imahan tamaşasına hazırlaşırdı. Biz bu dəfə dahi Şərq bəstəkarı Ü.Hacıbəylinin Müsəlmanların halı komediyasına müraciət etmişdik. Teatrımızın fəallarından Tural, Sərdar, Fərid baş rolları oynayırdılar. İsmayıl da əsas obrazı- Kefli Xanı canlandırırdı. Cəmi 30 dəqiqə çəkən səhnəcik qonaqlar tərəfindən yüksək qiymətləndirildi. Tamaşa qurtardı. Foyedə ədəbiyyatşünas Firudin Qurbansoyla rastlaşdım. Görüşdük. Firudin müəllim tamaşadan razı qaldığını bildirdi. Bir az söhbət etdik. Elə bu ara gözüm İsmayıla sataşdı. İsmayıl hələ obrazdan çıxmamışdı. Əynində Xanın geyimi onu yanıma çağırdım. Firudin müəllim əlini İsmayılın çiyninə qoyub dedi:

- Əhsən sənə, möhtərəm Xan! Meyvə şirəsini elə içirdin ki, mən elə zənn etdim sən şərab içirsən. Sən səhnəmizə lazımlı aktyor olacaqsan.

- Firudin müəllim, mən də Sizin fikrinizlə həmrəyəm. Amma İsmayıl məni məyus edib, - deyə heyifsiləndim. İsmayıl qəti qərar verib ki, polis olacaq. Ən böyük arzusu Polis Akademiyasına qəbul olmaqdır.

Firudin müəllim gülüb dedi:

- Lap yaxşı! İsmayıl incəsənəti oxuya-oxuya, öyrənə-öyrənə polis olacaq. Hamımız güldük.

Sevincimin üstünə sevinc gəlir. Bugünlərdə Azadlıq Hərəkatçıları Birliyinin layihəsi əsasında Natiqlərin I Ümumrespublika müsabiqəsi keçirilir. Digər sevimli şagirdim Sərdar Hüseynov müsabiqədə 330 bal toplayaraq III olub. Maşallah, şagirdlərimin uğurları günbəgün artmaqdadır.

Hazırda teatrımız türk yazarı Ergin Köseoğlunun Övkeli Padişah psixoloji komediyasını hazırlayır. İnşallah, yeni dərs ilində türk dilində yeni tamaşa ilə görüşünüzə gələcəyik. Qəzetimizi izləməyə davam edin!

Hə, əziz oxucularım! Sizinlə bir görüşümdə bax beləcə başa çatır. Bəlkə də yazımı oxuduqdan sonra düşünəcəksiniz: Eh, müəllimə bax, şagirdlər arasında fərq qoyur, iki şagirdini yamanca təriflədi. Bəlkə də yanılıram.

Amma bir düşünün. 14-15 yaşlarında yeniyetmələrin 115 ölkə arasında Azərbaycan bayrağını zirvələrə qaldırıb Yaşasın Azərbaycan! şüarları ilə müşayiət olunması bizim üçün fəxarət deyilmi?! Hər dəfə bayrağımız zirvələrə ucalanda bizim də fərəhdən ruhumuz ucalmırmı?! Düşünün, bir müəllim ürəyi belə rəngarəng şagird dünyasını necə də yazmasın?!

Bəli, bu uğurlar bizim, bütün Türk dünyasının uğurlarıdır! Bu gün Vətəninə, onun müqəddəs dininə, dilinə, bayrağına hörmət və ehtiram edən hər bir məktəbli dost haqqında danışmayıb, yazmamaq ən azı günah sayılar.

Vətəni, bayrağı, doğma dili üçün böyük məsuliyyət hiss edib, sevgisi, sevinci naminə üçrəngli bayrağını 115 ölkə içində zirvələrə yüksəldən şagirdlər - Azərbaycan övladları, valideyn üçün sevinc, müəllim üçün xoşbəxtlik, Azərbaycan üçün isə fəxr ediləsi deyilmi?!

 

 

Racu Şıxlı ƏLİOĞLU

 

Mədəniyyət.- 2009.- 22 iyul.- S. 9.