İsveçrədən Azərbaycana qələbə sorağı

 

20 yaşlı cazmen İsfar Rzayev-Sarabski Montro Caz Festivalında qalib gəlib

 

İyul ayının 2-dən 19-dək İsveçrənin Monrto şəhərində ənənəvi Beynəlxalq Caz Festivalı keçirilib. Arıtq 43-cü dəfə baş tutan bu sənət bayramında Azərbaycan musiqiçiləri iştirak edib.

 

Azərbaycan Mədəniyyət Turizm Nazirliyinin İncəsənət şöbəsinin müdiri Fərəh Əliyevanın dediyinə görə, bizim musiqiçilər festivalda iyulun 16-dan etibarən cazsevərlərin qarşısında öz çıxışlarına başlayıblar. İyulun 15-dən başlayaraq, Montro Caz Kafe adlanan məkanda xüsusi layihə kimi Şərq həzzi: Azərbaycan silsilə konsertləri keçirilib. Layihə çərçivəsində, iylun 15- Montro Caz Kafe məkanında Emil İbrahim öz qrupu ilə, ertəsi gün isə Zülfüqar Bağırovun kvarteti çıxış ediblər.

İyulun 18-də isə Pötet Pale hotelinin konsert salonunda əməkdar artist, pianoçu-bəstəkar Salman Qəmbərovun qrupu (Vaqif Əliyev - piano, Tofiq Cabbarov - zərb, Emil Hüseynov - bas gitara) möhtəşəm konsert verib.

Konsertlərdən təəssürat qədər güclü olsa da, Azərbaycan cazının ən böyük uğuru Montro festivalının müsabiqə proqramında qazandığı uğurdur. Belə ki, müsabiqə iştirakçıları əvvəlcədən CD-lərlə seçilib. Bakı Musiqi Akademiyasının tələbəsi, 20 yaşlı İsfar Sarabski ayın 17- keçirilən solo-piano üzrə yarımfinalda iştirak edib. ABŞ, Macarıstan, Almaniya, İsveçrə, Fransa, Polşa, Gürcüstan kimi böyük caz ənənələrinə malik ölkələrin təmsil olunduğu yarımfinalda İsfar Bill Evansın bir kompozisiyasını Qara qaşın vəsməsi Azərbaycan xalq mahnısı üzərində öz caz improvizasiyasını ifa edərək finala çıxıb. Yalnız 5 nəfərin buraxıldığı finalda özünün bəstələdiyi Novruz caz kompozisiyasını ifa edən İsfar müsabiqəni qələbə ilə başa vurub. Yeniyetmə gürcü caz-pianoçu Beka Qoçiaşili ilə birinciliyi bölüşən İsfar Sarabski, həm tamaşaçı rəğbəti nominasiyasının da qalibi olub. Beləliklə, gənc musiqiçimiz iki il əvvəl cazmen Şahin Növrəslinin ikinci mükafat qazandığı ənənəvi Montro Beynəlxalq Caz Festivalındakı uğuru bir daha sübuta yetirib ki, Azərbaycan cazının belə nüfuzlu sənət yarışmalarındakı nailiyyəti təsadüfi deyil. Yeri gəlmişkən, deyək ki, İsfar Sarabskinin adı Azərbaycandan başqa, xarici cazsevərlərə yaxşı tanışdır. İsfar indiyədək Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə bir neçə beynəlxalq müsabiqədə iştirak edib.

Fərəh xanımın dediyinə görə, İsfarın bu qələbəsi iyulun 18-də keçiriliən Azərbaycan gününə marağı xeyli artırıb. Həmin gün yerli vaxtla qədim Şiyon qəsrində nümayəndə heyətimizin verdiyi ziyafətdə bizim milli xörək şirniyyatlarımız qonaqlara təqdim edilib. Azərbaycan milli geyimləri ilə, vətənimizə həsr olunmuş stendlə tanış olan qonaqlar dünyaşöhrətli Əzizə Mustafazadənin Odlar yurdunun hekayəti adlı solo-konsertindən böyük zövq alıblar.

 

 

Gülcahan

 

Mədəniyyət.- 2009.- 22 iyul.- S. 3.