Günahkar

 

   Göydən elə bil yerə od ələnirdi. Həmişə yamyaşıl olan ağaclar bir leysan yağışa həsrət idi, tozdan rəngi bilinmirdi. Belə havada kənd yolunda avtobus gözləmək bezdirici olsa da, başqa çıxış yolu yox idi. Günorta mütləq evə qayıtmalıydı.

    Anasınin pay-pülüş yığdığı çanta çox ağır olduğundan gücü çatmayacağını görüb içindəkilərdən bir az boşaltmaq istədi. Anası razılaşmadı:

   -Dayanacağa qədər mən kömək edərəm. Bəlkə maşından-zaddan da rast düşdü, bir də avtobusu gözləməzsən.

   -Ay ana, xəstə ürəklə… nə vacibdi. Bazar evimizin yanındadı.

   -Onlara verdiyin pula uşaqlara başqa şey alarsan.

   Adamın nəfəsini kəsən istidə ağır çanta aparmağa həvəsi olmasa da, xəstə atasının amiranə baxışlarını görüb susdu.

    Kənd camaatının toplaşdığı avtobus dayanacağında indi gözə heç kim dəymirdı. Bir azdan qonşu kənddən gələn yolda bir maşın göründü. Yanlarından ötüb aralıda dayandı. Maşından düşən oğlanla orta məktəbdə bir sinifdə oxumuşdular. Salamlaşıb hal-əhval tutanacan maşın yerindən tərpəndi. Anası nə fikirləşdisə:

   -Ay bala, maşın kimindi?

   -Tanışdı, xala, saxladım?

   - Tanışdısa, hə.

   Oğlan bir anlıq duruxub qaldıqdan sonra fit çaldı. Uzaqlaşmağa başlayan “06” geri qayıtdı.

   -Qardaş, bu gəlini də apar, tanış adamdı, yolda qalmasın.

   -Çox sağ ol. Allah səni saxlasın. Üzünü qızına tutub:

   - Bayaqdan məni dərd götürmüşdü ki, bu ağırlıqda çantayla avtovağzaldan evə necə gedəcəksən. Yaxşı oldu, elə taksi pulunu verərsən, qapınıza qədər sürər.

    Özü getsə də, ürəyi valideynlərinin yanında qaldı. Anası ilə sağollaşdı. Sürücüyə salam verib cantanı oturacaqda yerləşdirməyə çalışdı.

   -Yaman ağırdı, deyəsən? Nə yığmısan içinə? Doludu. Yoxsa yük yerinə qoyardıq, rahat oturardın.

   -Eybi yox, belə də yaxşıdı.

   Bir tərəfdən atasının xəstələnməyi, bir tərəfdən dolanışıq çətinliyi fikirlərini dolaşdırmışdı. Tamam diqqətsiz olmuşdu. Hər dəfə kəndə əliboş gedib, əlidolu qayıtmaq ona yaman ağır gəlirdi. Əslində indi valideynlərinin köməyə daha çox ehtiyacı vardı. Kasıbçılığın üzü qara olsun, adamı hər yerdə çarəsiz qoyur.

   - O arvad kimiydi, aaz?- kobudluqla səslənən sualdan diksindi. - Anandı?

   - Hə.

   Ləhcəsindən sürücünün yerli olmadığını bilib təəssüfləndi. Yoldaşına demişdi ki, kənd avtobusu ilə qayıdacaq. Yəqin tanımadığı adamın maşınında gəldiyini biləndə əməlli-başlı hirslənəcəkdi. Əvvəllər bu yerlərin camaatı bir-birinə bacı-qardaş kimi idi. Kimin maşınıyla olsa istədiyi vaxt arxayınca kəndə gedib-gələ bilirdi. Qarabağın işğalından, qaçqınlar bu yerlərdə məskunlaşandan sonra vəziyyət tamam dəyişmişdi. Bəziləri dünya boyda dərdləri olsa da, insanlığını qoruyub saxlamış, yerli camaatla qaynayıb - qarışmışdılar. Bəziləri isə mənəviyyatlarını da erməni tapdagında qoyub gəlmişdi elə bil…

    “Bilsəydim gəlmələrdəndir heç maşınına minməzdim”. Özü də hiss etmədən ürəyindən keçənləri bərkdən dedi.

   -Qaçqın olanda noolar. Bəyəm biz adamyeyən-zadıq?.. Hələ bəlkə dost da olduq.

   Arxaya çevrilib mənalı-mənalı irişdi.

   Sürücünün gözü güzgüdən ona zillənmişdi. Hissiyyatı ona deyirdi ki, təəssüflənməkdə haqlıdır. Həyəcandan yanaqları allandı. Bu, özündə ən acığı gələn xüsusiyyət idi. O dəqiqə qızarırdı. Müsahibi sıxıldığını hiss edib bir az da ayaqlandı:

   - Hə, nə deyirsən, tanış olaq?.. Nəsibdi adım. Eşitməmiş olmazsan. Rayona gedən yoldakı yeməkxananı işlədirəm.

    Bu özündən razı təqdimat gəlini əsəbiləşdirdi. Ürəyində “nə mədəniyyətsiz adamdı bu. Səndən soruşan var ayın neçəsidi?” dedi. Danışmağa, həm də tanımadığı biri ilə həmsöhbət olmağa heç həvəsi yox idi. Düşüncələriylə qala bilsəydi, daha yaxşı olardı. Kimliyini tamlığı ilə aydınlaşdıra bilməsə də, qarşısındakının “ad çıxarmış” biri olduğunu başa düşmək çətin deyildi. Həm havanın, həm də keçirdiyi həyəcanın istiliyi nəfəsini kəsirdi. Ömründə heç vaxt belə axmaq vəziyyətə düşməmişdi. Amma deyəsən, yaman yerdə axşamlamışdı.

   -Yaman istidi hə. Heç adam da belə havada çölə çıxar. İndininki dağın sərin havasıdı. Kababdan yeyəsən, sərin sudan da içib istirahət edəsən. Düz demirəm?

   Nə cavab verəcəyini bilmədi. Ona görə də susdu.

   -Yoldaşını yaxşı tanıyıram, sarışın hündürboy oğlan deyil? Deyəsən, axı o da biz tərəflərdəndi? Hə, necədi razısan qarabağlılardan?

   - Hər yerin yaxşısı da var, pisi də. Xoşbəxtlikdən mənim qismətimə yaxşısı çıxıb. İnsanlığı ki, var, bəsimdi.

    Oturacağın üstündəki çantaya işarəylə:

   - Amma səni yaxşı dolandırmır, deyəsən. Qohumlarının köməyi olmadan keçinə bilmirsiz, yəqin?

   Söz gəlinin heysiyyətinə toxundu. Qarşısındakının dediyində həqiqət olsa da, bunu başqalarının bilməsini heç istəməzdi:

   -Yox, niyə ki, ana ürəyidi, yediyindən bizə də yedirtməsə, sakit olmaz. Bir də ki, indi hamının özünə görə çətinliyi var.

   -İşliyirsən?

   Bu sorğu - sualdan asanlıqla can qurtara bilməyəcəyini görüb candərdi cavab verdi:

   -Hə.

   -Lap işləsən də, nə qədər maaş alacaqsan ki, yenə bir qazanclı iş olsaydı.

   - Öz xərclərimə çatır. Öz-özünə “bu rayonda iş tapmağın özü samanlıqda iynə axtarmaq kimi bir şeydi. Bir də ki, əziyyətlə ali təhsil almışam, maaşı azdı deyə evdə oturum? Lap tutaq ki, evdə oturdum. Neyləyəcəm?”, - deyə düşündü.

   Sürücü güzgüdə gəlindən gözünü çəkmirdi. Mənalı- mənalı:

   -Amma yaxşı qazanclı işlər də var… Gərək zəmanənin nəbzini tuta biləsən.

   Yol elə bil sicim kimi uzanırdı. Ürəyinə yüz cürə fikir gəlirdi. Birdən ağzıgöyçək biri onu bu maşında görsəydi...Onsuz da işsiz-gücsüz adamlar ağına - bozuna baxmadan ağızlarına gələni danışmağa adət eləmişdilər. Düşündüklərindən yanaqları bir az da qızarıb - pörtdü. ”Allah məni öldürsün, nə ağıl elədim mindim bu maşına. Gərək avtobusu gözləyəydim”. Sürücü elə bil onun düşüncələrini oxuyurdu. Başını geriyə döndərib:

   -Bir az bu tərəfə otur. Birdən maşınımda kimsə tanıyar. Söz-söhbət çıxmağını istəməzsən, hər halda. Özüm üçün yox a, sənə görə deyirəm.

    İxtiyarsız oturacağın ortasına tərəf sürüşdü. Bu vaxt başını geriyə döndərmiş sürücünün nəfəsini üzündə hiss etdi. Gözlərindəki hiyləgər, şikarını tora saldığına arxayın ifadə diqqətindən yayınmadı.

    -Qorxma. Mərkəzdə adam çox olur. Kənar küçədən sürərəm, görən olmaz.

   -Qorxmalı bir şey yoxdu, - desə də, ürəyi səksəkədəydi. Bu yaşacan kimdənsə və nədənsə çəkindiyi olmamışdı. İndisə özünü tanıya bilmirdi. Yəqin qarşısındakı çox peşəkar olduğundan zəif damarını tuta bilmişdi.

   -Niyə danışmırsan.. Dost olursan mənimlə?

    ”Dost” sözünün sətiraltı mənasını yaxşı bilsə də, özünü avamlığa qoydu:

   -Nə dost? Adam hər rastlaşdığıyla dost olur? Özü də indiki zamanda.

   - Burda pis nə var ki? Zamana nə olub ki. Əslində zaman elə bizim zamanımızdı. Azad... Sərbəst... Adını da demədin heç. Demirsən demə. Necə olsa öyrənəcəm.

   Tez-tez üzünü yana çevirib gəlinin üzünə baxırdı . Nəfəsi gəlinin alışıb-yanan sifətini qarsıdırdı elə bil. Hər dəfə də həyasından haldan - hala düşürdü. Az qalırdı desin ki, yoluna baxsana. Amma bunu deməyə üzü gəlmirdi. Ürəyində özünə söylənirdi ki, “Arığın nə işi var qoruqda, vurub ayağını da sındıralar”.

   - Neçə yaşın var? Arada rastlaşıram. Uşaqların hələ balacadır. Yəqin 25-zad olar.

   İstehzayla gülümsündü.

   -Nə danışırsız, 25 nədi, 40 yaşım var mənim.

   - Ola bilməz. Heç elə görünmürsən.

   “Nə işə düşdüm? Bircə evə tez çatsaydım...”

   - Yəqin gec ərə getmisən. Nə əcəb? Gözəl - göyçək gəlinsən . Özü də nə siz, biz salmısan , yarım saatdı yol gəlirik. Dostlaşmadıq daha?

   Amiranə, mədəniyyətsizcəsinə verilmiş suallarda qələbəsinə tam arxayınlıq duyulurdu. Həyəsızlıq yağan sifətini bir də geriyə çevirib düz gözlərinin içinə baxdı. Gəlin özünü topladı: ”Bunu yerində oturtmaq lazımdı. Yəqin elə bilib ki, yaşım azdı, təcrübəsizəm. Qadının da başına nə faciə gəlsə utancaqlığından gəlir”. Yadına adını və müəllifini xatırlamadığı kitabdan nə vaxtsa oxuduğu bir cümlə düşdü. “Bəzən ən çıxılmaz vəziyyətdə kobudluq, qəddarlıq və həyasızlıq qadının özünümüdafiə silahı olur”.

   - Nə dostlaşmaq? Sizin kimisiylə... Yenə ailəniz yanınızda olsaydı, başqa məsələ..

    Nə qədər qətiyyətli olsa da, kobudluq eləməkdən çəkindi. Beləsindən nə desən gözləmək olardı. Onsuz da axır vaxtlar cibinin qalınlığına arxayın olanlar ağıllarına gələni eləməkdən çəkinmirlər.

   -Maşınınızın nömrəsi neçədi?

   -Niyə soruşursan ki?

   -Heç, yoldaşıma kimin maşınında gəldiyimi deməliyəm axı.

   Səsindəki qətiyyətdən razı qaldı. Sıxıntısı keçib getmişdi. Həm də evlərinə çatmağa az qaldığından bir az ürəklənmişdi.

   -Nə vacibdi kimlə, nəylə gəldiyini ərin də bilsin.

   - Küçənin axırında saxlıyın, zəhmət olmasa.

   Çatdığına sevinirdi. Ona elə gəlirdi ki, maşından düşən kimi böyük bir bəladan qurtaracaq.

   - Sən məni tanımadığına baxma, evinizə qədər apararam, ünvanı bilirəm. Neçə ildi bu rayonda yaşayıram. Daha biz də elə buralı kimiyik. Bir də mənə bax, hara tələsirsən, gedək kababdan - zaddan yeyək... Dostluğumuzu qeyd edək.

   - Daha lap elədiz ha.

   Gəlinin üzü yaman bozarmışdı. Bu, deyəsən, müsahibinə xoş gəlmədi:

    - Bayaqdan başqa cür idin .Utanırdın. Üzün nə yaman döndü birdən. Nə oldu ki?

    Əl çantasından iki manat pul çıxarıb qabaq oturacağa atdı:

   -Saxlıyın maşını.

   Pulu görən sürücünü elə bil ilan vurdu:

   -Sən mənə pul verirsən? Mənə..? Sənin bütün nəslini satın alaram pulumla.

   Manatları qamarladı. Hirslə əlində əzib gəlinin üstünə atdı. Çathaçatda sürəti bir az da artırıb küçəni ötdü.

   -Saxla demirəm sənə. Həyasızlığın həddinə bax. Qızınla, bacınla belə rəftar eləsələr, xoşuna gələr? Səviyyəsizin biri. Başın bədəninə yaman ağırlıq edir, deyəsən.

   Hirsindən bütün bədəni əsirdi.

   -Qorxdun... hə qorxdun? Rişxəndlə irişdi.

   Əyləcin səsi kəsilməmiş maşının qapısını açıb özünü yerə atdı. Çantanı hirslə dartıb maşından çıxardı. Sürücü sülh yaratmağa çalışdı:

   -Mən elə bildim dil taparıq səninlə. Sən yenə bir yaxşı fikirləş.

   -Belə bacarıqlıydınsa, torpağını qoyub gəlməyəydin də. Buralarda meydan sulamağa hələ üzün də var? Sahib olduğun pullarını erməniyə qoyub gəldiyin torpağını geri qaytarmaq üçün xərclə. Özünü yerli sayana bax. Əvvəlcə adətlərimizə hörmət eləməyi öyrən. Daha səni adam bilib maşınına minən qız-gəlinə tamah salma, qeyrətsiz.

   Gəlinin son sözləri güllə kimi dəydi. Qapısını örtməyə macal tapmamış maşın uğultuyla yerindən sıçradı. Toz -duman içində görünməz oldu.

    Baş verənlərdən özünü itirmişdi. Amma birnəfəsə də olsa ürəyindəkiləri deyib, bir az sakitləşmişdi. Xoşbəxtlikdən küçədə heç kim gözə dəymirdi. Əvvəlcə istədi yoldaşına heç nə deməsin. Sonra fikrindən daşındı. İndiyədək ondan heç nə gizlətməmişdi. Həm də belə həyasız adamdan hər şey gözləmək olardı. Birdən yanında ağlına gələni danışar, o da pis vəziyyətdə qalardı.Yenə xəbəri olsa vaxtında ağzını yumardı. Bir tərəfdən də qorxurdu ki, üstünə davaya gedər, heç nədən işə düşər. Bir qərara gələnəcən yoldaşı gəlib çıxdı.

   - Nə yaxşı evdəsən? Bəs demədin ki, avtobusla gələcəksən? Mən də işdən tez çıxdım ki, səni qarşılayım.

   -Maşın rast düşdü.

   -Kimin maşını idi?

   -Nə bilim? Deyəsən, sənin yerlilərindən idi.

   Özünü itirmişdi. Həyəcandan əlləri əsirdi.

   -Necə yəni, nə bilim? Diqqətlə gəlinin üzünə baxdı. - Nəsə olub?

   Bir qərara gələ bilmirdi. Özünü günahkar bilməsə də, ərinin davamlı baxışları altında az qala ölüb yerə girmək istədi.

   -Bilirsən, axmaq bir hadisə gəlib başıma.. Amma sən Allah, hirslənmə.. Axıra qədər qulaq as.

    ..Təbiətcə təmkinli, mədəni adam olsa da, eşitdikləri onu ilan vurana döndərdi.

   -Niyə avtobusla gəlmirdin axı? Niyə tanımadığın maşına minirdin?

   Qapıdan çıxmaq istəyəndə əlindən tutdu:

   -Qurban olum...baş qoşma. Qoy cəhənnəm olsun. Onsuz da mən özüm dişimin dibindən çıxanı demişəm.

    Getməkdən daşınsa da hirslə divanda oturmuş gəlinin qarşısında o tərəf, bu tərəfə vurnuxmağa başladı. Elə bil otağın uzunluğunu ölçürdü. Birdən qarşısında dayandı. Başını qaldırıb baxanda qəfildən üzünə dəyən sillənin səsinə diksindi.

   İndiyədək əri ona nəinki əlini, heç səsini də qaldırmamışdı. Zərbənin təsirindən başındakı guppultu azalsa da, yanağı göynədi. Əli yaman ağır imiş.. Bundan incimədi, əksinə, elə bil çiyinlərindəki ağır yükdən xilas oldu. Nigarançılığı, həyəcanı azalsa da, göz yaşlarını saxlaya bilmədi.

   Günahı nədəydi? Acizliyində, qadın olmağında, yoxsa əxlaqi dəyərlərin, mənəviyyatın aşındığı bir cəmiyyətdə yaşadığında?

  

 

Qəsidə Hüseynova

 

   Oğuz, 2009

 

Mədəniyyət. - 2009.- 3 iyun.- S. 13.