QIRÇI

 

...Bu yoldan yaxşı qırlanıb, bu yolun altındakı yol...

 

Kinoda qırçı olmağa hər aktyor razılaşmaz. Üstəgəl də aktyorun istedadı, imkanları boydandısa. Aktyor Fazil Salayevin çəkildiyi bir çox səhnələr - ikinci dərəcəli epizodlar filmin konstruksiyası kimi bir şeydir. Onu ötəri görürsən, amma unutmursan, başın o birilərinə qarışır, amma ürəyində onu bir də görəcəyinə ümid edirsən. Amma görmürsən. Film bitəndən sonra bu nigarançılıqla axtarırsan- axı necə oldu bu Adam...

 

Fazil Salayev - uzun kino yolunda qəmli qırçı- susqun və yorğun yolçu... Bu obrazın tamamında sərlövhədəki misra durur. Qırçı Məhəmmədin sadə həyat həqiqətlərini açan məhrəm və təbii səsi, danışan gözləri, nüfuzedici üz ifadələri... O qədər yaxındır ki, ekranı - kinoyla tamaşaçılar arasındakı sərhədi sökür. Tamaşaçı hardasa özünü bu dünyanın qırına batmış hiss edir.

Şərikli çörək filmi 1969-cu ildə, Şamil Mahmudbəyovun quruluşu ilə çəkilib. Bu filmdə müharibə var. Döyüş səhnələri, ölüm, top-tüfəng yoxdur, amma müharibə hər kadrdan görünür. Çörək kartoçkasını itirmiş Vaqif - bu bir tikə uşaq evlərinin damını qırlayan Məhəmmədlə işləyir. Necə deyərlər, şərikli çörək yeyirlər. Balaca köməkçisindən kim olmaq istədiyini soruşanda Vaqif qırçı deyə cavab verir. Onda Məhəmməd kədərli-kədərli cavab verir: Yalan demə, heç kim qırçı olmaq istəmir və dərin-dərin, uzun -uzun xəyala dalır. Bütün düşüncələrinə, daxili monoloquna yekun olaraq bir söz deyir. Cəhənnəmə ki... Sonra ağzından çıxan kəlmənin heyrətində qalır. Cəhənnəmə ki... sözə bax a... cəhənnəmə ki... Beləcə, Məhəmməd həyat fəlsəfəsini qaynayan qırı qarışdıra-qarışdıra çözələyir. O dünyanın cəhənnəmindən xəbər verən, tiyanda pıqqapıq qaynayan qır bu dünyanın işlərinə Cəhənnəmə ki... deyib həməncə heyrət edən sadə bir qırçının axırına çıxır. Qərib bir adama hazırlanmış qəribə bir məntiq...

Fazil Salayevin yaratdığı Qırçı Məhəmməd bunca dolğun bir obrazdı. O filmdə az görünsə də, sona qədər bu qırçının əhvalatı yaddan çıxmır. Sonra tamam fərqli bir obraz; fəqir qırçını gözü qayır-qayır qaynayan, uçana- qaçana aman verməyən şübhəli bir şəxs əvəz edir.

Sən niyə susursan? filmi. Rejissor və ssenari müəllifi Həsən Seyidbəyli.

1966-cı il. Burda Fazilin qəhrəmanı gənc sürücünü oğlunun xəstə olduğuna inandırıb maşını ora sürdürür. Yolda dil-boğaza qoymadan danışır - Anan ölsün, ay Ramazan... bu da Fazil Salayevin bir epizodik roldakı səlist məntiqidir. Onun qəhrəmanı haray-həşirlə tez-tez danışa -danışa sürücüyə heç düşünməyə də macal vermir. Qırçı Məhəmmədin (Şərikli çörək) fəqir quzu gözləri indi (Sən niyə susursan?) oyur-oyur oynayır. O, hamını mat qoyur.

Dərviş Parisi partladır (rejissorlar Kamil Rüstəmbəyov və Şamil Mahmudbəyov) filmində Fazil Salayev Qulaməli obrazını yaradır. O, yenə də ikinci plandadır. Dərvişin köməkçisi. Dərviş Məstəli Şahın bütün fırıldaqlarından hali olan Qulaməlinin üzündə fağır, məzlum, bixəbər bir ifadə var. Bu ifadə az sonra dərvişin moizələri zamanı dəyişəcək. Qulaməlinin bu gülünc situasiyaya münasibəti hər jestindən, mimikasından görünür və hansı ki, min cür yozumu var. Demək olar ki, Dərvişin cadugərlik epizodları daha çox Qulaməlinin hesabına açılıb.

 

Ömrün səhifələri

 

(1974-cü il. İntermediyanın müəllifi Həsən Seyidbəyli, baş operator Arif Nərimanbəyov). Rəqiblər (rejissor Teymur Bəkirzadə, ssenari müəllifi Ramiz Fətəliyev). Rəqiblərin süjetinin mövzusu sadə və çəkicidir. Küçəyə üzbəüz qoyulmuş iki pivə köşkündə satıcıların arasında rəqabət gedir. Bu çəkişmə axırda xeyirxahlıqla bitir. Köşklərdən birinin satıcısını Fazil Salayev (Fazil) digərini isə Eldəniz Zeynalov (Eldəniz) oynayır. Bu süjetdə ən xırda məqamlar belə xüsusilə diqqət çəkir. Bu sözsüz oyunun baş qəhrəmanları üz ifadələri ilə danışırlar. Bu xırda süjet hər iki aktyorun improvizələri, tapdıqları ən xırda detallar üçün əvəzolunmazdı.

Fazil Salayevin aktyor təbiətində hər obrazı ən sadə cizgilərinə qədər tamamlamaq istedadı vardı. Və bu təsadüfi deyildi. Fazil Salayev yaxşı rəsm çəkə bilirmiş. Ə. Əzimzadə adına Rəssamlıq Texnikumunda oxuyub. Sonralar rəssamlığın daşını atıb, aktyor olub. Ara-sıra aktyor dostlarına şarjlar çəkirmiş. Kinoya gəlişindən əvvəl Fazil Salayev Musiqili Komediya Teatrında və Akademik Dram Teatrında xeyli maraqlı obrazlar yaradıb. Və nə yaxşı ki, kinolara çəkilib. Kino bu nadir aktyordan tarixə kadrlar saxlayıb.

Fazil Salayevin yaradıcılığında Mozalan satirik jurnalında çəkildiyi süjetlər mühüm yer tutur. Jurnal yaranan gündən Fazil onunla yaradıcılıq əlaqəsində olub. Əksər nömrələrində çıxış edib. Bir vaxtlar Mozalanı Fazilin qəhrəmanları olmadan təsəvvür eləmək mümkün deyildi. Süjetlərin birində Fazil bir sərxoşu oynayır. O, metroya girir, kassaların qarşısına gəlir. Onu saxlayan milis işçisinə gözləri süzülə-süzülə metroya baxmaq istədiyini deyir. Milisin neçə ildir Bakıda metro var, sən hələ görməmisən? təəccübünə Fazilin qəhrəmanı : Əşşi, qoyursuz ki... deyə narazılıqla cavab verir.

Digər bir qəhrəman isə maşınların və küçənin səs-küyündən qonşuların, haray-həşirindən öz evində dinclik tapa bilmir. Boğaza yığılan sakinin əsəbləri həddini aşır. O, eyvana çıxıb, əsəbini qəribə hərəkətlərlə ifadə edir. Sonda onu dəli bilib xəstəxanaya aparırlar. Başqa bir süjetdə Mozalanın qəhrəmanı qızdırmadan yanır. Müdirindən icazə istədikdə hər dəfə onu bir mərtəbə yuxarı göndərirlər. Beləliklə, xəstə bürokratik pilləkənin sonuncu pilləsinə qədər qalxır. Ən nəhayət, heç ağzını açmağa heyi qalmır.

Xüsusən ikinci süjetdə əsəbləri kəlləçarxa vuran qəhrəmanın hərəkətləri və sözləri olduqca real və məntiqlidir.

Fazil Salayevin qəhrəmanları fərqli adamlar, fərqli xarakterlərdir. Və bu qəhrəmanların hətta sevincdən işıldayan gözlərində belə qəribə kədər var. Susqun, toxtamış kədər. Bunun izahını onun vaxtsız ölümünə bağlamaq istəmirəm. Heç Kinoda o daha nələr yarada bilərdi... deyə təəssüflənmək də düzgün deyil. Azərbaycan kinosunda aktyor Fazil Salayev obrazı elə çəkildikləri ilə tamamlanıb. Yarımçıq heç nə yoxdur. Həyat lentinin sonuncu kadrı isə vaxtsız ölüm mövzusudur. Bu yerdə bir şairin sətirləri yada düşür - Hər şeyin öz vaxtı gələcək, dalınca da ölümün vaxtsızlığı...

 

 

Aliyə

 

Mədəniyyət.- 2009.- 17 iyun.- S. 6.