Gözəl münasibət gözəl əlaqədir...

 

Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri F.Əhəd Əli F.Əl-Dosari: Ölkələrimiz arasında mədəni münasibətlərin genişləndirilməsində maraqlıyıq

 

Azərbaycan Səudiyyə Ərəbistanı Krallığının xarici siyasətində xüsusi yer tutan ölkələrdəndir. Təsadüfi deyil ki, bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən YUNESKO, İSESKO və İKT-də Azərbaycanla Səudiyyə Ərəbistanı birgə təmsil edilir və tərəfdaş ölkələr kimi bir-birilərinin mövqelərini dəstəkləyirlər. Bu münasibətlərdə mədəni əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Elə Səudiyyə Ərəbistanı Krallığının ölkəmizə yeni təyin edilmiş fövqəladə və səlahiyyətli səfiri F.Əhəd Əli F.Əl-Dosari ilə müsahibəmiz də bu yöndədir.

 

- Cənab səfir, Səudiyyə Ərəbistanının hər bir azərbaycanlı, o cümlədən bütün müsəlmanlar üçün müqəddəs bir yer olduğu hər birimizə məlumdur. Bu baxımdan ölkənizlə Azərbaycan Respublikası arasındakı mövcud əlaqələri necə qiymətləndirirsiniz?

- Əvvəlcə onu demək istərdim ki, sizin də bildiyiniz kimi, səfirin hər hansı bir ölkəyə təyini əlaqələrin möhkəmlənməsi məqsədini güdür. Sizi və dost Azərbaycan xalqını salamlayıram. Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası arasındakı əlaqələri çox yüksək dəyərləndiririk. Lakin bu hələ o demək deyil ki , biz lazım olan səviyyəyə nail ola bilmişik. Bu əlaqələr müxtəlif sahələri əhatə edir. İstədiyimiz odur ki, gələcəkdə bütün sahələrdə əlaqələrimiz daha geniş inkişaf etsin.

- Bu əlaqələrin fonunda mədəni əlaqələrin rolu nə qədərdir?

- Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında mədəni əlaqələr bu gün qurulmayıb. Bu əlaqələrin tarixi çox qədimdir. Bunlar İslam dini ilə əsaslanmış, zamanla sınanmış əlaqələr olmaqla, bünövrəsi qədim zamanlardan Həcc və Ümrə ziyarətləri ilə qoyulub. Eyni zamanda qədim ərəblərin bu bölgələrə hicrətləri və səfərləri də olub, buna görə də bu gün mən Azərbaycanda Səudiyyə Ərəbistanının adət və ənənəsinə uyğun olan adətləri görəndə təəccüblənmirəm.

Elm və texnikanın inkişafı və ölkələrimiz arasında gediş-gəlişin açıq olması əlaqələrin inkişafına öz töhfəsini verib. Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı Krallığı və Azərbaycan Respublikası YUNESCO-nun və İSESCO-nun üzvüdür. Həmçinin ölkələrimiz İslam Konfransı Təşkilatına da üzvdür. Digər tərəfdən Bakı şəhərinin 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan olunması da mövqelərimizin yaxınlığını şərtləndirir.

Bu qarşılıqlı əlaqələr həm Mədəniyyət və Turizm Nazirliyi, həm də İSESCO çərçivəsində yaranıb. Məlum olduğu kimi, bugünlərdə Səudiyyə Ərəbistanında Azərbaycan Mədəniyyəti Günləri və eyni zamanda Azərbaycanda Səudiyyə Ərəbistanının Mədəniyyət Günləri keçirildi. Ölkəmizdə Azərbaycandan çox sayda gənclər təhsil alır. İki ölkə arasında elmi sahədə, müxtəlif tədbirlərdə iştirak etmək üçün hər il Səudiyyə Ərəbistanına bir qrup azərbaycanlı mədəniyyət və fikir adamı gedir. Bu yaxınlarda ölkəmizdə nəşr edilən və bütün dünyada yüksək nüfuza malik Əl-Cəzirə qəzetinin baş redaktoru Azərbaycanda səfərdə oldu. Azərbaycan haqqında həmin qəzetdə müxtəlif materiallar verilir, məlumat xarakterli broşüra və bukletlər dərc edilir. Bunlar hamısı ölkələrimiz arasında olan mədəni əlaqələrin xırda bir göstəricisidir. Bizlər çalışırıq bu əlaqələri daha da genişləndirək.

- Səudiyyə Ərəbistanı Krallığının mədəniyyətini necə səciyyələndirirsiniz?

- Bildiyiniz kimi, Səudiyyə Ərəbistanı Krallığı İslam dini görüşünə əsaslanır. İslam dini inkişafı, çiçəklənməni, mədəniyyəti, elmi inkar etmir, əksinə, İslam adamı elmə, inkişafa, mədəniyyətə dəvət edir. Məsələn, tibb sahəsi bizim ölkədə dünya səviyyəsində inkişaf edib. Elm və texnika sahəsində Səudiyyə Ərəbistanı Yaxın Şərq bölgəsində ən yüksək ölkələrdən biridir. İslam sülh və elm dinidir, tolerantlıq dinidir.

- Maraqlıdır, bir intellektual və müasir insan kimi Səudiyyə Ərəbistanı mədəniyyətinin unikallığını nədə görürsünüz?

- Səudiyyə Ərəbistanının gözəlliyi ondan ibarətdir ki, burada elmə, dinə, mədəniyyətə, ümumən bütün həyati məsələlərə hörmətlə yanaşılır, yəni dini vicdanla müasir həyat konfliktdə deyil. Bunları öz həyatında görən, ciddi münasibət bəsləyən insan özünə güvənərək, yəni islami prinsiplərə əsaslanaraq, demək olar ki, dini və həyati gözəllikləri əldə edir. Bunlar fanatizmsiz, orta islami metodla, islami dəyərlərə əsaslanılaraq əldə olunur. İnsanları inkişafa, tolerantlığa dəvət edən peyğəmbərimiz Məhəmməd Mustafa (S.Ə.S.) demişdir: Gözəl münasibət, gözəl əlaqədir.

- Yaxın vaxtlarda Səudiyyə Ərəbistanı və Azərbaycan arasında hansı mədəni layihələrin həyata keçirilməsi gözlənilir?

- Bugünlərdə Səudiyyə Ərəbistanından bir qrup insan Azərbaycana gələcək. Onlar Azərbaycanda olan əlyazmalarla maraqlanacaqlar və onları öyrənəcəklər.

Qeyd edim ki, bu layihə Azərbaycanın Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu ilə birgə olacaq. Çünki burada toplanmış bilgilərin bütün İslam mədəniyyəti ilə əlaqəsi var. Allah-təala bu mənəvi sərvətləri sizə ona görə verib ki, bunları bütün İslam aləmi üçün qoruyasınız...

İslam İnkişaf Fondu bəzi bölgələrdə məktəblərə maliyyə yardımı edir. Bu layihə ilə bəzi Azərbaycan universitetlərində səudiyyəli gənclərin təhsil almasını gerçəkləşdirmək istəyirik. Biz arzu edərdik ki, həmin şəxslər mədəniyyətlərimizi və bizləri bir-birimizə daha da yaxınlaşdırsın. Azərbaycanda olduğum müddətdə diqqətimi cəlb edən ən üstün cəhət burdakı tolerantlıqdır. Bu, doğrudan da bir mədəniyyətdir və bu mədəniyyət digər ölkələrdə də təbliğ olunmalıdır....

Bu, birbaşa bizim İslam mədəniyyətindən aldığımız bir nəticədir. Onu da demək istərdim ki, mədəniyyətlərimizin bir-birinə verəcəyi və bir-birindən öyrənəcəyi cəhətlər də mövcuddur. Dediyim kimi, əlyazmaların təhlilində, tibb, incəsənət və digər sahələrdə keçirilən tədbirlər vasitəsilə bizlər daha geniş əlaqələr yaradacaq, bir-birimizdən yeni şeylər öyrənəcəyik.

- Cənab səfir, bir peşəkar diplomat və yüksək mədəniyyyətin daşıyıcısı kimi deyə bilərsinizmi sizə hansı sənət növü daha yaxındır: poliqrafiya, musiqi, yoxsa?..

- Bütün sənətlər gözəldir. Amma burda olduğum qısa müddətdə mən Azəri - Şərq operasını bəyəndim, o, olduqca gözəldir, musiqi və səslər olduqca güclü, gözəl, Azərbaycan muğamı isə çox möhtəşəmdir. İkinci sahədə Azərbaycan heykəltəraşlığıdır ki, onun da bəzi nümunələri mənim rəğbətimi qazanıb.

- İnşallah, folklorumuz, kinomuz və təsviri sənətimizlə yaxından tanış olmağa kifayət qədər vaxtınız olacaq. Və inanırıq ki, tanıdıqca daha da məmnun olacaqsınız. Bilirik ki, ölkəniz bir çox müsəlman ölkələrində mədəni irsin qorunmasına yardım edir. Bəs Səudiyyə Ərəbistanının özündə mədəni irsin qorunması problemi necə həll olunur?

- Səudiyyə Ərəbistanında mədəni irsin qorunması ilə bağlı heç bir problem yoxdur, çünki ölkəmizin təbiəti özü buna imkan vermir. Bilirsiniz ki, bizim krallıq hər sahədə inkişaf etmiş bir ölkədir və bu sahədə də problemlərimiz yoxdur. Bununla belə, Səudiyyə Ərəbistanı qardaş müsəlman ölkələrinə yardım göstərməyə maraqlıdır, o nöqteyi-nəzərdən ki, bu ölkələrin mədəni irsi eyni zamanda bizim də mədəni irsimizdir.

- İstərdik ki, ən azından mərhum Kral Fədhin Məkkə və Mədinədə apardığı nəhəng bərpa və tikinti işləri barədə danışasınız. Bu şəhərlər dünya mədəni irsinin ən mühüm parçalarından hesab oluna bilər. Bütün müsəlman dünyası bu işləri böyük ehtiramla və rəğbətlə izləyir...

- Bu sahədən danışmaq üçün xüsusi bir görüş keçirmək lazımdır. Çünki az bir zaman içərisində görülən işlər barədə danışmaq mümkün deyil. Bildiyiniz kimi, son illərdə Səudiyyə Ərəbistanına gedən zəvvarların sayı 3.5 milyona çatıb və bu işlərin çözülməsi lazım idi. Eyni zamanda xidmətlərin keyfiyyətini artırmaq lazım idi. Siz şübhəsiz ki, Səudiyyə Ərəbistanında məscidlərin insan tutumunun artırılması haqqında məlumatlısınız. Məsələn, Məscid-ül-Həramda yerlərin sayı xeyli artırılıb. Ötən il Səudiyyə Ərəbistanında daha iki böyük layihə həyata keçirildi. Bunların birincisi, Tavvaf yolunun genişləndirilməsi idi. Burda daha iki mərtəbə inşa olundu. İkinci layihə isə şeytana daş atmaq yerinin 5 mərtəbə şəklində tikilməsi ilə bağlı idi. Xatırladım ki, bu işlər həcc və ümrə ziyarətlərinin arası kəsilmədən həyata keçirildi.

Bundan başqa, hər bir müsəlman üçün əziz olan Mədinə şəhərində, Peyğəmbər məscidində bir dəfəyə 700 min insan namaz qıla bilər. Bu gün Məkkədən Zəm-zəm suyu Mədinə şəhərinə gətirilir. Daha bir layihə isə hacıların dəmir yolu vasitəsilə mənzil başına çatdırılması ilə əlaqədar həyata keçirilib. Bu layihələrin qiyməti yüzlərlə milyard dollardır.

- Mənim də bir müsəlman kimi ən böyük arzum Həccə yürüyərək və ya atın, yaxud da dəvənin belində getməkdir...

- İslam dini sülh, gözəl münasibət və rahatlıq dinidir. Siz təyyarə ilə getsəniz, daha gözəl olar. Bunu mən sizə bir müsəlman, bir din qardaşınız kimi deyirəm. Biz dinimizi bəzən yanlış başa düşürük. İnsanların səyahətlərini daha da yüngülləşdirmək lazımdır. Çünki İslam dini özü bunu tövsiyə edir.

Mən bir daha təkrar edirəm ki, Səudiyyə Ərəbistanı Krallığının səfirliyi bütün müsəlmanların səfirliyidir, bu həm də sizin səfirliyinizdir. Bizim məqsədimiz bütün müsəlmanlara xidmət göstərməkdən ibarətdir. Bir daha Azərbaycan xalqına və oxucularınıza Səudiyyə Ərəbistanı xalqı adından salamlarımı göndərirəm.

Rəbbimiz öz himayəsini sizin ölkənizin və müsəlman dünyasının üstündən əsirgəməsin.

 

 

Azər Allahverdiyev

 

Mədəniyyət.- 2009.- 17 iyun.- S. 4.