Qoy həmişə Günəş olsun!

 

Uşaqların rəsm sərgisi bu devizlə keçirildi

 

Abşeron Rəsm Qalereyasında Uşaq ili çərçivəsində Qoy həmişə Günəş olsun! devizi altında uşaqların rəsmlərindən ibarət sərgi təşkil olunmuşdu. Sərgini Bakı şəhər 46 saylı Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin nəzdində fəaliyyət göstərən Günəş rəsm studiyası təşkil etmişdi. Qrafika ustası N.Rzayevanın başçılıq etdiyi studiya 1997-ci ildən fəaliyyət göstərir. Təşkil olunmuş sərgidə Günəş rəsm studiyasının 4 üzvünün - Mustafa Məmmədov, Aslan Rzayev, Sevda Qasımova və Fidan Babayevanın rəsm əsərləri nümayiş olunurdu. Nümunələr arasında Aslan Rzayevin obrazlı əsərləri, Sevda Qasımovanın mənzərə, Fidan Babayevanın natürmort janrında yaratdığı, Mustafa Məmmədovun ağ-qara rəsm kompozisiyaları diqqəti cəlb edirdi. Mərkəzin 100-dən çox dərnək üzvünün də iştirak etdiyi sərginin sonunda işləri nümayiş olunan uşaqlara diplom və fəxri fərmanlar verildi.

Mərkəz Uşaq ilinin sonunadək balaca rəssamların yaradıcılığına həsr olunmuş tədbirləri davam etdirməklə bərabər, onların əl işlərindən ibarət kitabın nəşr etdirilməsini nəzərdə tutub.

 

 

ELMİN

 

Mədəniyyət.- 2009.- 19 iyun.- S. 3.