Arşın mal alan - bu dəfə məktəblilər oynadı

 

Bütün mənalı ömrünü Azərbaycan musiqisini inkişaf etdirib, onu yeni keyfiyyətlərlə zənginləşdirməyə sərf edən Üzeyir bəyin xalq arasında tez bir zamanda şöhrət qazanmış və indiyədək bütün dünya səhnələrində müvəffəqiyyətlə tamaşaya qoyulmuş Arşın mal alan musiqili komediyasının bu il 96 yaşı tamam olur.

 

Arşın mal alanın bu yaxınlarda qeyri-adi şəkildə səhnələşdirilməsindən danışmaq istəyirəm. Tamaşanın yeniliyi və qeyri - adiliyi onun əvvəldən axıradək uşaqlar tərəfindən göstərilməsində idi. Fikrət Əmirov adına 6 saylı 11 illik uşaq musiqi məktəbinin müdiriyyəti və təcrübəli müəllimlərinin yaratdığı şərait nəticəsində buraxılış siniflərinin şagirdləri qısa bir müddət ərzində hazırladıqları tamaşanı yüksək səviyyədə oynadılar.

Qeyd edim ki, tamaşa üzərində gedən məşqlər çox dinamik, canlı olub, böyük zövq verirdi. Məşqlər zamanı operettanın səkkiz iştirakçısından hər biri ilə sıx təmasda olduğumdan onların bir məşqdən digərinə doğru inkişafı, əlbəttə ki, sevindirici idi. Uşaqlar ölməz Füzulinin qəzəllərinə müraciət edən Üzeyir bəyin böyük ədəbi zövqünü dərindən duyaraq, 4 pərdəli dinamik tamaşanı vahid bir xətlə, bədii formada oynadılar. Tamaşaya çox geniş auditoriya toplaşmışdı. Səhnənin maraqlı tərtibatı isə əsl teatr mühiti yaradaraq, tamaşaçılara böyük estetik zövq verdi.

Məktəbin istedadlı şagirdləri Vahid Pirəliyev (Əsgər), Əminə Qurbanova (Gülçöhrə), Hacı Eynar (Soltan bəy), Fəridə Abdullayeva (Cahan xala), Bəybala Məmmədov (Süleyman), Fənarə İsmayılova (Asya), Gülbəniz Məmmədova (Telli), Rəvan Əlixanov (Vəli), Günel Həmzəyeva (aparıcı), Türkan Alışlı (fortepiano) 14 - 16 yaşda olmalarına baxmayaraq, rolların öhdəsindən müvəffəqiyyətlə gəldilər. Uşaq kollektivində belə çətin əsərin uğurla tamaşaya qoyulması həm də ona görə maraqlı idi ki, tamaşada iştirak edən məktəbin şagirdlərindən V.Pirəliyev istisna olmaqla, digərləri müxtəlif musiqi təhsili alırlar. Onlar xüsusi vokal hazırlığa malik olmasalar da, öz daxili imkanlarına uyğun olaraq rolları əla ifa etdilər. Şagirdlərin həm musiqiçi, həm də aktyorluq qabiliyyəti hərtərəfli üzə çıxdı. Tamaşadan sonra məktəbin müəllimi, Üzeyir Hacıbəyovun ev-muzeyinin direktoru, əməkdar incəsənət xadimi Sərdar Fərəcov öz təəssüratlarını bölüşərək iştirakşıları təbrik etdi: Arşın mal alan musiqili komediyası yarandığı tarixdən etibarən minlərlə tamaşaçı üzü görüb, onu dünyanın, demək olar ki, bütün mədəni xalqları dinləyib, öz dillərində ifa edib. Bununla bərabər, məktəbin şagirdlərinin göstərdiyi tamaşada xüsusi təravət, gözəllik vardı. Özüm bu məktəblə bağlı adam olsam da, heç gözləməzdim ki, bizim məktəbimizdə bu qədər istedadlı uşaq var.

Məktəbin direktoru Nəriman Əliyev şagirdlərinin yaradıcı qabiliyyətlərini vurğulayaraq, Arşın mal alan musiqili komediyasındakı yüksək əxlaqi keyfiyyətlərin sağlam əqidəyə mənəviyyata yüksək təsirini önə çəkdi: Ü.Hacıbəyovun 96 il bundan əvvəl yaratdığı Arşın mal alan musiqili komediyasında irəli sürdüyü vacib həyati məsələlər bu gün də öz aktuallığını itirməmişdir. Operettada mənalı surətləri yaradan bu yeniyetmələr, deyə bilərik ki, böyük bir hazırlıq məktəbi keçdilər. Musiqili komediyadakı parlaq obrazlar onların hər birinin daxilində artıq dərin kök salmışdır. Çünki Üzeyir sənəti insanı mənən ucaldaraq yüksəldir. Onun zəngin musiqi irsi Azərbaycanın böyüməkdə olan nəcib və gözüaçıq nəslinin bədii qidasıdır. Bu tamaşanın yeniyetmələrin ifasında oynanılması da bunun sübutudur.

 

 

Kəmalə Ələsgərli

 

Mədəniyyət.- 2009.- 19 iyun.- S. 2.