Gəl dərdimi qan, ay kəklik...

 

Bu misraların müəllifi Mirzə Bilal doğma yurdunda anıldı

 

Həmin gün Şamaxı bayram libasına bürünmüşdü. Bəlkə də ötən bir neçə ildə rayon bunca təmtəraqlı, ancaq sadə və təbii məclis görməmişdi. Tədbir sözünü bura yaraşdırmağa dilim gəlmir. Axı bu, əsl xalq bayramıydı, gündə dörd divar arasında keçirilən, ölçülü-biçili, ələnmiş-daranmış konsert, gecə və ya təqdimat deyildi. Hər mənada rəsmiyyətçilikdən uzaq bir məclis. Meydan geniş, könüllər şad, natiqlər də vermir imdad. Lap şairanə alındı. Öz yazdıqların şahidi olduqlarımın yanında çox-çox azdır.

 

Xülasə, gələk mətləb üstə. Çoxdan söhbət gəzirdi ki, Şamaxıda repressiya qurbanı aşıq Mirzə Bilalın anım günü keçiriləcək. Allaha şükür, keçirildi də. Düzdü, əvvəl demişdilər mayda olacaq, bir ay yubandılar. Amma gecikməyinə dəyərmiş. Sən demə, yaznan yayın qovuşan vaxtının öz gözəlliyi varmış. Təbiət yazın təzə-tər büsatından ayrılıb, yerini yaya versə də, göydən hələ od yağmır.

...Bakıdan səhər saat səkkizdə çıxdıq. Dörd nəfəriydik. Səfər yoldaşlarım maraqlı insanlardı. Sürücümüz Əlibala Əliyevlə, aramızda yeganə qadın olan Zərnişan Nəbiyeva Zəlimxan Yaqubun sağ əlidilər. Birincisi, Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, ikincisi baş mühasibidi. Aşıqlara rəhbərliksə, bildiyiniz kimi, ötən ildən Zəlimxan Yaqubun boynundadı. Üz tutduğumuz məclis də onun kimi. O biri yolçusa Maarif Teymurdu, milli irsimizin, ədəbiyyat və incəsənət xadimlərinin təbliğçisi, qırx ilin arxiv işçisi.

Şamaxıya üç saata çatdıq. Yollarda təmir getdiyindən 120 kilometr adamın gözünə dururdu. Rayon mərkəzindən məclis keçirilən Çuxuryurdun qurtaracağındakı Baba yurd deyilən yerəsə göz qırpımında yetişdik. Ətrafın gözəlliyindən çox, saysız-hesabsız maşın bizi məəttəl qoydu. Sanki bütün Azərbaycan bura axışmışdı. Dağların arasında, yarı çökək bir yerdə elə məclis qurulmuşdu, gəl görəsən. Üstü həsirli üç-dörd çardaq altına yığışanları nəzərə almasaq, yüzlərlə adam ağacların kölgəsində oturmuşdu. Dədə -baba qaydasıyla, palaz, kilim üstündə. Bəzilərinə o da çatmamışdı. Eləcə çəmənlikdə oturub tamaşa edirdi.

Allah, kimlər yoxuydu burda. Zəlimxan Yaqubdan, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdan tutmuş, professorlar- Sədnik Paşa Pirsultanlı, Nizaməddin Şəmsizadə, Bəhlul Abdulla, Seyfəddin Qəniyev, Mirzə Bilalın üç oğlundan yeganə salamat qalmış Şəfi Mikayılov, şair Musa Yaqub və onlarla folklorşünas-alim, aşıq və müğənniyəcən kimi istəsən burda görə bilərdin. Azərbaycanın qərb bölgəsindən aşıqlar təmsil olunsa da, say hesabında üstünlük şirvanlıların tərəfindəydi. Bu da başadüşüləndir. Mirzə Bilalın vətənində Şirvan aşıq məktəbinin nümayəndələri olmadan məclis keçirmək ağla sığmaz bir işdir.

Köhnə tanışlarımdan Nadir Diridağlını görürəm. O, İctimai Televiziyanın çəkiliş qrupuyla gəlib. Kameralar qurulub, baş verənləri bir neçə rakursdan lentə almaq mümkündü. Hamı rejissorun əmrini gözləyir. Nadir qardaşımız vaxt itirmək istəməsə də, tələsənə də oxşamır. O qədər belə böyük çəkilişlər aparıb ki, yaxşı bilir nə var, nə yox. Əksəriyyəti boz və göy rəngli milli geyimdə olan aşıqlar xorla açılış üçün Zəlimxan Yaqubun yazdığı

El gücü var səsində,

Zilində, həm pəsində,

Sazının pərdəsində,

Ən şirin xal günləri,

Aşıq Bilal günləri

 

şeir parçasını Gözəlləmə havası üstə dönə-dönə oxuyurlar.

Nəhayət, məclis başlayır. Rayon rəbəri Nazim İsmayılov toplaşanları salamlayaraq bu gözəl günə xeyir-dua verir. Sonra sinədəftərliyilə seçilən, belə məslislərdə görməyə adət etdiyimiz, xalq şairi Zəlimxan Yaqub ətrafa yayılır, təbiətin qoynunda əks-səda verir. Hamının diqqəti ona yönəlir. Poetik fikirlər, qanadlı ifadələr bir-birinin dalınca sel kimi yağır. Tamaşaçıların əli üzündə, gözü şairin ağzında qalıb. Mirzə Bilalın həyatından, Azərbaycan aşıq sənətindəki yerindən danışan Zəlimxan müəllim son on-on iki ildə sənətkarın anım gününün üçüncü dəfə keçirilməsinin təsadüfi olmadığını diqqətə çatdırır. Və bu məclisin davamı kimi, Azərbaycan Aşıqlar Birliyinin ölkəmizi oba-oba, oymaq-oymaq dolaşacağını, ustadlarımızı yad edəcəyini söyləyir. Şairin çıxışı necə gurultuyla başlamışdısa, eləcə sürəkli alqış sədalarıyla da başa çatır.

Aparıcı Pərvanə xanımın təqdimatıyla çıxışçılar bir-birini əvəz edir. Yorucu olmasın deyə, alimlərlə aşıqlar estafeti bir-birinə ötürə-ötürə şərti olaraq müəyyənləşmiş səhnədə görünürlər. Folklorşünaslar - Sədnik Paşa Pirsultanlı, Elxan Məmmədli, Seyfəddin Qəniyev, Bəhlul Abdulla, Yaqut Bahadurqızı, Almaniyadan gəlmiş Nizaməddin Onk, şair Musa Yaqub, aşıqlar- Xanmusa, Əli Tapdıqoğlu, Ədalət Dəlidağlı, Əhliman Şirvanlı, Ağamurad, Avdı Musayev, Əvəzxan Xankişiyev və başqalarının çıxışı böyük maraqla qarşılanır. Ustad aşıqlardan, artıq yaşa dolmuş Şərbət və Xanış kişinin tamaşaçılarla görüşü hamını həyəcanlandırır. Son zamanlar hamının əzbər bildiyi Eşqin, məhəbbətin düşüb canıma... misrasıyla başlayan məşhur aşıq mahnısının müəllifidi Xanış kişi. Bu gün-sabah səksən yaşı olacaq.

Arada bir yerdə dayanmaqdan nə çıxar deyib camaatın arasında dolaşıram. Neçə-neçə tanış üz görürəm. Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Məleykə Kamilova, onunla bir yerdə çalışan, iyirmi ildən bəri tanıdığım və zarafatla əvəzolunmaz inspektor adlandırdığım Rafael Tağızadə, xanəndə Ağapaşa Xəlilov iş başındadılar. Rafaellə hal-əhval tuturam, ömürdən-gündən yadigar bir şəkil çəkdirirəm. Ağapaşa dayı yaşlaşıb, saç-saqqalı ağarsa da, şuxluğunu saxlayır. Əlüstü şirin Şamaxı ləhcəsiylə Sağlığına əmin qocalmayıb. Səsim haracan desən çatır. Dörd dənə şey yazdırmışam, fonddadı. Sarıtorpaq şikəstəsini indi heç kim oxumur. Oxumuşam ki, unudulmasın, bizdən sonra qalsın. Hə, köhnə dost, bundan danış, ey deməklə məni söhbətə tutur. Aşıq Mahmudun yadigarı Vüqar yerdən oturub, belini ağaca söykəyib. Başdan ayağa düymələnmiş paltarının yaxasını açıb, bir balaca sərinləmək istəyir. Buxara papaqsa başındadı. Qınanası deyil, dörd yanımız yaşıllıq olsa da, istidən, meh yoxluğundan bayaqdan dizini qatlamayan, növbə gözləyən Vüqar kimi neçə aşıq təntiyib.

...Üç-beş addım o yanda qazanlar asılıb. Ət qovrulur. Görünür, yeməyin ətri və yanan ocaqların istisi də bir yandan onlara təsir edir. Vüqar sağ-solundakılarla danışa-danışa arabir alışdırdığı qəlyandan bir qüllab vurur. Bir azdan cavan, şirin səsli aşıq bu dincliyin ardından rəhmətlik Mirzə Bilalın Kəkliyini Naxçıvan gülü havası üstə ustalıqla oxuyacaq:

Vurulmuşam camalına,

Gəl dərdimi qan, ay kəklik.

Gəlin kimi ayağına,

Sən qoymusan xına kəklik.

 

Elə bu vaxt tanınmış xanəndələr Zabit Nəbizadə, Mələkxanım Əyyubova, Gülüstan Əliyeva Bakıdan özlərini yetirdilər. Bir azdan növbəylə oxuyub məharətlərini göstərirlər.

Əslən Qərbi Azərbaycanın Dərələyəz mahalından olan, vaxtilə Türkiyədə, indisə Almaniyada yaşayan Nizaməddin Onk bu məclisdə iştirakından fərəh hissi keçirdiyini dilə gətirir. Bu, həmin Nizaməddin bəydi ki, uzun illər bundan qabaq Ankarada və İstanbulda Aşıq Ələsgərin külliyyatını çap etdirib.

Səksən altı yaşlı Şəfi babanın çıxışı da maraq doğurdu. O, atası Mirzə Bilalın 1937-ci ilin tuthatutunda haqsız yerə həbs olunması və sonradan güllələnməsiylə bağlı bildiklərini, eşitdiklərini söylədi, xatirələrini danışdı. Ağsaqqal bu gün yaşayan bütün doğmaları adından göstərilən ehtirama görə hamıya minnətdarlığını söylədi. Məclisin bədii hissəsi bununla tamamlandı.

Az sonra qazanların qapağı açıldı. Təşrif buyurmuş qonaqlar təbiətin qoynunda masa arxasında ocaq üstündən təzəcə düşmüş xörəklərdən dadmaqla yenə bir arada oldular.

 

 

Seymur Elsevər

 

Mədəniyyət.- 2009.- 26 iyun.- S. 12.