Uzaq sahillərdə»n «Fəryad»a qədər

 

Milli Ordu Günündə müharibə mövzusunda çəkilmiş filmlərə baxış

 

«Uzaq sahillərdə», «Şərikli çörək», «Mən sizi dünyalar qədər sevirdim», «Onun böyük ürəyi», «Bizim Cəbiş müəllim», «Tütək səsi», «Bizim küçə», «Mən ki, gözəl deyildim», «Gilas ağacı», «Fəryad», «Girov», «Sarı gəlin», «Ağ atlı oğlan»… Bu, tam olmayan sıralama diqqətli oxucuya aydınladır ki, söhbət müharibə ovqatı əks olunan, yəni hərb mövzusunda çəkilmiş Azərbaycan filmlərindən gedir.

 

Sovet dövründə bizim belə filmlərimiz çox olmayıb, heç indi də onların sayı çox deyil. Amma kimsə deyə bilməz ki, müharibədən bəhs edən köhnə bədii lentlərimizin insanların qəlbinə, düşüncəsinə təsir gücü, yaradıcı heyətin işi, aktyor ifası zəifdir. Azərbaycan kinematoqrafiyasında müharibə mövzusuna dair filmləri yada salsaq, görərik ki, bizim birbaşa ön cəbhədən, savaş meydanından bəhs edən filmimiz çox azdır. Ola blisin ki, sovet dönəmində aşkar söylənilməyən yasaqlar müharibə mövzusunun milli respublikalarda, xüsusən ön cəbhədən uzaq bölgələrdəki kinematoqrafçılara da aid edilib. Böyük Vətən müharibəsində (bu ifadəni 1941-45-ci illərdə döyüşmüş qəhrəman oğul qızlarımızın xatirəsinə sayğı naminə işlətməliyik) şücaət göstərmiş Sovet İttifaqı Qəhrəmanları Mehdi Hüseynzadə general Həzi Aslanovdan başqa digər igidlərimizin bədii obrazı da kino qəhrəmanlarının cərgəsində yoxdur.

Buna görə də «Azərbaycanfilm»də müharibə mövzusunda çəkilmiş filmlərdə daha çox arxa cəbhədəki insanların mərdliklə ön cəbhəyə yardımı, yorulmadan çalışması, sonsuz dözümü və ən başlıcası, qələbəyə inamı göstərilib. «Mən ki, gözəl deyildim» «Tütək səsi» filmi arxa cəbhədəki insanların güzəranını, düşüncələrini əks etdirir. Təbii ki, bu filmlərdə daha çox ərini, sevgilisini, atasını, oğlunu cəbhəyə yola salmış qadın obrazı qabarıqdır. Əgər «Mən ki, gözəl deyildim» süjet xətti kəskin gözlənilməz konfliktsiz davam edirsə (hərçənd bu axar filmin təsir gücünə xələl gətirmir), «Tütək səsi»ndə vəziyyət fərqli, daha bəşəri, daha sarsıdıcıdır. Sevmədiyi ərinin qara kağızını alan əsgər arvadı o dövr üçün çox inqilabi bir addım atır - analıq məhəbbətinə sığınmaq istəməyib, müharibənin sonunu gözləmədən sevgilisinə qovuşmağı üstün tutur. Kənd camaatının qınaq obyektinə çevrilmək, övladlarının ondan üz çevirəcəyini bilmək onun içindəki qadınlıq sevgisini boğa bilmir.

Maraqlıdır ki, müharibə dövründən bəhs edən başqa bir filmimizdə - «Onun böyük ürəyi»ndə də qadının döyüşçüyə münasibəti ön plandadır. Səmayə bir zaman sevgisini rədd etdiyi Mənsura «səni gözləyəcəyəm» deyib ümid verir, Xalidə cəbhədəki sevgilisini ona rahat həyat vəd edən başqasına dəyişir, Rəna gözündən yaralı Rəcəbi sağaltmaq naminə özünü Xalidə kimi tanıdır.

«Şərikli çörək» və «Bizim Cəbiş müəllim» filmlərinə neft Bakısının arxa cəbhə ovqatı hakimdir. Bu filmləri sadə insanların, uşaqların böyüklərin bu savaşdan necə qurtulmaq, xoş günlərə yetişmək üçün əllərindən gələni əsirgəməmək cəhdi birləşdirir. Bu da savaşdır - özü ən böyük savaş - öz nəfsini cilovlamağı bacarmaq mənliyini itirməmək savaşı. Arxa cəbhənin adi qəhrəmanları - çörək kartoçkasını itirib ac qalan, amma oğurluq etməyən balaca Vaqif , məsləkindən üz döndərməyi bacarmadığından Hitlerlə qoşa qarğışlanan Cəbiş müəllim bu savaşdan qalib çıxırlar.

Ötən əsrin 80-90-cı illərində Rusiya kinematoqrafı Böyük Vətən müharibəsi mövzusuna dəfələrlə müraciət etdi, müharibə tarixini sovet ideologiyasının basqısı olmadan, obyektiv mənzərələr və real obrazlarla ekrana çıxardı. Bəlkə Azərbaycanda da tarixin bu dönəmi ilə bağlı yeni bədii filmlər çəkilərdi. Amma bizim başımız növbəti savaşa - Qarabağ müharibəsinə qarışdı. Üst-üstə düşən problemlər hətta bir neçə il boyunca Azərbaycan kinosunu iflic etdi, film çəkilişi müşkül işə çevrildi. Bununla belə, Qarabağ savaşının ilk illərindəcə «Fəryad» filmi ekrana çıxdı - baş rolun ifaçısı quruluşçu rejissor Ceyhun Mirzəyevin ekranda görə bilmədiyi «Fəryad». Təəssüf ki, bu filmin ardınca dövlət vəsaiti, yaxud sponsor yardımının gücünə, prodüser hünərinə ərsəyə gələn heç bir film «Fəryad»ın Azərbaycan kinomanına təsir gücünü təkrarlamadı. Səbəbi təkcə filmlərin bədii tutumunun zəifliyi deyil.

Bəri başdan deyək ki, Qarabağ savaşındakı gerçəklik - qalibiyyətin ya məğlubiyyətin təyin olunmaması müharibə mövzusuna seyrçi, gözləmə münasibətinin yaranmasına istər-istəməz öz psixollji təsirini göstərir. Yəni qələbəyə, ölkəmizin hərbi qüdrətinə nə qədər inansaq belə, bu savaşın bitməməsi, o illərin korazehin siyasi və hərbi rəhbərlərinin günahı üzündən «qazandığımız» torpaq itkisi, vətəndə qaçqın problemi qələbə çağırışlı bədii əsərlərə qarşı diləgətirilməyən bir qıcıq oyadır.

Müasir Azərbaycan tamaşaçısının Qarabağ savaşına dair filmləri sevməməyinin ikinci, ancaq çox incə psixoloji məqamı var. Biz rəhmdillik utanc saydığımız xüsusiyyətlərin ekranda qabardılmasını istəmirik. Məsələn, «Girov» filminin son epizodunda erməni əsirinin taleyini həll etmək ixtiyarı olan qadın «zavallı» ermənini azadlığa buraxır. İnsanlıq baxımından həmin fağır erməninin günahı yoxdur, amma ərazisinin dörddə biri erməni işğalı altında olan tamaşaçının bu sonluğa münasibəti müsbət deyil. Yaxud da «Sarı gəlin» filmində zorən əlinə silah almış iki sadə insanın - erməni ilə azərbaycanlının bir-birinə düşmən kimi baxmaması birmənalı qarşılanmır. Bəlkə həmin sadə insanların müharibəyə nifrəti daha qabarıq göstərilsəydi, müəlliflərin məramı səmimi qəbul edilərdi. Həmin filmdə namusu ləkələnmiş azərbaycanlı qızın çıxış yolunu düşməndən intiqam almaq əvəzinə, özünə qəsd etməkdə görməsi vətənpərvərlik mövzusunda bir o qədər ürəkaçan örnək sayıla bilməz.

Müharibədən bəhs edən son filmlərimizin seyrçi rəğbəti qazanmamasının bir cəhəti də texniki və texnoloji incəliklərlə bağlıdır. Tamaşaçı çoxmilyonluq büdcəli «Vətənpərvər», «Sıravi Rayanın xilası» kimi gerçək savaş meydanını təkrarlayan bədii əsərə baxır, qrafik-rəssamın fantaziyası ilə ən son kompyuter texnologiyasının hünərini görür və… sonra öz filmlərimizdən həmin emosional gücü ala bilmir.

Bu gün sənət sənət üçündür fikri nə qədər məqbul sayılsa da, sənətdə vətənpərvərlik mövzusunun əksi birbaşa tamaşaçıya (oxucuya, dinləyiciyə) hesablanmalıdır. Dövlət siyasətini, bütün xalqın istəyini bu mövzu qədər əks etdirəcək, diqqəti cəlb edəcək ikinci bir tematika yoxdur.

Azərbaycan kinematoqrafının Milli Ordumuzun qurucularını, adları hərb tarixinin şanlı səhifələrinə yazılmış sərkərdələri, Böyük Vətən müharibəsinin, Qarabağ savaşının qəhrəmanlarını ekrana gətirmək borcu var.

Hələliksə, bu məqamda biz taleyindən savaş meydanı keçmiş bütün sənət adamlarımızı Milli Ordu Günü münasibəti ilə təbrik edirik.

 

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2009.- 26 iyun.- S. 10.