Rənglərin işartısı

 

Ayrı-ayrı əsərlərdə rəssamlığın müxtəlif janrlarının uğurlu vəhdəti var

 

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda istedadlı rəssam Təranə Məmmədovanın qrafika və rəngkarlıq əsərlərindən ibarət sərgi tamaşaçıların ixtiyarına verilib. Hələ 6 il əvvəl Miniatür Mərkəzində keçirildiyi ilk fərdi sərgisində onun qrafika, rəngkarlıq və miniatür janrında 120 əsəri nümayiş etdirilib. 2 il öncə də T.Məmmədovanın yeni sərgisi açılıb. 2007-ci ildə Təranə xanımın Parisdə açılan sərgisi fransalı tamaşaçıların diqqətini cəlb edib, ciddi marağa səbəb olub.

 

Bu sərgi isə rəssamın üçüncü fərdi sərgisidir. Qeyd edək ki, rəssam Təranə Məmmədova Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasının müəllimidir. Onun şagirdləri ölkədə xaricdə keçirilmiş müxtəlif müsabiqə sərgilərdə qızıl gümüş medallarla, müxtəlif diplomlarla təltif olunub. Rəssam eyni zamanda Mədəniyyət Turizm Nazirliyinin Azərbaycan mənzərəsi jurnalının rəssam-direktorudur. Əsərləri ABŞ, Rusiya, Fransa, Türkiyə, Polşa rəsm həvəskarlarının fərdi kolleksiyalarında sərgilənir, bununla da Azərbaycan incəsənətini layiqincə təmsil edir.

Xalq rəssamı Toğrul Nərimanbəyov deyir ki, Təranə xanım əsərlərində özünəməxsus dünyagörüşünü ifadə edir: Onun fərqli rəssamlıq üslubu var. Arzu edirəm ki, bundan sonra Azərbaycandan kənarda daha çox sərgiləri keçirilsin.

Təranə xanım isə deyir ki, həyatın hər bir rəngi onun üçün əzizdir: Çalışıram həmişə yaxşı əhvalda olum. Çünki həmişə əhval qaydasında olanda bu, özünü mütləq yaradıcılıqda da göstərir. İstəyirəm ki, insanlar əsərlərimə baxanda onların yaşamağa, yaratmağa həvəsləri artsın. Mənim konkret sevimli rəngim yoxdur. İşdən asılıdır. İşə başlayanda heç vaxt fikirləşmirəm ki, nədən başlayacağam. Sanki hər şey sövq-təbii gəlir. Bəzən çəkməyə başlayıram, görürəm əlim məni başqa istiqamətə aparır... Rənglərin seçimi o anda başlayır, təbii şəkildə düzümünü tapır. Rəngi mənə mövzunun özü diktə edir. Qabaqlar çoxlu rəng çalarlarından istifadə etməyi xoşlayardım.

Mövzunu sanki yaradıcı insan birdən tapır, əslində isə bu, uzun illərin gərgin axtarışlarının ifadəsi olaraq təbii şəkildə üzə çıxır. Rəssam fikrimizlə razılaşır: Mövzu daxili dünyamda illərlə yol gəlir. Elə məqamlar var ki, fikirləşdiyim çox gözəl alınır. Təbiəti gəzirsən, çoxlu müşahidələr aparırsan, bir görürsən, gözəl bir mövzu tapmısan. O mövzunu çəkməyə bilmirsən. Balıqlar adlı əsərimin maraqlı yaranış tarixçəsi var. Türkiyəyə getmişdik, İzmir şəhərində zooparkda qızıl balıqları gördüm. Balıqlar daşların arasından sanki süzülüb keçirdilər. İki daşın arasından keçən balıqlar mövzusu ağlımda yer elədi. Özümə söz verdim ki, Bakıya qayıdan kimi bu mövzunu çəkəcəyəm.

Təranə xanım insan-təbiət birliyini fəhmən duyur, bunların arasındakı doğmalığı əsərlərində çatdırır: Təbiətdəki canlılarla insanların xasiyyətləri arasında uyğunluqlar tapıram. Başqa cür anlaşılmasın, məsələn, elə meymunlar var ki, adamlara oxşayır və ya əksinə.

T.Məmmədova daim yaradıcılıq eşqi ilə yaşayır. Deyir ki, ağlındakı, ürəyindəki mövzuları gerçəkləşdirmək istəyir: Mənim üçün sənətsiz yaşamaq anlamı yoxdur. Yaradıcılıq məqamında az qala özümü unuduram. Hesab edirəm, bunsuz yaradıcılıq yoxdur. Sevinirəm ki, evdə məni anlayırlar, sənətimə böyük sayğı bəsləyirlər. Doğmalarımdan həmişə böyük mənəvi dəstək görmüşəm. Yoxsa ki, bu sərgilərin gerçəkləşməsi çox müşkül olardı.

Əsərlərinin satışına gəlincə, Təranə xanım deyir ki, əsasən rəssamlıq onun insani, yaradıcı duyğularının ifadəsidir, bu sahəyə demək olar, gəlir sahəsi kimi yanaşmır: Hədiyyə etdiyim əsərlər az olmayıb. Elə olur ki, onu ümumiyyətlə satmaq istəmirəm. Bir əsərim var ki, ona çox bağlıyam. Adı Nurdur. O əsərdə özümü tapmışam.

Əslində əsərin böyük-balacalığının birbaşa mahiyyətə dəxli yoxdur. Təranə xanımın işlərində həcmcə xüsusi böyük əsərlər yoxdur. Deyir, qabaqlar miniatürlər çəkib. Burada təbii olaraq əsərin həcmi böyük olmur: Miniatür janrında çəkmək məndə yaxşı alınırdı. Sonra gördüm gözlərimə ziyandır. Çünki miniatür çəkməkdə göz çox işləyir. Miniatürdə dəqiqlik, xırdalıqlar çoxdur. Qeyd edim ki, ikinci sərgimdə əsas işim miniatürlər idi.

Çağdaş dönəmdə miniatür janrının inkişafı xüsusi gərəklidir. Bu, rəssamlıqda Azərbaycan mədəniyyətinin bənzərsizliyinin təsdiqi kimi diqqəti cəlb edir. Təranə xanım deyir: Ümumiyyətlə, həmişə çalışmışam ki, bu sənətdə öz dəsti-xəttim olsun, heç kəsə oxşamayım.

Səhərin açılması əsəri sərginin baş tərəfindən açılıb, göz oxşayır. Dan yerinin açılması lalələrin fonunda təsvir olunub. Yağlı boya ilə çəkilmiş əsərdə sanki canlıymış kimi təsvir olunan lalələrin arxasında siluetvari lalə tumurcuqları təsvir olunub. Bu, bir ilğım təsiri bağışlayır sanki. Şehli səhər böyük bir eşqlə doğulur, bu doğuluşun ilahi, insani əhvalını insan seyr eləyir vəcdə gəlir

Təranə xanım ona Səttar Bəhlulzadənin yaradıcılığının mühüm təsiri olduğunu deyir. Yazın ətirləri əsəri 3 bölümdən ibarətdir. Üçlüyün düzümü şərtidir, rəssam deyir ki, bu düzümü istənilən kimi dəyişmək olar, ancaq yenə rəssamın əvvəlcədən nəzərdə tutduğu məna dəyişməyəcək. Bu, onunla bağlıdır ki, ilk növbədə dəyişkən məzmunun özü, gerçəklik dəyişməzlik əsasında təsəvvür edilir. Qırmızı rəngin tüğyanında Flaminqo əsəri yaranıb. Flaminqonun alovlu rəqs olduğunu deyən rəssam bu səbəbdən əsərdə qaynarlığı ifadə edən qırmızı rəngə üstünlük verdiyini diqqətə çatdırır.

Rəssam növbəti əsərini isə Günəş - Nar - Kəpənək adlandırıb. Üçlük ayrı-ayrı məzmunları bir məcrada təqdim edir, bölümlərin yerlərinin dəyişilməsindən asılı olaraq məzmunlar adlarına görə konkret anlaşılır. Rəssam Günəş, Nar Kəpənək obrazları arasında vəhdət görür, bu vəhdət təbii şəkildə alınıb. İmpressionist əhvalda çəkilən əsərdə abstraktçılıq da var. Ümumiyyətlə, Təranə xanımın əsərlərində birbaşa hansısa cərəyanın təsirini açıqca görmək azdır. Ayrı-ayrı əsərlərində daha çox rəssamlığın müxtəlif janrlarının uğurlu vəhdəti var.

Azərbaycan əski düşüncəsində odun insanın daxilini təmizləmək xisləti-inancı var. Təranə xanımın müəyyən əsərlərində odun bu keyfiyyəti ifadəsini tapıb. Novruz bayramı ərəfəsində gördüyü səhnələri rəssam beləcə ümumiləşdirməyə nail olub. Tanqo rəqsi ilğımvari əhval ifadə edir. Sanki pərdəarxasıdır, iki sevən gəncin pünhan duyğuları əsərin halından aydın sezilir. Rəssam deyir ki, burada əslində rəqsdən o yandakı əhvalı ifadə edib, əslində rəqsin mənası budur.

Ulduzun yaranması, Dünyaya gəlmə, Sualtı aləm, Kəpənəklər, Su zanbağı, Başlanğıc və son, Natürmort, Papaqlı oğlan. Bu əsərlərdə rənglərin biri-birinə məharətli keçidinin şahidi oluruq. Sərgidə adsız əsərlər var. Miniatür əhvalı daşıyan əsərlər sərgidə diqqəti cəlb edir.

 

 

Elçin Qaliboğlu

 

Mədəniyyət.- 2009.- 26 iyun.- S. 9.