Keşikçidağda araşdırmalara ehtiyac var

 

Ötən ilin yay və payız aylarında aparılan araşdırmalar zamanı burada yerləşən Keşikçi qalanın ilkin orta əsrlərə aid olması, müdafiə məqsədilə tikilməsi, buranın qədim alban yaşayış məskəni olduğu, həmçinin təbii mağaraların eramızın əvvəllərinə, ərazilərdəki süni mağaraların isə 8-15-ci əsrlərə təsadüf etdiyi məlum olub. Keşikçidağ mağaralar kompleksindən ibarət Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğunda 70-ə qədər mağara, 1 qala, 1 məbəd,1 inanc yeri var. Ağstafa rayonunun mərkəzindən 75 kilometr məsafədə, rayonunun sonuncu yaşayış məntəqəsindən - Böyük-Kəsik kəndindən 28 kilometr uzaqda yerləşən qoruqdakı abidələr uzun müddət araşdırılmamış qalıb. Dəniz səviyyəsindən 850 metr hündürlükdə, Gürcüstan ilə sərhəddə yerləşən bu abidələr kompleksində Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun ekspedisiyası iki dəfə araşdırma aparıb. Qoruğun direktoru Musa Mursaquliyevin sözlərinə görə, nəticələr böyük maraq doğurub. Mağaraların birində 3 ədəd qəbirin olduğu aşkarlanıb. Hazırda abidənin araşdırılması istiqamətində işlər aparıldığını deyən qoruq direktoru uzun müddət bu ərazilərdəki abidələrin araşdırılmadığını deyir:

Keşikçidağ Dövlət Tarix Mədəniyyət Qoruğu ərazisində bir əsrdən çox hərbi poliqon olub. Yəni qapalı bir yer olduğundan alimlərimiz tərəfindən araşdırılmayıb! Yaxın gələcəkdə qoruq ərazisindəki abidələrdə təmir və bərpa işlərinin aparılmasının nəzərdə tutulduğunu deyən həmsöhbətim, belə uzun mağaralar kompleksinin Azərbaycan ərazisində unikal fakt olduğunu bildirdi. Elə bu baxımdan burada turistlər üçün muzey yaradılması da nəzərdə tutulub. "Qoruqda tapılan nadir ilkin yaşayış məskəninin izləri, ocaq yerləri, məişət əşyaları, küp qırıqları, saxsı qablar oradakı mağaraların birində saxlanır. İndi bizim fikrimiz var ki, mağaranı qoruqda bir muzeyə çevirək, gələcək nəsillərə, turistlərə təqdim edək.

Bundan başqa, yaxın zamanda Keşikçidağ qoruğunun rəsmi İnternet saytının yaradılması, bukletlər hazırlayıb digər rayonların mədəniyyət və turizm şöbələrinə paylanması və bölgəyə turizm marşrutunun təşkili də planlaşdırılıb.

 

 

Turan

 

Mədəniyyət.- 2009.- 4 mart.- S. 14.