Peşəkar operatorun 52 yaşına

 

Azərbaycan kinosunda onun öz dəst-xətti var

 

O, 2004-cü ildə "Lider" kanalının "Azərbaycan" redaksiyasında bir qrup gənci başına toplayaraq sənədli filmlərin istehsalına başladı. Onun bu təşəbbüsünə onlarla gənc rejissor qoşuldu. Məhz onun səyi nəticəsində yeni sənədli kino dili tapmağın axtarışına çıxdılar.

Rafiq Quliyev peşəkar operator kimi Azərbaycan kinosunda onlarla filmdə çalışıb. 1987-ci ildə Moskva Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsini bitirəndən sonra "Azərbaycanfilm" kinostudiyasında Cəmil Quliyev, Gülbəniz Əzimzadə, Hüseyn Mehdiyev, Yavər Rzayev, Vaqif Mustafayev və başqa rejissorlarla çalışmağa başlayıb. 1975-ci ildə "Azərbaycanfilm"də operator köməkçisi kimi fəaliyyətə başlasa da, sonralar ölkənin bir çox telekanallarında uğurlu layihələr həyata keçirib.

"Cansıxıcı əhvalat", "Qətl günü", "Şahid qız", "Hər şey yaxşılığa doğru", "Ümid", "Girov", "Qala" "Ölüm növbəsi" və s. bədii filmlərdə quruluşçu operator kimi çıxış edən əməkdar incəsənət xadiminin fevralın 27-də 52 yaşı tamam oldu.

Bir dəfə Kinematoqrafçılar İttifaqında "Azərbaycan" redaksiyasına rəhbərlik etdiyi vaxtlarda gənclərin çəkdiyi filmləri müzakirəyə çıxartmışdılar. Həmin müzakirədə onun "komandası"nın ərsəyə gətirdiyi filmlər də müzakirə olunurdu. Diqqətimi cəlb edən məqamlardan biri isə onun öz "tələbələri"ni can-dildən müdafiə etməsi oldu. Müzakirədən sonra söhbətində bildirdi: "Mənə belə gəlir ki, gəncləri sıxmaq lazım deyil. Onlara sərbəstlik verilməlidir ki, özlərini sübut edə bilsinlər". Bu söhbətin üstündən bir il keçəndən sonra onun nəzərdə tutduğu gənclərin adları xarici ölkələrdə keçirilən festivallardan gəlməyə başladı.

Hərdən kinostudiyada qarşılaşanda bir müəllim, peşəkar kimi onun kinoda baş verən yeniliklərlə bağlı münasibətini öyrənməyə çalışıram. Çox vaxt sakit görünsə də, mənə belə gəlir ki, hər an gərgin vəziyyətdədir. Heç vaxt mübarizə əhval-ruhiyyəsində görmədim peşəkar operatoru. Problem yaranan kimi, qarşıdakını uzaqlaşdırmaq əvəzinə, özü oradan uzaqlaşıb. Bir dəfə bu haqda nəsə soruşanda belə cavab verdi: "Sadəcə öz vaxtımı gözləmişəm".

Rafiq Quliyevin operator kimi Azərbaycan kinosunda öz dəst-xətti var. Ona cansağlığı və zəngin filmoqrafiya arzu edirik.

 

 

İntiqam

 

Mədəniyyət.- 2009.- 4 mart.- S. 10.