Zərifə parkı göz oxşayır

 

Artıq baharın ilıq nəfəsi duyulur. Torpaq oyanır, boynu bükük bənövşələr, nərgiz çiçəkləri ətir saçır. Yolların, çığırların kənarında yaşıl çəmənliklər könülləri oxşayır. Ağaclar tumurcuqlayır, alça ağacları çiçək açır. Quşların cəh-cəhi, təbiətin ilıq nəfəsi ətrafa bahar rayihəsi yayır. Parkların, bağların sakit həyatına son qoyulur, insanlar asudə vaxtlarını şən mənalı keçirmək üçün buraya axışırlar. Onlar istirahət edir, yeni dostlar, tanışlar tapır, şirin söhbətlərə qoşulur həmsöhbət olurlar.

- Mən hər səhər tezdən və axşamlar bu parka gəlirəm, burada təmiz hava ala-ala 4-5 kilometr məsafəni piyada gəzirəm. Əlvan güllərə, çiçəklərə, füsunkar zeytun bağına, şəffaf fəvvarəyə baxdıqca zövq alıram, sanki ruhum təzələnir, özümdə yeni güc, yeni həvəs duyuram. Səhər-səhər qısa müddətli xoş istirahətdən sonra işlədiyim universitetə yollanıram, auditoriyada tələbələr qarşısında saatlarla mühazirə oxuyarkən özümü çox gümrah hiss edirəm.

Axşamlar yenə də dincəlmək, yorğunluğumu çıxarmaq üçün bu parka üz tuturam.

Bakıda parklar çoxdur, ancaq mən buranı seçmişəm; səmimiyyətimə inanın, bu parkı özümə şəfa verən xeyirxah həkim sayıram, - deyə Memarlıq və İnşaat Universitetinin professoru Əlisa Əhmədov öz fikrini bildirir.

Əlisa müəllimlə bir oturacaqda əyləşən şəhər sakini, 80 yaşlı təqaüdçü Mikayıl Əliyev söhbətə qoşulur:

- Mən nəvələrimlə birlikdə bu parka tez-tez gəlirəm. Buraya insanlar daha çox ailəliklə, öz körpə uşaqları ilə gəlirlər. Geniş meydançada qaçdı-tutdu, top-top oynamaq, rəngbərəng şarlarla o tərəf-bu tərəfə qaçmaq, kiçik maşınlarda yürüş etmək, bir əlvan gül-çiçəklər, fəvvarə yaşıllıqlar balacaların çox xoşuna gəlir. Böyüklər bu mənzərəyə baxıb həzz alır, mənalı istirahət edirlər.

...Söhbət Bakı şəhərindəki, 9-cu mikrorayon ərazisindəki görkəmli oftalmoloq Zərifə Əliyeva adına Mədəniyyət və istirahət parkından gedir. Parkın mərkəzində təxminən üç metr boy atmış yaşıl ağacın dibində bir metal lövhə diqqəti cəlb edir. Orada yazılıb: Bu ağacı Azərbaycan Respublikasının Prezidenti zati-aliləri Heydər Əliyev əkmişdir. 28 aprel, 2000. Ümummilli liderimiz Heydər Əliyevin burada əkdiyi ilk ağacla bu parkın əsası qoyulmuşdur.

Sonralar parkın ərazisi genişləndirilmiş, burada yeni yaşıllıqlar və çiçəkliklər salınmışdır. Mərkəzdə, mərmər hovuz fəvvarənin yanında Zərifə xanım Əliyevanın heykəli qoyulmuşdur. Park Cavad xan küçəsi boyunca uzanır buradakı məşhur zeytun bağına qovuşur. 4-5 hektarlıq sahəni əhatə edən bu yaşıllıqlar məkanında əhalinin səmərəli istirahəti üçün yaxşı şərait yaradılmışdır. Burada bədii tərtibatla salınmış yaşıllıqlar gül-çiçəklər diqqəti cəlb edir. Baş-başa vermiş zeytun, çinar, Eldar şamı, küknar, akasiya başqa ağacların arası ilə salınan daş üzlüklü çığırlar, ətrafdakı ecazkar mənzərə, müasir işıqlandırma sistemi, yaraşıqlı oturacaqlar, quşların cəh-cəhi, saf hava hər gün buraya gələn yüzlərlə insana zövq verir, onlara xoş əhvali-ruhiyyə bəxş edir.

Parkın bağbanı, aqronom Binnət Məmmədov söhbət zamanı dedi:

- Ulu öndər Heydər Əliyev həmişə yaşıllıqları gözbəbəyi kimi qorumağı tövsiyə edirdi. O, ürək ağrısı ilə deyirdi: Ağac kəsən bilsin ki, mənim qollarımı kəsir. Biz öz növbəmizdə, hər bir ağaca, hər bir gül koluna xüsusi qayğı diqqət göstəririk, hər il boş yerlərdə yeni ağaclar, gül kolları əkirik. Yaşıllıqlara yüksək aqrotexniki qaydalar əsasında qulluq edirik. Parkın təmizliyinə xüsusi fikir verilir. Elə bütün bunların nəticəsidir ki, parkımız öz cazibədarlığı ilə könülləri oxşayır.

...İndi parkın qarşısında göz xəstəlikləri klinikasının möhtəşəm binasında son tamamlama işləri görülür. Müasir memarlıq üslubu ilə ucaldılan bu bina, qarşısında salınmış parkla bir həmahənglik uyarlıq təşkil edir. Bina parka, park da binaya xüsusi yaraşıq verir.

 

 

Canalı Mirzəliyev

 

Mədəniyyət.- 2009.- 6 mart.- S. 14.