Nargin turizm məkanına çevriləcək

 

Adada nəhəng istirahət kompleksinin tikilməsi planlaşdırılır

 

Bugünlərdə Azərbaycanın informasiya məkanında nəhəng bir turizm layihəsinin həyata keçiriləcəyi ilə bağlı məlumatlar yayıldı. Həmin məlumatlara görə, keçmiş Nargin adası ərazisində 6 milyard dollarlıq layihə gerçəkləşdiriləcək. Layihənin həyata keçirilməsi nəticəsində ada böyük turizm məkanına çevriləcək. Dənizin ortasında qurulacaq bionik ada layihəsini Danimarkanın Biaypi-Artek şirkəti həyata keçirəcək. Ada elə qurulacaq ki, burada enerji mənbəyi kimi təbii resurslardan istifadə olunacaq. Burada günəş, su, torpaq külək enerjisindən istifadə olunması planlaşdırılır ki, nəticədə ərazidə atmosfer təmiz qalacaq.

Qeyd edək ki, adada tikilməsi nəzərdə tutulan turizm mərkəzinin bənzəri yalnız Danimarkada, Birləşmiş Ərəb Əmirliklərində və Çindədir.

Bu barədə məlumatı jurnalistlərə açıqlamasında təsdiqləyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Nargin adasının turizm mərkəzinə çevrilməsi ilə əlaqədar Türkiyə, İtaliya, Avstriya və ABŞ mütəxəssisləri tərəfindən müxtəlif layihələr irəli sürülüb.

Nargin adası bir çox sirlərin şahididir

Bu yerdə onu da qeyd edək ki, hazırda Nargin adasının turizm obyektinə çevrilməsi ətrafında müxtəlif fikirlər yaranmaqdadır. Bəzi mütəxəssislər düşünür ki, adanı turizm məkanına çevirməkdənsə, onu tarixin yadigarı kimi qoruyub saxlamaq daha yaxşı olardı. Tarixi keçmişə səyahət etsək, görərik ki, təbiətin təcrid etdiyi bu kiçik torpaq həmişə avtoritar hakimlərin diqqətini cəlb edib, gözdən uzaq, könüldən iraq taleyilə minlərlə cinayətin dəfn olunduğu qəbiristanlıq adasına çevrilib. Eyni zamanda Nargin adası Azərbaycanın Türkiyənin yaxın tarixində yaşanan bir sıra faciəvi olaylara şahidlik edib.

Layihənin reallaşması Azərbaycana külli miqdarda vəsait gətirəcək

Fərqli fikirlər səslənsə etiraf etmək lazımdır ki, hər kəsin vaxtilə cəhənnəm adlandırdığı Nargin adası yeni layihələr əsasında cənnətə çevriləcək. Bunu turizm sahəsi üzrə mütəxəssislər təsdiq edir. Azərbaycan Turizm İnstitutunun turizm biznesinin təşkili texnologiyası kafedrasının müdiri, tarix elmləri doktoru, professor Bahadur Bilalovun dediyinə görə, indi belə bir nəhəng turizm layihəsinin həyata keçirilməsi Azərbaycan turizmi üçün əhəmiyyətli rol oynayacaq. Həm xaricdən turistlərin gəlməsi nöqteyi-nəzərindən, həm daxili turizmin inkişafı baxımından bu layihə gerçəkləşsə, ölkəyə böyük dividentlər gətirəcək. Təsəvvür edin ki, qonşu ölkələrdən dincəlmək üçün Kanar adalarına digər yerlərə gedirlər. Ümumiyyətlə, qonşu Rusiyada, Gürcüstanda adalarda istirahət etmək həvəskarları həddindən artıq çoxdur. Biz öz potensialımızdan istifadə edərək Nargində sözügedən layihəni reallaşdıra, orada müasir standartlara uyğun turizm-istirahət mərkəzi yarada bilsək, sadaladığım ölkələrdən orada gəlib dincələn insanlar saysız-hesabsız olacaq. Bu baxımdan həmin layihəni yüksək qiymətləndirirəm düşünürəm ki, bu, ölkəmizə ancaq külli miqdarda vəsait axınına səbəb olacaq.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 11 mart.- S. 8.