Hər gecənin bir gündüzü var...

 

On altı ilə yaxındır ki, erməni işğalı nəticəsində Zəngilan rayonunun 36 min nəfərlik əhalisi isti ocaqlarından perik düşmüş, respublikamızın 43 rayonunda pərakəndə şəkildə müvəqqəti olaraq məskunlaşmışdır.

Bəs belə bir vəziyyətdə Zəngilan Rayon Mədəniyyət Turizm Şöbəsi zəngilanlılara necə mədəni xidmət göstərir, öz fəaliyyətini necə tənzimləyir?

Şöbənin müdiri Mehman Nəsirovla söhbətimiz bu barədədir.

- Mehman müəllim, söhbətimizə giriş üçün deyərdiniz?

- İndi Zəngilan Rayon Mədəniyyət Turizm Şöbəsi Nəsimi rayonundakı Sarabski adına Mədəniyyət evinin binasında öz fəaliyyətini davam etdirir.Onu deyim ki, köçkünlük həyatı ağır həyatdır. Erməni təcavüzü nəticəsində Zəngilanın 72 ümumtəhsil məktəbi, 39 mədəniyyət evi , 70 kitabxanası, 9 muzeyi, 4 musiqi məktəbi, 19 klubu, çoxsaylı ictimai-sosial obyektləri, fərdi yaşayış evləri, maddi-mədəniyyət abidələri erməni işğalçılarının əsarəti altında qaldı. Zəngilanlılar öz torpaqlarından ayrı düşdü... İndi onlar respublikamızın müxtəlif rayonlarında, daha çox Bakı Sumqayıt şəhərlərində, Sabirabad rayonunda müvəqqəti məskunlaşmışlar. Şöbəmizin işçiləri onlara lazımi səviyyədə mədəni xidmət göstərməyə çalışırlar.

Zəngilanlıların 4 min nəfəri Azərbaycan Neft Akademiyasının yataqxanasında qalır. Mədəni tədbirlərin çoxunu burada keçiririk. Razılıq hissı ılə qeyd etməliyəm ki, Mədəniyyət Turizm Nazirliyi şöbəmizin fəaliyyətinin canlandırılmasına yaxından köməklik göstərir.

- Məlumdur ki, kitabxanaların modernləşdirilməsi barədə Dövlət Proqramının icrasına başlanmışdır. Sizdəki dondurulmuş kitabxanaların taleyi necə olacaq?

- Bəli, Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı qəbul edilmişdir.

Bilirik ki, müasir dövrdə mədəniyyət, elm, informasiya, təhsil tərbiyə müəssisəsi kimi çap əsərlərini, həmçinin digər informasiya daşıyıcılarını toplayıb mühafizə edən, cəmiyyətin intellektual potensialının inkişafına xidmət göstərən kitabxanalar müstəsna əhəmiyyətə malikdir. Elə buna görə cəmiyyətin informasiya təminatını həyata keçirən kitabxanaların fəaliyyətində əsaslı islahatlar həyata keçirilir.Əlbəttə, bu islahatlar köçkün rayonlara da aiddir.

Erməni işğalından sonra Zəngilanın sakinləri ilə yanaşı , mədəni- maarif müəssisələri köçkün həyat sürməyə başladı.Köçkünlük dövrü başlayandan sonra bir sıra dondurulmuş kitabxana işçiləri orta aylıq əməkhaqqı alırlar.Ancaq işləyən kitabxanalarımız da vardır.

Respublika Prezidentinin Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında sərəncamına əsasən, rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə 4239 kitab hədiyyə edilmişdir.

Sabirabad rayonu ərazisində Zəngilan məcburi köçkünləri üçün hər cür infrastruktura malik yeni qəsəbədə 150 nəfərlik klub kitabxana tikilib istifadəyə verilmişdir.

Hacallı kənd kitabxanası lazımi inventarla, kompyuter dəsti ilə təmin olunmuş, oraya 3 min nüsxə yeni kitab göndərilmişdir.Kitabxana fəaliyyətə başlamışdır.

Məcburi köçkünlərin çoxsaylı müraciətlərini nəzərə alaraq onların daha çox məskunlaşdığı ərazilərdə rayon mərkəzi kitabxanasının, Üdgün, Ördəki, Beşdəli, Bartaz, Alıbəyli, Mincivan başqa kənd kitabxanalarının açılmasını planlaşdırırıq. Bu barədə konkret təkliflər hazırlanmış, kitabxanalar üçün bina ayrılması barədə bir çox rayon icra hakimiyyəti başçıları ilə danışıqlar aparılmışdır.

- Musiqi məktəblərinin fəaliyyətindən razısınızmı? Bu məktəblər harada yerləşir?

- Şöbənin nəzdindəki 1 saylı yeddiillik Uşaq Musiqi Məktəbi Zabrat qəsəbəsindəki peşə məktəbinin binasında, 2 saylı Mincivan yeddiillik Uşaq Musiqi Məktəbi Nizami rayonundakı 70 saylı orta məktəbin binasında, 3 saylı Bartaz kənd yeddiillik Uşaq Musiqi Məktəbi isə Binəqədi rayonundakı 6 saylı peşə liseyində fəaliyyət ğöstərir. Musiqi məktəbinin uşaqları müsabiqə festivallarda fəal iştirak edir, mükafatlar qazanır, müntəzəm olaraq zəngilanlıların qarşısında maraqlı konsert proqramı ilə çıxış edirlər.

Keçən dərs ilində 3 musiqi məktəbində dörd ixtisas üzrə 53 nəfər şagird təhsilini uğurla başa vurmuşdur. Onların xeyli hissəsi indi orta ali ixtisas məktəblərində təhsillərini davam etdirirlər. Bir sözlə, musiqi məktəblərimizin işini qənaətbəxş hesab edirəm.

- Zəngilanın ərazisi tarix mədəniyyət abidələri ilə zəngindir...

- Bəli, rayonun ərazisində qədim tarix mədəniyyət abidələri çoxdur. Arxeoloji tədqiqatlar göstərir ki, bu ərazi qədim insan məskəni olmuşdur.

Əmirxanlı kəndində Qız qalası (12-ci əsr), Məmmədbəyli kəndində Türbə (1304), Şərifan kəndində Sərdabə (13-cü əsr), Yenikənddə Sərdabə ( 14-cü əsr), Xəştab kəndində nekropol (e.ə. 6-cı- 4-cü əsrlər), orta əsrlərə aid Şəhri-Şərifan, Ağca Aşıq yaşayış yerləri, 19-cu əsrə aid məscidlər, körpülər s. diqqəti cəlb edir.

Burada Naxçıvan- Təbriz memarlığı üslubunda tikilmiş Şəhri- Şərifan ya Şəhri-Xəlifan adlı bir orta əsr şəhərinin xarabalıqları vardır. Bütün bunlar barədə yetişməkdə olan gənc nəslə məlumatlar veririk ki, onlar tarixi keçmişimizi unutmasınlar.

İndi nankor ermənilər abidələrimizin başına min bir oyun açmışlar.

Zəngilanlıların ürəyində Zəngilan boyda ağır bir dərd yükü asılıb. Doğma torpaqlarımız üçün darıxırıq. Düzdür, insanlara xoş əhval-ruhiyyə bəxş etməyə çalışırıq. Ancaq torpaq itkisi ağır dərddir. Sabaha inamımız, ümidimiz böyükdür. İnanırıq ki, prezidentimiz cənab İlham Əliyevin daxili xarici siyasəti öz nəticəsini verəcək, biz əzəli əbədi torpaqlarımıza qayıdacağıq... Hər qaranlıq gecənin bir işıqlı səhəri olur.

 

 

Müsahibəni yazdı:

Canalı MİRZƏLİYEV

 

Mədəniyyət.- 2009.- 11mart.- S. 4.