Dirijor.

 

Zirvə mükafatçısı

 

O, musiqi təhsilini dünyanın ən nüfuzlu təhsil ocaqlarında başa vuraraq yenidən vətənə dönüb. Müsahibimiz həmin gənc dirijor, dəfələrlə beynəlxalq müsabiqələrin qalibi olmuş Eyyub Quliyevdir.

- Ramiz Quliyev kimi musiqiçinin ailəsində doğulmaq sizə hansı üstünlük verdi?

- Sözsüz ki, onun tərbiyəsində yetişmək, yeni tar məktəbindən bəhrələnmək mənim musiqiçi taleyimdə böyük rol oynayıb. 6 yaşımdan musiqiyə bağlanmışam və elə ilk müəllimim də atam olub. Onun böyük sənətkarlarımızla geniş təmasları olub. Mən onların məşqlərini, müzakirələrini daim izləyirdim. Bu təmasları hətta ali təhsil kurslarından üstün sayıram. Atamdan tar kimi sehrli musiqi alətinin ilk sirlərini öyrəndim.

Artıq 1991-ci ildən, 7 yaşımdan Ü.Hacıbəyov adına Musiqi Akademiyasında tar dərnəyinə gedirdim.

- Elə səhnəyə də ilk dəfə tar ifaçısı olaraq çıxmışdınız və uğur da qazandınız.

- 1994-cü ildə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında atamın solo-konserti keçirilirdi. Sonda atamla birgə mən də çıxış etdim. Təsəvvür edin ki, bizi kamera orkestri müşayiət edirdi, azacıq səhvim konsertin pozulmasına gətirib çıxarardı. Zalda isə əsl musiqi peşəkarları, duyumlu insanlar əyləşmişdi. Sonradan Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Qönçə, Novruz kimi bir çox müsabiqələrdə iştirak edib qalib adını qazandım.

- Amma tarı dirijor çubuğu ilə əvəz etdiniz. Nə üçün?

- 1996-cı ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinə daxil oldum. Burada isə dirijorluq məni özünə cəlb etdi. Bu, çox təbii baş verdi. Heç bir planlaşdırma yox idi. Atam həmişə Bethovenin, Baxın, Şostakoviçin əsərlərindən, dünya orkestrlərinin çıxışlarından ibarət CD disklərini hədiyyə gətirirdi. Bu disklər məndə ciddi musiqiyə həvəs yaradırdı. Onlara qulaq asanda özümü hansısa orkestrin idarəedicisi kimi təsəvvür edirdim. Əlbəttə, onda mən heç dirijor hesablarını da bilmirdim.

- Tar musiqisinə öyrəşmiş ailənizin bu seçimə münasibəti necə oldu?

- Ailədə dirijor seçimimlə o şərtlə razılaşdılar ki, tarı unutmayım. Əlbəttə, tarı unuda bilməzdim. İndi də hər hansı ölkədə çıxış edəndə tar musiqisinə yer ayırmağa çalışıram. 1999-cu ildə ekstern imtahan verərək Ü.Hacıbəyov adına Musiqi Akademiyasının, xor dirijorluğu fakültəsinə daxil oldum. Paralel olaraq Ramiz Quliyevin xalq çalğı alətləri sinfində də təhsil alırdım. Qeyd edim ki, 1998-ci ildə ümummilli liderimiz Heydər Əliyevin sərəncamı ilə gənc istedadlar üçün xüsusi təqaüdə də layiq görüldüm. Bu qayğı məni həmişə uğur qazanmağa səsləyib. Dirijor kimi ilk addımlarımı isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin nəzdində yaradılmış Uşaq Simfonik Orkestrinin II dirijoru olaraq atmışam. Bu orkestrə məni musiqi məktəbinin rəhbərliyi dəvət etmişdi. 2005-ci ilə, Sankt-Peterburq Dövlət Konservatoriyasına təhsilimi davam etdirmək üçün gedənə qədər orkestrlə işlədim. Uşaqlarla işləmək asan deyildi. Onların psixologiyalarını bilmək lazım idi. Ciddi musiqini uşaqların ifasında səhvsiz səsləndirmək də böyük zəhmət tələb edirdi. Buna baxmayaraq, məhz burada böyük təcrübə əldə etdim. Dirijor kimi ilk solo-konsertim də 2004-cü ilin martında bu kollektivlə oldu.

- Gəlin, ilk xarici səfərlərinizdən danışaq.

- 1997-ci ilin aprelində Bakıda dahi musiqiçi V.Rostropoviçin 70 illiyinə həsr olunmuş tədbir keçirildi. Mədəniyyət və Turizm Nazirliyi çıxış üçün atamla məni də bura dəvət etmişdi. Tarda Azərbaycan və Qərb musiqilərini ifa etdik. Rostropoviç çıxışımızı çox bəyənmişdi və onda H.Əliyevə dedi ki, bu ifa əsl möcüzədir, icazə ver, onları Moskvaya dəvət edim. Həmin il Rostropoviçin yubileyi ilə əlaqədar Moskvanın Çaykovski adına Dövlət Konservatoriyasında qala-konsert təşkil olunmuşdu. Biz orada çıxış etdik. Bu, mənim ilk xarici səfərim idi. sonra yenə Moskvada Müslüm Maqomayevin 55 illik yubileyində iştirakımız oldu. M.Maqomayev ifamıza belə qiymət verdi: Sizin çıxışınız, elə bil bütöv bir orkestrin ifasıdır.

- Xarici ölkədə musiqi təhsilinizi davam etdirdiniz. Yeni mühit sizin üçün nə demək idi.

- Təhsilimi davam etdirmək üçün 2005-ci ildə dövlət xətti ilə L.N.Kurskaya adına Sankt-Peterburq Dövlət Konservatoriyasının opera-simfonik dirijorluğu ixtisası üzrə aspiranturaya daxil oldum. Qeyd edim ki, bu konservatoriya dünyada özünəməxsus dirijorluq ənənələri ilə tanınır. Görkəmli musiqiçilər bu konservatoriyanın tələbələri olublar. Həmçinin, bu konservatoriyanın ilk azərbaycanlı aspirantı olmağımla fəxr edirəm. Burada mövcud musiqi mühiti mənim dünyagörüşümü tamam dəyişdi və daha da ciddiləşdirdi. Konservatoriyada bir neçə orkestr var.

Peşəkar musiqiçilərlə təmasda olmaq, təcrübəni artırmaq üçün hər cür şərait yaradılıb.

- Bir az da beynəlxalq müsabiqələrdə iştirakınız barədə danışın. Biz gələn məlumatları fəxrlə izləyirik.

- Sankt-Peterburqda oxuyanda bir beynəlxalq müsabiqə haqqında məlumat adım. Polşada, bu ölkənin məşhur bəstəkarı V.Lütovskinin şərəfinə dirijorların V Beynəlxalq müsabiqəsi keçirilirdi. Mən də sənədlərimi, ifalarımın videoyazısını bu müsabiqəyə göndərdim. 180 nəfərdən 48 nəfər seçilərək bu müsabiqəyə dəvət edildi. Müsabiqədə birinci yeri tutdum. Bu qalibiyyət həm də mənə Avropaya qapı açdı. Çünki şərtə görə, müsabiqənin qalibi beş il ərzində Polşanın və Avropanın böyük orkestrləri ilə çıxış etmək imkanı qazanırdı. Beləliklə, konsert turnesi başladı.

İlk konsertdə mənim təklifimlə orkestr dahi bəstəkarımız Q.Qarayevin Leyli və Məcnun əsərini ifa etdi. Polşanın Kreç Flormanik Orkestri, Belarus Dövlət Simfonik Orkestri, Norveçin Tronxayn Orkestri, Çexiyanın Flormanik Orkestri kimi bir çox məhşur kollektivlərlə çıxışlarım oldu. Hər konsertdə bir və ya bir neçə Azərbaycan musiqisi səsləndirilirdi. Xarici səfərlər sonralar yenə də davam etdi. Və mən 3-4 ay bundan qabaq Yunanıstanda müsabiqədə iştirak etdim. Müsabiqə Avropa İttifaqının mədəniyyət layihələrindən biri idi. Müsabiqədə 171 nəfər iştirak edirdi. Son tura, mən də olmaqla 4 nəfər qaldı. Bu, həm də Azərbaycan dirijorluq məktəbinin qələbəsi idi.

- İndi vətəndəsiniz. Gələcəyə yönəlik hansı planlarınız var?

- Hələlik yolayrıcındayam. İstəyirəm ki, fəaliyyətimi ilk növbədə öz vətənimizə göstərim və bu fəaliyyətimlə həm də dünyaya çıxa bilim. Xarici ölkələrdən, nüfuzlu orkestrlərdən ciddi təkliflər var. Hələlik gözləyirəm.

- Bəs vətəndə sizə hansı təkliflər edilir?

- Keçən ilin yanvarında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə debüt konsertim oldu. Sizin qəzet də bu konserti geniş işıqlandırmışdı. Həmin konsertdə cənab nazir çıxışımla bağlı bəzi xoş fikirlərini bildirdi. Burada bəzi planlar və təkliflər var, yəqin ki, yaxşı olacaq.

- Bu gün biz ciddi sənətin şou bumunda unudulduğunu tez-tez müzakirəyə çeviririk. Sizin mövqeyinizi bilmək maraqlıdır.

- Müstəqilliyi yenicə əldə etmiş ölkənin vətəndaşları ilk əvvəl sosial bazanı möhkəmləndirir. Ciddi sənətin yaşaması üçün həm də təbliğat lazımdır. Bu gün bizim telekanallarda, hətta çox zəif sayılacaq şoular zövqlərə hakim kəsilib. Dünyada mədəniyyət kanalları var. Bundan əlavə, bizdə cəmi bir orkestr var. Ümumiyyətlə isə zaman keçdikcə bu məsələlər öz yerini tapacaq. Son illərdə mədəniyyət sahəsində həyata keçirilən layihələr məndə ümidlər yaradır. Təkcə klassik musiqi sahəsində yox, məsələn, muğamın inkişafı ilə bağlı görülən işlərin nəticəsinə baxaq. Görün, nə qədər istedadlar üzə çıxdı. İnsanları ciddi sənətin işığına yığmaq üçün KİV-in rolu danılmazdır. Amma bu məsələdə onların iştirakı çox zəifdir.

- Bəzən ciddi musiqi auditoriyası kənar dinləyici qəbulu üçün qapalı olur. Belədə zövq necə formalaşsın?

- Ümumiyyətlə, sadaladığım problemlər əksər ölkələrdə var. Avropada ənənə yaşayır, orada zövqlərin özü təbəqələşir. Ciddi musiqini, popu da qəbul edib qulaq asanlar var. İndi bizdə musiqi festivalları keçirilir, burada iştirak edənlərin əksəriyyəti gənclərdir. Bu ənənə nəticə verəcək. İstərdim ki, musiqi təhsili alan gənclər üçün musiqi tədbirlərinə biletlər ayrılsın. Uşaqlar üçün tanınmış musiqiçilərimizin pulsuz konsertləri böyük tərbiyəvi effekt verərdi. Zövqləri uşaq yaşından formalaşdırmaq olar. Uşaq bilməlidir ki, onun bu ciddi musiqisi dünyada qəbul olunur, ona həvəs göstərməlidir.

- Son sual. Gənc Azərbaycan dirijor həyatda özü üçün hansı missiyanı seçib?

- Mənim üçün ən böyük missiya Azərbaycan musiqisini və mədəniyyətini dünyada layiqincə təmsil etməkdir. Missiyamı həyata keçirilməsi baxımından optimistəm.

 

Söhbətləşdi: Sabutay

 

Mədəniyyət.- 2009.- 13 mart.- S. 4.