Böhran Azərbaycan turizminə təsir edirmi?

 

Proqnozlar nikbindir

 

Qiymətli kağızlar bazarından başlanan dünya maliyyə böhranı artıq özünü turizm sahəsində də göstərir. Proqnozlara görə, 2009-cu ilin ikinci yarısında dünyada turizmin inkişaf etdiyi bir çox ölkələr xidmət sahəsinin bu növündən əldə etdikləri gəlirdən məhrum ola bilər. Yəni inkişaf etmiş ölkələrdə müşahidə olunan maliyyə qıtlığı, inflyasiya və iş yerlərinin ixtisarı turistlərin sayının azalması ilə nəticələnəcək. Məsələn, 2008-ci ildə dövlət büdcəsinin 4 faizini turizm sahəsindən əldə etdiyi gəlir hesabına formalaşdıran Türkiyə bu il eyni nəticəni əldə edə bilməyəcək.

Həmçinin gəlirlərin azalması bir sıra tanınmış turizm şirkətlərinin işində də ciddi problemlər yarada bilər ki, bunun nəticəsində də həmin şirkətlər iflasa uğraya, öz fəaliyyətini dondura bilər.

Ümumdünya Turizm Təşkilatının yaydığı hesabata görə, 2008-ci ildə dünya bazarında turizm xidmətinin payı 2 faiz təşkil edibsə, 2009-cu ildə bu göstərici sıfır səviyyəsində olacaq. Böhranlı vəziyyət hotel biznesilə bağlı investisiya layihələrinin dayandırılmasına da səbəb olacaq. ÜTT-nin baş katibi Cefri Lipman bildirib ki, cari ildə bütün dünyada turistlərin sayı 2 faiz və ya 16 milyon nəfər azalacaq. Yaxın iki ildə isə dünya üzrə turizm bazarında fəal təkliflər olmayacaq və turizm agentliklərinin sayı 20 faiz azalacaq.

Bəs Azərbaycanın turizm sektorunda vəziyyət necədir?

Amma mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mətbuata verdiyi açıqlamada bu barədə nikbin danışıb: "Ötən ilin rəqəmləri Azərbaycana gələn turistlərin sayında 40 faiz artım olduğunu göstərdi. Belə bir nəticə dünyanın heç bir ölkəsində yoxdur". Bunun səbəbini Azərbaycanın beynəlxalq sərgilərdə geniş təmsil olunması, ölkəmizin turizm potensialının dünyanın tanınmış CNN, "Euronews" kimi kanallarında hər gün reklam olunması, Azərbaycanda il ərzində bir neçə dünyamiqyaslı tədbirlərin keçirilməsi ilə izah edən nazir bildirib ki, 2008-ci ildə 1 milyon 898 min 939 nəfər əcnəbi sərhədlərimizi keçib ki, bunların da 1408908 nəfəri turist hesab olunur: "Dünyadakı iqtisadi böhranla əlaqədar təbii ki, səyahət edən insanların sayı azalır. Amma bizim hesablamalarımıza görə, Azərbaycanın siyasi-iqtisadi durumu, burada keçirilən beynəlxalq tədbirlərin çoxluğu imkan verir ki, ölkəmizə əcnəbilərin axını o qədər də azalmasın".

 

Azərbaycanda beynəlxalq turizm layihələri dayandırılmayacaq

 

Onu da qeyd edək ki, Azərbaycan hökuməti turizmə qeyri-neft sektorunun inkişafı baxımından prioritet sahə kimi əhəmiyyət verir. Bu məqsədlə hazırda Azərbaycanda dəyəri milyard dollarlarla ölçülən bir neçə iri turizm layihələri həyata keçirilir. Qusar rayonunda "Şahdağ" qış-yay dağ idmanı kompleksinin tikintisi layihəsinin dəyəri 2 milyard dollara yaxındır. Abşeronun Bilgəh-Nardaran sahili boyunca "Crocus İnternational" şirkəti tərəfindən 2,5 il müddətinə reallaşdırılması nəzərdə tutulan layihənin dəyəri 1 milyard dollar təşkil edir. Son günlər isə mətbuatda yayılan məlumatlara görə, Nargin adasının bütünlüklə turizm istirahət məkanına çevrilməsi nəzərdə tutulur ki, buna da 6 milyard dollara yaxın xərc tələb olunur.

Turizmdə böhranın getdikcə artdığı indiki məqamda bu layihələrin həyata keçirilməsində hər hansı bir problem yaranmayacaq ki? Hökumətdən verilən rəsmi proqnozlara görə, nə turizmin üzləşdiyi çətinliklər, nə də tikinti sektorundakı problemlər Azərbaycanda bu cür yüksək məbləğli layihələrin dayanmasına səbəb olmayacaq. Bu barədə jurnalistlərin suallarını cavablandıran mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də bildirib ki, böhrana görə nazirliyin heç bir layihəsi dayandırılmayıb.

 

"Hökumət turizm sahəsinə güzəştlər tətbiq etməlidir".

 

Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərinin işinə böhranın təsir edib-etməməsi ilə bağlı məlumat almaq üçün bir neçə turizm şirkətinin rəhbəri ilə söhbətləşdik. "Bakı-tur" turizm şirkətinin rəhbəri Fayis Məmmədovun bildirdiyinə görə, böhrandan maksimum az itki ilə çıxmağa çalışırlar. Şirkət rəhbəri turizm şirkətlərinə hökumət tərəfindən bir sıra güzəştlərin tətbiq edilməsinin onların işinə müsbət təsir edə biləcəyini dedi. "Bakıtur" bununla bağlı konkret təkliflər də irəli sürür: "Turizm sektoru nəqliyyat, tikinti, toxuculuq, mebel sənayesi və bir sıra sahələri özündə birləşdirir. Turizmin zəifləməsi isə həmin sahələrdə güclü ixtisarlara gətirib çıxara bilər. Ona görə də bank sektorunda olduğu kimi, dövlət turizm şirkətlərinə güzəştlər etməli, əlavə dəyər vergisinin məbləği azaldılmalı, turizm layihələrinn həyata keçirilməsinə kreditlər ayrılmalıdır".

Məlumdur ki, bir çox xarici ölkələrdə böhranla əlaqədar həm enerjidaşıyıcılarının, həm də ərzaq məhsullarının qiymətləri enib. Bununla əlaqədar həmin ölkələrdə hotellər, istirahət məkanları da öz tariflərində endirimlər ediblər. Maraqlıdır, turizm şirkətlərinin öz müştərilərinə təklif etdikləri paketlərdə də qiymət endirimləri varmı?

F.Məmmədovun dediyinə görə, artıq onlar bəzi xarici ölkələrə həyata keçirdikləri marşrutlar üzrə qiymətləri ucuzlaşdırıblar: "Biz xaricə turlar təşkil etdikdə göndəriş vərəqinin üstünə cəmi 10 faiz qiymət qoyuruq. Bank, telefon, köçürmə xərclərimizin hamısı bu faizin içərisinə daxildir. Sözsüz ki, əgər xaricdə, məsələn, hər hansı bir hotelin qiyməli ötən il 1000 manat idisə, bu il 800 manat olubsa, onda biz o 1000 manatın yox, 800 manatın üzərinə 10 faiz qoyuruq. Bu da müəyyən qiymət azalmasına gətirib çıxarır". Fayis müəllim onu da bildirdi ki, bu azalmanı ölkədaxili turlarla bağlı demək olmaz. Çünki Azərbaycanda fəaliyyət göstərən istirahət məkanlarının əksəriyyəti qiymətlərini azaltmaq əvəzinə, əksinə, artırıblar.

 

Turist şirkətləri reklam aksiyaları keçirirlər

 

"Millenium Travel" şirkətinin rəhbəri Ruslan Quliyev də dünya maliyyə böhranının Azərbaycanın turizm sektoruna təsirini qaçılmaz hesab edir: "İnsanlar çalışırlar ki, səyahət məqsədilə səfərlərini maksimum təxirə salsınlar. İşgüzar məqsədli turizmdən fərqli olaraq, səyahət turizmində azalma daha çoxdu ki, bu da xərclərə qənaət məqsədilə edilir. Amma vəziyyətdən çıxış yolu kimi biz müəyyən bonus sistemini işləyib hazırlayırıq. Yəni beşulduzlu hotelləri dördulduzlu hotellərin qiymətinə təklif edirik. Çalışırıq ki, müştəriləri itirməyək. Müəyyən reklam aksiyaları həyata keçiririk".

Lakin R.Quliyev problemə optimist yanaşır. Onun fikrincə, bədbinliyə qapılmaqdansa, turizm sektorunu böhrandan maksimum az ziyanla çıxartmaq üçün dövlət proqramının həyata keçirilməsi vacibdir: "Mütəxəssislərin dediyinə görə, MDB ölkələri arasında böhranın təsirindən ən az Azərbaycan turizmi əziyyət çəkə bilər. Öz növbəmizdə biz turizm şirkətlərinin assosiasiyasını yaratmağı düşünürük. Hesab edirik ki, bu, turizm şirkətləri üçün faydalı olacaq. Problemin həll olunması üçün təkliflər paketinin hazırlanaraq Mədəniyyət və Turizm Nazirliyinə və Milli Məclisə təqdim olunmasında bu assosiasiyanın çox mühüm rolu olacaq. Azərbaycanda turizm yeni inkişaf etməkdə olan bir sahə olduğundan ona dövlət qayğısı lazımdır. Amma hər şeyi dövlətdən ummaq da düzgün olmazdı".

R.Quliyev onu da bildirdi ki, 2007-ci illə müqayisədə 2008-ci ildə "Millenium Travel"in xidmətindən istifadə edən turistlərin sayı 25 faiz artmışdısa, qarşadakı aylar üçün azalma ehtimalı var. Lakin bu, yalnız böhranın təsiri ilə əlaqədar deyil: "Biz İpək Yolu layihəsində iştirak edirik və Gürcüstan-Azərbaycan marşrutu üzrə kombinə olunmuş marşrutlar həyata keçiririk. Rusiya-Gürcüstan müharibəsi də turistlərin sayına öz mənfi təsirini göstərdi. Honq-Konqdan, Çindən, Yaponiyadan olan turistlərin səfəri bu ilə keçirildi".

Ancaq şirkət rəhbəri riskliliyin və xoşməramlı müqavimətin turizmə xas olduğunu xatırladaraq, siyasi problemlərin sözügedən sahəyə ciddi əngəl törədə bilməyəcəyinə inandığını bildirdi.

 

 

Fəxriyyə ABDULLAYEVA

 

Mədəniyyət.- 2009.- 20 mart.- S. 8.