Muğam musiqisinın fəlsəfi, sosial mahiyyəti

 

Muğam musiqisinin öz köklərini qədim hind, ərəb, İran, türk-şaman musiqisindən götürüldüyü deyilir. Amma müasir dövrdə muğam musiqisi ən çox Azərbaycanda inkişaf etmişdir, azərbaycanlılar tərəfindən daha rəğbətlə qarşılanmaqdadır. Muğam musiqisini indi bütün dünyaya tanıdan da azərbaycanlılardır. Bu fakt Azərbaycan mədəniyyəti barədə daha zəngin, daha dərin mülahizələr yürütməyə imkan verir. Muğam musiqisinin azərbaycanlı ruhuna bu qədər doğma olması həm tarixi, coğrafi, fəlsəfi, mədəni, etnik amillərlə, həm də kosmo amillərlə bağlıdır. Şirvan, Bakı, Qarabağ zonalarında muğam musiqisinin daha çox yayılmasında bu amillər müxtəlif şəkildə rol oynamışlar.

Muğam musiqisinin mahir ifaçıları bir qayda olaraq, mülayim, xeyirxah, müdrik, ahəngə köklənmiş insanlar olur. Müəyyən ruhi aləmdə yaşayan, ruhi aləmlə təmasları geniş olan bu insanlarda kosmo əlaqələrin güclü olduğu müşahidə olunur.

Mahir xanəndələr muğam ifa etdikdə, müəyyən anlarda onların şamanlar kimi sanki başqa bir aləmdə olduğunu müşahidə etmək olur. Onlar muğamı tar və kamançanın müşayiəti ilə, özləri dəf(qaval) vurmaqla oxuyurlar. Bu üc musiqi alətinin hər birinin səsi, ifa tərzi qəlb, ruh aləmini kökləməyə, maddi aləmdən mənəvi aləmə yüksəltməyə yardım edir. Kamança qəlbin ən həssas tellərini dindirməyə, tar ruhi yüksəkliyə xidmət edir. Qavalın səsi isə sanki kainatın, qəlb aləminin lap dərinliklərindən gələn, insanı oraya səsləyən sədalardır. İfa zamanı həmin bu musiqinin köklədiyi xanəndələrin səsi isə sanki ruhlar aləmindən axır. Bütün bunlar muğama bir möhtəşəmlik, müqəddəslik, ilahilik verir.

Muğamın ən mühüm cəhətlərindən biri də burada müsiqi ilə sözün həqiqi poeziyanın vəhdətdə olmasıdır. Bu qədər qüdrətli bir musiqinin insanlara, dinləyicilərə daha dərindən çatdırılması üçün hökmən qüdrətli bir poeziyaya da ehtiyac vardır. Hər poeziya nümunəsi muğamla oxuna bilməz. Muğamın özü ciddi bir ahəng əsasında mövcud olduğu üçün, istifadə olunan poeziya da dərin bir ahəngə tabe olmalıdır. Muğamda istifadə olunan seir əsasən poeziyanın qəzəl formasıdır. Bu qəzəllər də öz ritmlərinə, ölçülərinə, bəhrlərinə görə fərqlənir. Qəzəllər eyni zamanda öz mövzularına, söz seçimlərinə görə də fərqlənirlər. O muğam dinləyicilərə daha böyük təsir göstərir ki, orada söz musiqinin, musiqi isə sözün daha dərindən, aydın şəkildə anlanılmasına kömək etsin.

Poeziya muğamın dinləyicilərə daha dərindən çatdırılmasına yardım etdiyi kimi, muğam da sözün, qəzəlin daha dərindən anlanılmasına kömək edir. Məhz buna görə də, muğamın ifası ücün daha uyğun qəzəl axtarıldığı kimi, gözəl bir qəzəlin də dinləyicilərə çatdırılması üçün uyğun muğam forması axtarılır.

Muğam musiqisinin daha dərindən dərk edilməsi, insanın qəlb aləminə daha dərindən təsir etməsi üçün müəyyən mənəvi, əqli hazırlıq lazımdır. Doğrudur, bu musiqi bir sıra hallarda onu ilk eşidənə də xoş gəlir. Amma bu xoşagəlmə ümumi halda müəyyən ekzotik xarakter daşıyır. İnsan özünü muğam musiqisinə qulaq asmaq üçün mənəvi və əqli tərəfdən hazırladıqca, bu musiqi ona daha xoş anlar yaşamağa kömək edir, mənəvi cəhətdən daha çox şeylər verir.

Muğam musiqisi belə bir hazırlıq tələb etdiyindən, uzun illər elitar musiqi olmuş, əsasən saraylarda, zəngin adamların dar mühitində inkişaf etmişdir. Geniş əhali kütləsi əksər hallarda muğamın mənasına dərindən varmadan, sadəcə bir dinləyici olmuşlar. Amma, eyni zamanda qeyd etmək lazımdır ki, Azərbaycandakı sosial mühit hər zaman ölkə əhalisinin muğamdan kütləvi şəkildə bəhrələnmək üçün də şərait yaratmışdır. Belə ki, bir cox Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da hər hansı bir yaşayış ərazisinin ictimai-mədəni həyatında o ərazidə yaşayan ağsaqqaların, liderlərin - həmin əraziyə məxsus elitanın rolu çox olmuşdur. Muğam musiqisinin geniş yayıldığı ərazilərdə isə bir qayda olaraq bu elita tez tez muğam, seir məclislərində muğamın incəliklərini öyrənməyə çalışmışlar. Bu, ilk növbədə həmin elitanın mənəvi zənginləşməsində, muğama köklənməsində mühüm rol oynamışdır. Elitanın bu mənəvi durumu isə o ərazinin ictimai- mədəni, sosial həyatına güclü təsir etmişdir. Eyni zamanda toylarda, digər el şənliklərində əhalinin muğam musiqisinə kütləvi şəkildə qulaq asması bu təsiri xeyli qüvvətləndirmişdir. Radio, televiziya kimi vasitələrin üzə çıxması isə bu sahədə müəyyən bir sistem yaratmışdır.

Amma təəssüflə qeyd etmək lazımdır ki, son illərə qədər muğam musiqisinə münasibətimiz qənaətbəxş olmamışdır. Sovet rejiminin ilk illərindəki sus, ey tar! və oxu, tar! məfkurələri arasındakı savaş muğam uğrunda gedən bir mübarizə olmuşdur. Sovet dövrünün sonrakı illərində muğama münasibət ümumən müsbət olsa da, layiqli səviyyədə olmamışdır.

Müstəqil, milli dövlətdə əhalinin mənəvi zənginliyi məsələsi ən vacib, prioritet bir vəzifədir. Əhalinin mənəviyyatının milli yöndə formalaşması, zənginləşməsi sahəsində muğam musiqisi əvəzsiz bir qüdrətə malikdir. Əhali arasında muğam musiqisi ilə daha çox təmasda olan insanlar artdıqca milli şüurun da saflaşması, yüksəlməsi sahəsində ciddi irəliləyişlər olacağı şübhəsizdir.

Muğam bizə öz mədəniyyətimizin daha dərin qatlarını duymağa, mədəniyyətimizin daha dərindən gələn bir ruh üzərində köklənməsinə kömək edir. Xalqımızın qüdrəti, xoşbəxtliyidir ki, tarixin daha dərin qatları bu mədəniyyətlə daha zəngindir. Təəssüf ki, müxtəlif tarixi səbəblər üzündən bu əlaqələr zəifləmişdir. Muğam musiqisi heyrətamiz bir qüdrətlə bu əlaqələrin bərpasına, milli intellektual, mənəvi potensialın hərəkətə gəlməsinə kömək edir.

Misal üçün, ötən əsrin əvvəllərində Ü. Hacıbəyov, M. Maqomayev və digər onlarla gənc musiqi sahəsində axtarışlar aparırdılar. Qarabağ muğam məktəbinin nümayəndəsi olan Ü. Hacıbəyovun qəlbən, ruhən muğama yaxın olması onun fitri istedadının daha düzgün istiqamətlənməsinə, muğamım qüdrəti ilə möhtəşəm musiqi nümunələri yaratmağa kömək etdi. Məhz muğamın qüdrəti əsrin əvvəllərində Azərbaycanda Şərqin ilk operasını yaratdı. Məhz muğamın qüdrəti Ü. Hacıbəyovu müdriklik, dahilik zirvəsinə qaldırdı. Musiqidə Üzeyir məktəbi yaranmaqla Azərbaycan musiqisi bütün dünyada seçilən bir musiqi oldu. Muğam üzərində köklənən Üzeyir məktəbi dünya simfonik musiqisində Q.Qarayev, F.Əmirov, A.Məlikov kimi nəhənglərin yaranmasına kömək etdi. Mahnı janrında T.Quliyevin əvəzsiz əsərləri yarandı. Bülbül, R.Behbudov, M.Maqomayev kimi sənətkarlar bütün dünyaya səs saldı. V.Mustafazadə dünya musiqi bilicilərinin diqqət mərkəzinə gəldi. Musiqidə, muğam üstündə köklənmiış Üzeyir məktəbi, eyni zamanda muğama yeni bir gözlə baxmağa, muğamı daha dərindən dərk etməyə imkan yaradır. Belə bir imkandan bəhrələnən Alim Qasımov artıq bütün dünyada Şərq mədəniyyəti qüdrətinin timsalçısı kimi tanınır.

Azərbaycan musiqisinin muğam üstündə köklənmiş Uzeyir məktəbinin olması, eyni zamanda mədəniyyətin başqa sahələrinin də inkişaf, tərəqqi meyarlarını formalaşdırır, ortaya qoyur. Muğama diqqət, M. Füzuliyə diqqəti artırır. Füzuliyə diqqət ədəbiyyatımızın zirvələrinin, ruhunun doğma istiqamətlərini müəyyənləşdirir. Muğama, müdrik poeziyaya, irfan aləminə, təsəvvüf fəlsəfəsinə diqqət yönəldir. İncəsənətin bütün sahələrində hansı yolların öz ulu mədəniyyətimizdən bəhrələnərək daha çox uğur gətirə biləcəyi aydınlaşır. S. Bəhlulzadə dühasının hikmətləri açılmağa başlayır.

Muğam musiqimizə diqqəti artırıb, onu dünyada daha geniş təbliğ etməklə biz həm sürətlə qlobollaşan dünyada ölkəmizin müsbət imicini çox yüksəldirik, həm də insanlığın, Yer üzünün sonrakı inkişafının münaqişələrə yox, ahəngə köklənməsinə xidmət edirik. Bütün bunlar həm də onu göstərir ki, muğam musiqisinə olan münasibət həm də ciddi strateji bir məsələdir.

İndiki vaxtda ölkə prezidentinin muğam musiqisinin sürətli inkişafına göstərdiyi qayğı məhz milli, müstəqil bir dövlət başcısına xas olan bir münasibətdir. Xüsusi ilə ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın muğamın inkişafını öz himayəsinə götürməsi, bu sahədə geniş, məqsədyönlü fəaliyyət göstərməsi olduqca təqdir olunası bir haldır.

 

 

Əhməd Qəşəmoğlu,

fəlsəfə doktoru

 

Mədəniyyət.- 2009.- 20 mart.- S. 4.