Şuşalı qız

 

İllər quş qanadlıdır - deyirlər. Bəzən bu deyimin mahiyyətinə o qədər varmırıq. Onun haqqında yazılmış xronoloji bir məlumatı vərəqləyirdim, gözümə sataşan rəqəmlər məni çaşdırdı: bu həmişə cavan görünən xanımı əlli yaşın ağırlığı haçan haqladı? Əsrin tən yarısını vaxt tamam elədi? Teatral yaddaşımızda gözəl simasıyla həkk olunan səhnə adamının- xalq artisti Firəngiz Mütəllimovanın əlli yaşı tamam olur. Bu münasibətlə düzənlənəcək hər hansı rəsmi tədbirdən xəbərsizəm. Sadəcə olaraq, qəlbimdən axan sözlərlə bu xanımın sənətinə mənəvi dəstəyimi, rəsmiyyətdən çox-çox kənar olan duyğu çələngimi qələmə alıram.

 

Bir vaxtlar hamımız zəhmətkeşlərin beynəlxalq həmrəyliyi gününü sevərəkdən qarşılayırdıq- hardasa milli bayramlarımız mərtəbəsində. Belə bir günün çal-çağırlı ab-havası altında doğuldu Firəngiz xanım. Şuşanın sənətlə hörülmüş qala divarları arasında böyüdü, boya-başa çatdı. Hansı ali məktəbə üz tutacağı barədə evdə söz aça bilmədi. Düzdür, estetik cəhətdən Qarabağın ən mədəni, görüb-götürmüş obasıydı Şuşa. Amma köhnə adət-ənənələrə inam, etiqad vardı. Gənc qız atasına necə etiraf edəydi ki, səhnəyə çıxmaq istəyirəm? Bununçün Bakıya tərəddüd, sıxıntı içində gəldi. Bəlkə heç qismətdə yoxdu bu gizli istəyə qovuşmaq, bu qarşısıalınmaz həvəsi reallaşdırmaq? Ailədə bu haqda xəbər tutanda isə o, artıq İncəsənət İnstitutunun tələbəsi idi.

Qarabağın əsl xatınlarının məxsusi alicənablığı, yar-yaraşığı onun görkəmini tamamlayırdı, simasındakı pərişan cizgilərlə, təbəssümündəki mülayimliklə, bitkinliklə, səsindəki həzinliklə tam bir milli aktrisa obrazı yarada bildi Firəngiz Mütəllimova. Bununla o, səhnəmizi, eyni zamanda da könüllərimizi fəth etməyi bacardı. Gülnardan əvvəl rollar yaratdı, ondan sonra da adlı-sanlı obrazlara imza atdı. Amma bilmirəm, teletamaşanın kütləvi nümayişi səbəbindənmi, ya Gülnarın bütün xarakterik çalarlarıyla Firəngizin daxili dünyasını təlatümə gətirməsindənmi, rol məşhurlaşdı, aktrisa tamaşaçıya istədiyini çatdıra bildiyi üçün məmnun qaldı. Məhz 80-ci illərin sonlarında ekranlaşdırılan, Aslan Qəhrəmanovun qələmindən çıxan Bağışla, Səndən xəbərsiz, Səni axtarıram adlı tamaşa-trilogiya sanki Firəngiz Mütəllimovaya sənət kimliyi bəxş elədi, ifa özəlliklərini təsdiqlədi. Hətta adını bilənlərə əsl adını unutdurdu, adını bilməyənlərə (təbii ki, o zamanlar Firəngiz xanım yenicə tanınmağa başlayırdı) bu isimlə tanıtdırdı. Övladına Gülnar ismi verənlərin sayı artdı. Sonralar aktrisa Nazanın (Yad qızı, R.N.Güntəkin) acınacaqlı taleyinı göz yaşı pərdəsinə bürünərək canlandırdı. Bu obraz bir qədər Gülnarın tamaşaçı qəlbində qazandığı mövqeyə təsir göstərsə , onu tamamilə üstələyə bilmədi. Elə o zamandan da Firəngiz Mütəllimova - Yaşar Nuri oyun-duetinin bünövrəsi qoyuldu. Firəngiz xanım iyirmi yeddi yaşında Naxçıvan MR-in, bir qədər sonra isə respublikanın əməkdar artisti adına layiq görülür (bu gün artıq xalq artistidir).

Dramatik teatr prinsiplərinə arxalanması onun bu səpkili dramaturji materiallarda sənətini doğrultmağına imkan yaratdı. El arasında Firəngiz xanıma bəzən göz yaşı ovcunda olan aktrisa da deyirlər. Kövrəklik sanki onun ifa emblemidir, oyun estetikasının ayrılmaz parçasıdır. Təbiətindəki həlimlik, yumşaqlıq aktrisanın oynadığı bütün rollara sirayət eləyib. Bu baxımdandır ki, bir çox lirik-psixoloji obrazlara həyat verib. İlyas Əfəndiyev dramaturgiyasının ən incə, dərin-mənəvi aləmə malik surətləri əks olunub Firəngiz Mütəllimovanın rollar qalereyasında. Aynur (Büllur sarayda) qədər nikbin məğrurdursa, Gülrux (Şeyx Xiyabani) bir o qədər tədbirlidir. Mələk (Bizim qəribə taleyimiz) öz cazibəsiylə seçilirsə, Azadə xanım (Dəlilər ağıllılar) müəmmalı təbiətiylə yadda qalır. Bir neçə maraqlı obraz da Anar dramaturgiyasından bəhrələnib Firəngiz xanım. Leyla (Səhra yuxuları), Sonya (Sizi deyib gəlmişəm), Firəngiz (Təhminə Zaur) kimi lirik-dramatik xarakterləriylə bir daha özünü sevdirdi tamaşaçısına.

Gülnarın (Vaqif, S.Vurğun) romantik çalarlarıyla aktrisanın ifa xarakteristikasındakı özəllik bir-birini tamamlayırdısa, Maralın (Sənsiz, Ş.Qurbanov) əzablı taleyi, oğurlanmış səadəti onun təsvirində təəssüf və təsirdən yoğrulmuşdu.

Çox rollarını sıralamaq olar Firəngiz xanımın: ...irili-xırdalı, məhzun, kədərli. Hamısında da diqqətimi çəkən bir xətt, bir ardıcıllıq müşahidə edirəm seyrçi olaraq bu qənaətə gəlirəm ki, Firəngiz Mütəllimova sənətinə aqressivlik, həddsiz emosionallıq yaddır. Aktrisanın oyun prinsipi vahiddir: səssiz, ziqzaqsız, bitkin. Hətta ən çılğın obrazların səhnə təcəssümündə belə o, hay-küydən, boğazdan yuxarı qışqırıqlardan uzaqdır. Firəngiz xanım bəzən pıçıltıyla, bəzənsə aram-asta tonlu səs effektləri ilə oynamağı bacaran aktrisadır. Səhnə təbiiliyini daima qoruyub saxladığındandır ki, göz yaşları həmişə onun ürək yanğısını əks etdirir.

Firəngiz xanım C.Cabbarlı adına kinostudiyanın çəkdiyi Bəyin oğurlanması (Telli), Qaçaq Nəbi (Sərvinaz), Qocalar, qocalar (Leyla), İşarəni dənizdən gözlə (Sona), Mənim ağ şəhərim (Ana) filmlərinə dəvət alıb və onu bu yöndə sınamaq istəyən rejissorları zənnində yanıltmayıb.

Bir dəfə onu komik ampluada seyr etdim. Əli Əmirlinin qələmə aldığı Varlı qadın tamaşasının premyerasıydı. O gün mənimçün Firəngiz Mütəllimova bir daha kəşf olundu. Düzdür, onun əvvəllər komediya janrında özünü sınadığını görmüşdüm: həm Milli Dram Teatrının səhnəsində, həm televiziya tamaşalarında. Ancaq aktrisanın yozumunda rolun xarakterindəki komik cizgilərin bu dərəcədə dəqiqliklə açıldığının ilk dəfəydi ki, şahidi olurdum. Vəziyyətin doğurduğu gülüş oyunçunun komik məharəti sayəsində üst-üstə düşür, tamaşaçıda təəssüf dolu təbəssüm yaradırdı. Təəssüf ifadəsini işlətməyim kimsəni çaşdırmasın. Düşünürdüm ki, (həm bu nöqtədə mən tək deyildim) bəlkə elə Firəngiz xanım əsl oyun kodunu indi tapıb, ola bilərmi ki, daha dramatizmə söykənən obrazlara müraciət etməsin?

isə. Şükürlər olsun ki, Azərbaycan teatrının, tamaşaçısının Firəngiz Mütəllimova sayaq tapıntısı var. Bu gün onun əlli yaşını həm sevincimizlə, həm gizli nisgilimizlə qeyd edirik. Qarabağın qara gözlü xanımı Firəngiz Mütəllimova həyatının bu önəmli məqamını Şuşasız qarşılayır. Doğum gününüz mübarək, Firəngiz xanım! Səhnələrdən əskik olmayasınız. Ekranlara bəzək olacaq ən mükəmməl sənət əsərlərində sizi görmək arzusundayıq. Biz sənətin sərgiləndiyi hər yerdə, hər zaman sizi axtarırıq.

 

 

Samirə Səma

 

Mədəniyyət.- 2009.- 1 may.- S. 6.