Rəhman Əlizadənin Pyeslər kitabının təqdimatı keçirildi

 

Aprelin 28-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşəbbüsü ilə M.Qorki adına mərkəzi Səyyar Kitabxana Fondunda dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi, prezident mükafatçısı Rəhman Əlizadənin yeni çap olunan Pyeslər kitabının təqdimatı oldu.

 

Tədbiri M.Qorki adına MSKF-nin direktoru N.Ələkbərova açdı. O, Rəhman Əlizadənin dramaturq kimi çağdaş ədəbiyyatımızdakı rolundan danışdı. Əsərlərinə olan tamaşaçı məhəbbətinin, oxucu marağının böyük olduğunu xüsusi qeyd etdi: Dramaturqun əsərlərinin işıq üzü görməsi onun yaradıcılığını sevə-sevə izləyən pərəstişkarları üçün bir töhfədir. Bu gün yazıçının Pyeslər kitabı oxuculara təqdim olunur. Əminik ki, bu kitab oxuculara yazıçının yaradıcılığı ilə daha yaxından tanış olmaq imkanı verəcəkdir. Ədibin ilk kitabı Komediyalar adı ilə 2008-ci ildə nəşr olunub. Bu kitaba dramaturqun müxtəlif illərdə qələmə aldığı uzun zaman bir çox teatrların səhnəsini bəzəyən yeddi komediyası - Laləli düzən, Kəndimizin narları, Dadaşbala əməliyyatı, Doğmalar, Günah, Dünyanın axırı, Əbləhlərin toyu, 2009-cu ildə çapdan çıxan Pyeslər kitabına isə 12 əsəri - Alın yazısı, Arsız, Ay dəli..., Diqqət, başlayıram!, Don Kixot Abşeronski, Hamam-hamam içində, İnkiri əvəzedən, Kişilər qayıdanda, Məkrlilərin vəkilləri, Sabah çoxdan başlanıb, Uzunqulaq, Vicdansız daxil edilib. Təqdimat mərasimində çıxış edən sənət adamları dramaturqun yaradıcılıq dəst-xəttindən söz açdılar kitabın nəşri münasibətilə yazıçını təbrik edərək ona yeni yaradıcılıq uğurları arzuladılar. Bakı Şəhər Mədəniyyət Turizm İdarəsinin rəisi Əlikram Əliyev sənətkarların əsərlərinə olan marağı, bu əsərlərin müasir dövrümüzlə səsləşməsinin təzahürü kimi qiymətləndirdi kitabın nəşri münasibətilə ədibi təbrik etdi.

Sonda Rəhman Əlizadə tədbirin təşkilatçılarına və iştirakçılarına öz təşəkkürünü bildirdi.

 

 

Fərahim Dünyamalıoğlu

 

Mədəniyyət.- 2009.- 1 may.- S. 2.