Aktyorlarımızı bütün dünya tanıyacaq?

 

Professional Kinoaktyorlar Gildiyası yeni layihəyə başlayır

 

Üç il öncə xalq artisti Həmidə Ömərovanın rəhbərliyi ilə Professional Kinoaktyorlar Gildiyası fəaliyyətə başladı. Məqsəd uzun illər kinoya çəkilməyən aktyorlarımızı işlə təmin etmək idi. Zaman-zaman gildiyanın adını müxtəlif tədbirlərin keçirilməsində təşkilatçı kimi gördük. Həmidə Ömərova ilə budəfəki söhbətimiz Professional Kinoaktyorlar Gildiyasının saytının yaradılması ilə bağlı oldu. Həmidə xanım bu saytın yaradılmasını çoxdan gözlədiklərini bildirərək söylədi ki, sözügedən layihənin reallaşması aktyorlarımız üçün tramplin rolunu oynayacaq.

 

- Bizim bir çox layihələrimiz həyata keçməyib, ona görə ki, fəaliyyətə başladığımız gündən əsas məqsədimiz Professional Kinoaktyorlar Gildiyasının saytının yaradılması idi. Maliyyə xərcləri ucbatından biz internet saytımızı hazırlaya bilmirdik. İstəyirik ki, bütün xarici ölkələrdə olduğu kimi, gildiyamızın saytı olsun işlərimizi müstəqil həyata keçirək. Saytın yaradılmasında məqsəd aktyorlarımızı dünyaya tanıtdırmaqdı. Bütün sivil ölkələrdə hər hansı film çəkilməyə başlayanda aktyor axtarışı üçün müxtəlif ölkələrin saytlarına baş vururlar. Amma bizim aktyorlar bu şansdan kənarda qalırlar. Bu saytın köməkliyi ilə aktyorlarımızın xaricə inteqrasiyası olacaq. Əgər hansısa xarici şirkət filmdə şərqli obrazı axtarırsa, bundan ötrü bizim saytla tanış olaraq, istədiyi simanı tapacaq. Bizim o qədər istedadlı aktyorlarımız var ki... Bundan başqa saytın digər üstün cəhəti bizə xarici ölkələrin Kinoaktyorlar Gildiyası ilə əlaqə yaratmağa, yaradıcılıq mübadilələri aparmağa, onların tədbirlərində iştirak etməyə imkan verəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2009-cu il üzrə QHT-lərə maliyyə yardımı müsabiqəsinin elan olunduğunu eşidəndə sevindik. Öz layihəmizi təqdim elədik. Bütün planlarımızı, niyyətlərimizi layihədə açıqladıq. Ötən həftə bununla bağlı müqavilə imzaladıq.

- Sizi təbrik edirik. Maraqlıdır saytın hansı formada hazırlanması nəzərdə tutulur?

- Çox sağ olun. Ümidvaram ki, saytın yaradılması arzularımızın, planlarımızın gerçəkləşməsinə, həyata keçməsinə təkan verəcək. Təbii ki, sayt gildiyanın simasında Azərbaycan mədəniyyətinin inkişafına xidmət göstərəcək. Sayt iki - Azərbaycan ingilis dilində fəaliyyət göstərəcək. Sayt təkcə gildiyanın üzvi olan aktyorları deyil, həm gəncləri regionların aktyorlarını əhatə edəcək. Naxçıvan, Gəncə, Lənkəran, Şəki, Sumqayıta peşəkar fotoqraflar ezam olunacaq, aktyorların fotoları, onlar haqqında ətraflı məlumatlar toplanılacaq. Ona görə biz hələ bilmirik ki, saytda qədər aktyor yer alacaq.

- Layihə nə vaxt yekunlaşacaq?

- Bu layihənin reallaşması üçün beş ay vaxt ayrılıb. Amma qarşıdan da yay ayları gəlir. Bilirsiniz ki, aktyorlar da istirahətə yollanırlar. Ona görə düşünürəm ki, bir az ara verməli olacağıq.

- Səhv etmirəmsə, bizdə Kinoaktyorlar Gildiyası əvvəllər fəaliyyət göstərib. Amma müəyyən səbəblərə görə çox yaşaya bilmədi. Sizin rəhbəri olduğunuz gildiya artıq üç ildir ki, fəaliyyət göstərir hansı nəticələri əldə etmisiniz?

- Doğrudur Azərbaycanda ikinci dəfədir ki, aktyorlar gildiyası yaranır. Birinci dəfə ötən əsrin 80-ci illərində yaranmışdı, maddi çətinliklər üzündən fəaliyyətini ilyarımdan sonra dayandırmalı oldu. 2006-cı ildə Professional Kinoaktyorlar Gildiyasını yaratmağa başlayanda əmin idik ki, bizə yardım göstərənlər olacaq. Amma düşündüyümüz kimi olmadı. Kinoaktyorlar Gildiyası 1931-ci ildə ilk dəfə ABŞ-da yaranıb. Həmin gildiyanın son dərəcə böyük imkanları var. Rusiyada isə gildiyanın özünün sosial yardım fondu var. Biz isə sıfırdan başlamışıq. İndiyəcən elədiyimiz bütün müraciətlər cavabsız qalıb. Amma bununla yanaşı, üç il ərzində görkəmli sənətkarlarımızın yubiley xatirə gecələrini keçirmişik. Düzdür, bunlar Dövlət Film Fondu Mədəniyyət Turizm Nazirliyinin dəstəyi ilə reallaşıb. Müstəqil olaraq isə gənc İran rejissoru Kərim Əziminin gildiyanın aktyorları ilə görüşünü həyata keçirmişik. Ona görə vurğulayıram ki, saytın açılması bizim beynəlxalq arenaya çıxmağımız anlamına gəlir. Beynəlxalq aləmə çıxsaq, aktyorlarımızın başqa ölkələrin filmlərində çəkilməsini təmin edə bilərik. Bundan başqa, festivallar təşkil etmək, aktyorların muzeyini yaratmaq istəyirik. Planlarımız həddindən artıq çoxdur.

- Hazırda gildiyanın başqa ölkələrin analoji qurumları ilə hansısa əlaqələri varmı?

- Yoxdur. Biz bunu sayt vasitəsilə etməyi düşünürük.

- Bu gün Azərbaycanda çəkilən filmlərdə aktyor axtarışı zamanı sizə müraciətlər olurmu, ya da siz tərəfdən buna cəhd edilibmi?

- Aktyorlarımızın ən böyük problemi onların potensial imkanlarından lazımınca istifadə edilməməsidir. Bu elə mənim özümə, eyni zamanda, gildiyanın üzvləri olan bir çox aktyorlara aiddir. Uzun illərdir ekranda görünməyən gildiyamızın üzvlərindən biri Xalidə Quliyeva "Kuklalar" İtirilmiş pay filmində çəkildi. Buna hamımız sevinirik. Biz çalışırıq ki, ekrana həsrət qalan digər aktyorlarımız da filmlərə çəkilsinlər. Mənə elə gəlir ki, bu yolda sayt çox önəmli rol oynayacaq. Ölkəmizdə xaricdə yaşayan rejissorlar bu saytın köməkliyi ilə istedadlı Azərbaycan aktyorlarının kəşf edə biləcəklər.

- Bəs xarici aktyorların bizim filmlərdə baş rola dəvət edilməsini necə qiymətləndirirsiniz?

- Əgər filmdə tipaj bunu tələb edirsə, bu keçərli ola bilər. Ancaq filmdə rejissor aktyor tapa bilməyibsə, günahkar yenə bizik. Sayt çoxdan açılmış olsaydı, bəlkə , belə hallarla rastlaşmayacaqdıq. Rejissorlarımızın işi rahatlaşardı. Sayt həm milli kinomuza, həm onun xaricə inteqrasiyasına yardımçı olacaq.

- Bildiyim qədər, gildiyanin məskunlaşa biləcəyi yeri yox idi. Bu problemi həll edə bilmisinizmi?

- Hələ ki yox, amma layihədə o da əksini tapıb.

- Həmidə xanım, Azərbaycan kinosunda 40 yaşından o yana qəhrəman qadın obrazının yaradılmamasından həmişə şikayətçi olmusunuz. Səhv etmirəmsə, qadınların problemlərini önə çəkən ssenari üzərində işləyirdiniz. Başa çatdıra bildinizmi?

- Şükürlər olsun ki, ssenarini bitirmişəm. Yəni əlyazma şəklində artıq hazırdı. Səbirsizliklə yay tətilini gözləyirəm ki, onu kompyuterə köçürə bilim. Amma ssenari barədə çox da ətraflı məlumat verməyəcəyəm. Sadəcə onu deyim ki, qəhrəmanlar qadınlardı, diqqət mərkəzində onların cəmiyyətdə məişətdə tutduqları mövqedir.

- Ssenari hazır olandan sonra hara müraciət edəcəyinizi düşünmüsünüz?

- O barədə düşünməyə belə qorxuram. Çünki digər ölkələrdən fərqli olaraq bizdə seriallar hələ tam formalaşa və özünü təsdiqləyə bilmir.

 

 

Nərmin F.

 

Mədəniyyət.- 2009.- 6 may.- S. 11.