Vətənpərvərlik ən ülvi hissdir

 

Oğuz Rayon Mədəniyyət Evinin zalında RİH-i, Mədəniyyət və Turizm Şöbəsi, Gənclər və İdman İdarəsi, Uşaq Yaradıcılıq Birliyinin nümayəndələri, 2 saylı şəhər orta məktəbinin müəllim və şagirdləri, MKS-nin Uşaq şöbəsinin kollektivi bayram və əlamətdar günlərlə zəngin olan may ayının ilk günündə Vətənpərvərlik ən ülvi bir hissdir mövzusunda keçirdikləri tədbirdə bir araya gəldilər. Maraqlı və rəngarəng tədbirləriylə oxucuları sevindirən uşaq kitabxanasının işçiləri - baş kitabxanaçı K.Cəfərova. kitabxanaçı M.Malıyeva, həmçinin RİH-nin nümayəndəsi Y.Rzayev və b. 2009-cu ilin Uşaq ili elan olunması ilə əlaqədar qarşıdakı vəzifələrdən, uşaqların hüquqlarından, Vətəndən və vətənpərvərlikdən danışdılar. Öz çıxışlarında onlar Vətənpərvərlik nədir?, Hardan başlanır Vətən?, Əsl vətəndaş kimdir? və s. kimi sualları cavablandırmağa çalışdılar.

 

Hardan başlanır Vətən?

 

Vətən dünyaya göz açdığımız doğma od-ocaqdan, məndən, səndən, bizdən, elə özümüzdən başlanır. Hər kəs öz sevgisi, məhəbbəti. varlığıyla Vətənini öz şəxsiyyətində, mənində yaşatmalıdır. Yaşatmalıdır ki. VƏTƏN yaşasın.

 

Vətənpərvərlik nədir?

 

Vətənpərvərlik - özü üçün deyil, eli üçün yaşamaqdır, bu gün üçün deyil gələcək üçün yaratmaqdır, Mən üçün deyil Bizlər üçün, Xalqım üçün düşünməkdir.

 

Əsl vətəndaş kimdir?

 

Bənna külüngüylə, diplomat siyasətiyə, alim elmiylə, yazıçı, şair qələmiylə, tarixçi üzə çıxartdığı doğrularıyla, analar böyütdüyü nəcabətli övladlarıyla , qızlarımız nəsilbənəsil bizə miras qalmış ismətiylə, oğullarımız mərdliyi, qeyrətiylə, şagirdlərimiz təhsiliylə əsl vətəndaşdır. Azərbaycanın tarixi keçmişinə bağlı, hər şəraitdə onun təəssübünü çəkməyi bacaran hər kəs əsl vətəndaşdır.

Tədbirdə həyatı fəaliyyəti ilə vətənpərvərlik örnəyi olan ümummilli liderimiz H.Əliyevin Azərbaycanin bu günü gələcəyi üçün gördüyü işlərdən söhbət açıldı.

Sonra məktəb şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Tədbiri yekunlaşdıran Mədəniyyət Turizm Şöbəsinin müdiri U.Baxışova şagirdlərə şöbənin Fəxri fərmanlarını uşaq kitabxanasının hədiyyələrini təqdim etdi.

 

 

Q.Hüseynova,

Oğuz

 

Mədəniyyət.- 2009.- 6 may.- S. 7.