Müqəddəs olan ruh naminə

 

Rus Dram Teatrında Torağay ötür

 

Orta çağlar Avropasını xatırlayın, kilsə hakimiyyətinin dəhşətləri, riya üzərində Allaha sədaqət göstəriləri, indulgensiya alveri, elmə sərhədlər hörən dindarlar, tonqalda tüstülənən azadlıq xəstələri... Faktiki olaraq dinin vurduğu ziyan, etdiyi zülm hesaba gəlməz. Dini rəvayətlərə görə, Allah oddan yaratdığı şeytana palçıqdan yaratdığı insana tabe olmağı buyurdu. Şeytan boyun qaçırdı. O gündən İblisin insanla qərəzli münasibətlərinin əsası qoyuldu. Tabe olmaq istəməyən bir insanda şeytanilik var ya? Kilsə bunu anlayırdı. Şeytanın azadlıq simvolu olmasına dersiz? Bütün qiyamların başında şeytan durmazmı? Zatən, ilk qiyamı o etmədimi? Qiyam cəza motivləri hamımız üçün var. Şairlərin ilhamlarının, ilahi nurdan aldıqlarını, yoxsa şeytani enerjidən qaynaqlandığını kim bilir axı? Hər halda, azadlıq bütün seçilmiş adamların arzusu idealıdır. Azadlığın simvolu şeytan - od olmasın bəs? Janna D ark da tonqalda yandırıldı. İnkvizisiya məhkəməsi bunu qan tökmədən edam adlandırırdı. Jannanı eretiklikdə günahlandırdılar. Bu cadugərlikdə ittiham olunmaq kimi bir şey idi. Hərçənd Janna oddan, tonqaldan üz çevirməklə tonqaldan xilas ola bilərdi. Amma Jannanın əhvalatı bir daha tonqaldan sonra başladı. Adi kəndli qızı. Yüzillik müharibə dövründə inanılmaz şücaətlərilə, cəsarəti, qətiyyəti saflığı, inamı ilə ad qazanan Janna müqəddəslərin qulağına pıçıldadığı həqiqətlərin işığına yol tutub getdi. Maneələr xırda, adi adamlar üçündür. Bütün İngiltərə, atası da daxil olmaqla xeyli adam Jannaya qarşı idi. Janna üçün bunlar az qala bir heç idi. Atası üçün o, bir pozğun idi. Amma az sonra adı Orlean bakirəsi kimi çəkiləcəkdi. Zatən tamaşada deyildiyi kimi, kütlə həmin kütlədir. O Jannanın qəhrəmanlığından necə şövqlənirdisə, onun edamına da elə həvəslə yığışmışdı. Demək, Janna üçün bunlardan daha artıq bir şey vardı. Müqəddəslərin səsi? Müharibədə qırılan adamların naləsi? Vətənini azad etmək istəyi? Tarixdə qalmaq ehtirası? Yoxsa məramını, məqsədini belə düz-əməlli bilmədiyi ilahi missiya?

Bunları Jannanın tarixdə 9 ay davam edən məhkəməsindən bilmək olar. Rus Dram Teatrında Janna D arkdan bəhs edən Torağay tamaşası da bu məhkəmə səhnəsi ilə başlayıb bitir. Kamran Şahmərdanın quruluş verdiyi Torağayın rəssamı Rusiyadan dəvət edilmiş teatr rəssamı Tatyana Melnikovadır. Janna D ark rolunda aktrisa Mələk Abbaszadənin oyunu mərkəzdədir. Qalan personajlar sanki mərkəzdən qaçma təcili ilə onun ətrafında fırlanırlar. Tamaşa Jannanın sorğu-suala çəkilməsi ilə başlanır, Jannanın xatirələri ilə davam edir Jannanın qərarı edamı ilə bitir. Teatr Jannanın tarixçəsini, əhvalatını, pardon, tarixini yenə danışır. Səhnələrsə bu nəqletməyə illüstrasiyalardır. Tamaşanın bütün estetikasını isə rəssam işi bütövləşdirir. Məhkəmə iştirakçılarının oturduğu hündür söykənəcəkli kürsülər çevrilərkən qraflıqların, hersoqların, ingilislərin gerbi olur. Bu gerblərin müxtəlif konfiqurasiyaları əsərin ideya xəttinin çatdırılmasında bir leytmotiv olur (həm gözəl görünür). Gerblər gah fransız kralın sarayını təşkil edir, gah səpələnir, gah Jannanı sıxır, gah da çevrilib məhkəmə kürsüsü olurlar. Xəyanət sadəlövhlüklə, inamla düz mütənasibdir. Janna xəyanətlə üzləşir. Amma bu onu sarsıda bilmir. O, seçim anında olduğunu başa düşür. Bu arada ona müqəddəs səs yox, öz səsi lazımdır. Janna qərarını verir. Kürsülər onu dövrəyə alıb sıxır. Janna tonqaldadır. Mələk Abbaszadənin Jannası döyüşə atılan qətiyyətli eyni zamanda şaşqın Jannadır. Mələyin jestləri, ifadələri Cülyetta Mazinanın Yoldakı qəhrəmanını xatırladır. Nəsə etmək istəyən... Vacibliyini anlayan, anlatmağa çalışan...

Canını hər şeydən artıq sevən dindarların özünü xilas et! çağırışları arasında Jannanın qərarı möhtəşəmdir, müqəddəslərə tay bir həqiqətlərə bürünüb. Onlar İsanı anlamayıblar, Jannanı da anlamayacaqlar. Hərçənd Janna adi bir kəndli qızıdır, peyğəmbər-filan deyil... Jannaların torağay kimi, çalıquşu inadıyla dil-dil ötməsindən qorxurdular, qorxurlar, qorxacaqlar yetər ki, hər şeyin üstündən yox, hər şeyin üstündə bir torağay ötsün...

 

 

Əli

 

Mədəniyyət.- 2009.- 6 may.- S. 4.