Heydər Əliyev kinomuz

 

Dövlət Film Fondunda Heydər Əliyevin 86 illiyinə həsr olunmuş tədbir keçirildi

 

Bu həftə Azərbaycan Dövlət Film Fondunda Heydər Əliyevin 86 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycan kinosu” mövzusunda tədbir keçirildi. Dövlət Film Fondu yeni binaya köçdükdən sonra baş tutan ilk tədbirdə, əvvəlcə “Azərbaycan kinosunun tarixi xalqımızın salnaməsidir” - deyən Heydər Əliyevin kino haqqındakı çıxışı səsləndirildi. Tədbirdə Azərbaycanın bir çox görkəmli xalq artistləri, rejissorları digər incəsənət xadimləri iştirak edirdi. İlk olaraq qonaqları salamlayan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev Heydər Əliyevə həsr olunmuş tədbiri açıq elan edərək, dövlətin Azərbaycan mədəniyyətinə, o cümlədən kino sahəsinə göstərdiyi qayğıdan həvəslə danışdı. Nəhayət ki, “Azərbaycan kinosunun öz evi oldu. Bu təqdirəlayiq hadisədir. Bir çox qiymətli fotolarımızı kinolentlərimizi qoruyub saxlamaq üçün artıq çox yaxşı şəraitimiz var” - deyən Cəmil müəllim, sözü xalq artisti “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamis Muradova verdi. Xamis Muradov Heydər Əliyevlə bağlı xatirələrindən, onun Azərbaycan kinosunun inkişafındakı əvəzolunmaz xidmətlərindən bəhs etdi: “Bir dəfə tədbirlərin birində ulu öndərimiz Heydər Əliyev, Gürcüstanın keçmiş prezidenti Eduard Şevardnadze ilə birgə müzakirədə biz çəkiliş aparırdıq. Şevardnadze Heydər Əliyevə dedi: - “Cənab Əliyev, sizin kamera bir az səs salır, deyəsən”. Ümummilli liderimiz ona “Əvəzində qızıl kadrlar gedir” - deyə cavab vermişdi. Sonra o, bizə yeni kamera hədiyyə etdi ki, bu da Heydər Əliyevin Azərbaycan kinosuna olan marağını, qayğısını bir daha sübut etmiş oldu”. Heydər Əliyevin çox diqqətcil olduğunu vurğulayan Xamis müəllim, zalda əyləşən qonaqlara digər bir epizodu təqdim etdi. Natiqin bildirdiyinə görə o, 1973- ildə “Aşıq Ələsgər” filmini mənzərə etibarilə daha əlverişli olan Qaxda çəkibmiş. Bunu sezən öndərimiz “Mən anlamadım, Aşıq Ələsgər Göyçədə doğulub, ya Qaxda?” - deyə, ona yumşaq bir eyham vurubmuş.

Sonra kinoşünas, əməkdar incəsənət xadimi Aydın Kazımzadə çıxış etdi: “Həyatımızın elə bir sahəsi yoxdur ki, o sahə ilə bağlı Heydər Əliyevin bir xidməti olmasın. Təbii ki, kino sahəsi bura aiddir. Bildiyimiz kimi, Azərbaycanda Kino Günü az- çox, düz 3 dəfə dəyişib. Əvvəllər biz 27 avqust tarixini SSRİ- nin Kino Günü kimi qeyd edirdik. 1976-cı ildə Cəmil Əlibəyli, Nazim Sadıqov, Həsən Seyidbəyli ilə birgə qərara gəldik ki, Azərbaycanın öz kino gününü yaradaq. Niyə olmasın? Bizimlə həmfikir olan Məmməd Qurbanov Moskvaya zəng etdi, lakin müsbət cavab ala bilmədi. Bu zaman Məmməd bəy bildirdi ki, narahat olmayaq, bizim ümid yerimiz var. Bəli, biz öz kino günümüzü təyin etmək istəyimizi Heydər Əliyevə bildirdik. Onun köməyi dəstəyilə istəyimizə nail olduq. 1916-cı ildə çəkilmiş “Neft milyonlar səltənəti” filminin yaranmasının 60- ilində indiki Heydər Əliyev Sarayında Azərbaycan kinosunun 60 illik yubileyini möhtəşəm təntənə ilə qeyd etdik”.

Aydın müəllim öz çıxışında bir çox filmlərimizin ekranlara çıxmasında Heydər Əliyevin böyük rolu olduğundan danışdı. “Rüşvətxorluq motivlərinə yer verildiyinə görə, “Şəhərin yay günləri”ni tamaşaya belə qoymaq istəmirdilər. Heydər Əliyev olmasaydı, “Bir cənub şəhərində” filminin başına nələr gələcəkdi, Allah bilir. Bir çox filmlərimizi misal gətirmək olar, hansı ki, onların yaranması, meydana çıxarılması qorunub saxlanılmasında mərhum prezidentimizin rolu əvəzsiz danılmazdır”. Aydın Kazımzadə Heydər Əliyevin tarixi filmlərə xüsusi qiymət verməsindən danışdı. Heydər Əliyev təkcə Azərbaycan filmlərinə yox, həm sovet kinosuna böyük önəm verirdi. Yeganə insan idi ki, Moskvada onun kinematoqrafiya da daxil olmaqla 19 sahəyə nəzarət etmək ixtiyarı var idi.

Heydər Əliyev haqqında film çəkən “Salnamə” studiyası “Aztelefilm”in xidmətlərini xüsusi vurğulayan Aydın Kazımzadə, öz çıxışını ulu öndərimizin fikri ilə tamamladı: “Azərbaycan kinosunun vəziyyəti sabah bugünkündən yaxşı olmalıdır!”. Aktyor Hacı İsmayılov da Heydər Əliyev haqqında xatirələrini danışdı. Sonda Vaqif Mustafayevin “Əsl məhəbbət haqqında” filmi tamaşaçılara nümayiş etdirildi.  

 

 

Könül

 

Mədəniyyət.- 2009.- 9 may.- S. 6.