Əbədi sənət üçün

 

İstedadlı rejissor Məhərrəm Haşımovun ölümündən 40 il keçir

 

O, teatr sənəti tariximizə öz dəst-xətti ilə daxil olmuş sənətkarlardan biri idi. Məhərrəm Haşımovun teatrdakı 40 illik fəaliyyəti dövründə müasir teatr sənəti özünün həm təşəkkül, həm yetkinləşmə, həm inkişaf dövrlərini yaşayıb. Bir rejissor kimi o, müxtəlif dövrlərdə, müxtəlif teatr məkanlarında həm sərt realizm, həm lirik-romantik üslub, həm fəlsəfi-psixoloji istiqamətlərlə üz-üzə gəlib, onların hər birindən nəsə götürüb, eyni zamanda hər birinə öz dəst-xəttindən nəsə verib. Beləcə, yaddaşlarda yorulmaz rejissor, novatorçu sənətkar kimi qalıb.

 

Məhərrəm Haşımov 1912-ci il fevralın 2-də Bakıda anadan olub. O, Moskvada təhsil almış ilk azərbaycanlı rejissorlardan biri idi. 1936-cı ildə A.V.Lunaçarski adına Moskva Dövlət Teatr Sənəti İnstitutunu bitirmişdi. Bakıya döndükdən sonra gənc rejissoru Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işlə təmin edirlər. Gəncliyin, müasirliyin ruhunu tutmaq istəyən rejissorun artıq ilk işlərində bu məqsəd özünü aydın şəkildə göstərirdi. Sərbəst fikrə, cəsarətli ifadə tərzinə müəyyən qadağalara baxmayaraq, Məhərrəm Haşımov Gənc Tamaşaçılar Teatrında işlədiyi bir neçə illik zaman kəsimində novatorçu-rejissor kimi özünü tanıtdıra bildi. O, Şillerin Qaçaqlar, C.Cabbarlının Oqtay kimi tamaşalarına quruluş verdi, təzyiqlərlə üzləşsə , öz prinsiplərini əsasən qoruyub saxladı.

M.Haşımovun rejissura işinin ikinci əsas mərhələsi onun fasilələrlə 20 ildən artıq işlədiyi Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlıdır. Artıq tanınan, sevilən rejissor bu teatra ilk dəfə 1948-ci ildə gəldi, bir müddət burada direktor baş rejissor kimi fəaliyyət göstərdi. Rus Dram Teatrının səhnəsi M.Haşımovun rejissorluq məharətinin hərtərəfli görünməsi, onun inkişaf etməsi üçün əsl sənət məkanına çevrildi. Məhz burada, bu teatrın səhnəsində onun rejissurası təkmilləşmiş, cilalanmış, bədii fəlsəfi kamillik mərhələsinə yetişmişdi.

Məhərrəm Haşımov Rus Dram Teatrının səhnəsində İ.Qasımovun Xəzər üzərində şəfəq (1950), C.Cabbarlının Aydın (1957), M.Y.Lermontovun Maskarad (1959), A.Arbuzovun İrkutsk əhvalatı (1960), B.Şounun Milyonçu qadın (1966), V.Rozovun Ənənəvi toplantı (1968), N.Hikmətin Domokl qılıncı (1969) onlarla digər tamaşalara quruluş vermişdir.

Lakin Məhərrəm Haşımovun işi təkcə bu iki teatrla bitmir. Əlbəttə, onun yaradıcılıq karyerasında Rus Dram Teatrı müstəsna yer tuturdu, çünki layiq görüldüyü dövlət mükafatlarının əksəriyyətini Məhərrəm Haşımov məhz bu teatrdakı işlərinə görə almışdı. Hələ 1951-ci ildə o, teatrın bir qrup yaradıcı heyəti SSRİ Dövlət mükafatına layiq görülmüşdü. Bu mükafat İmran Qasımovun Xəzər üzərində şəfəq tamaşasına görə verilmişdi.

Həyatının sonunda, 1969-cu ildə aldığı Axundov adına Respublika mükafatı da Məhərrəm Haşımova məhz insanın daxili dünyasına qapı aça bilməsinə görə verilmişdi. Bu dəfə rejissor mükafata rus, SSRİ dünya klassikası nümunələri əsasında hazırladığı səhnə əsərlərinə görə layiq görülmüşdü.

M.Haşımov 1951-1956-cı illərdə Azərbaycan Dövlət Opera Balet Teatrında, 1960-1965-ci illərdə isə Azərbaycanfilm kinostudiyasında direktor vəzifəsində çalışmışdır. Maraqlıdır ki, bu iki vəzifənin arasında qalan illərdə , kinostudiyadan uzaqlaşdığı vaxtlarda da o, özünə mərhəm saydığı Dövlət Rus Dram Teatrına qayıtmışdı. Bir şəxsiyyət kimi onun mütəşəkkilliyi, çevikliyi iki qaynaqdan - bədii yaradıcılıq imkanlarından inzibati-təşkilatçılıq məharətindən intişar tapırdı. Onun bütün ömür yolu, gördüyü işlər, əldə etdiyi uğurlar, hətta rastlaşdığı çətinliklər belə bunu deməyə əsas verir.

Həyatının son üç ili yenə Dövlət Rus Dram Teatrı ilə bağlı olmuşdur. 1966-cı ildə o, növbəti dəfə teatra gəldi baş rejissor kimi içəridən tanıdığı kollektivdə işləməyə başladı. Onun sənət uğurları da, sevincləri , bəzən düçar olduğu uğursuzluqlar da, keçirdiyi mənəvi sıxıntılar da buradakı doğma divarlar arasında yaşanmışdı.

Elə bil yaxınlaşmaqda olan ölümü hiss etmişdi Məhərrəm Haşımov. Belə bir deyim var: insan həyat bulağının tükəndiyini hiss edəndə doğma ocağına qayıtmağa tələsir. Onun üçün ömrünü qoyduğu Azərbaycan Dövlət Rus Dram Teatrından daha isti, daha doğma ocaq var idimi? Yəqin elə bu hissin təsirilə yenidən öz yerinə qayıtmışdı. Sonuncu mükafatını da (Axundov mükafatı) elə burada almışdı. Lakin bu zaman amansız xəstəliyin fəsadları artıq özünü göstərməyə başlamışdı.

Nədənsə bəziləri M.Haşımovun ömür yolu, alın yazısında Bəşir Səfəroğlunun taleyi ilə bir uyğunluq görürlər. Yox, sənət uğurlarına görə yox, bu öz yerində. Bu uyğunluq lənətə gəlmiş xəstəlikdən, onun gəldiyi zamanın, məkanın, seçdiyi sənətkarların xalq içərisində sevilməsinin oxşarlığından, eyniliyindən irəli gəlirdi. Xəyalında böyük yaradıcılıq planları quran rejissor, Bəşirlə eyni vaxtda xəstə yatırdı, eyni günlərdə, eyni şəhərdə müalicə alırdı. M.Haşımov daxilən optimist insan idi, xəstəliyə qalib gələcəyinə, yaşayacağına inanırdı. Ancaq Novruz bayramından iki gün ötməmiş Bəşirin ölüm xəbərini eşitdikdə, elə bil içində isə qırıldı. Qarşıda isə hələ 40 gün vaxtı var idi, düz 40 gün. Bəşirin qırxına qədər...

Məhərrəm Haşımov cəmi 57 il yaşasa da, teatrımız üçün çox görmüşdür. Onun səhnədə tətbiq etdiyi maraqlı üslublar, orijinal rejissura fəaliyyəti bu gün öz əhəmiyyətini saxlamaqdadır. Deyirlər, sənətkarın işi yaşayırsa, deməli, özü yaşayır. İstedadlı rejissor Məhərrəm Haşımovun dəst-xəttini onun bir çox ardıcılları yaşadır inkişaf etdirirlər. Deməli, o ölməyib, haradasa yenə bizim yanımızda, aramızdadır. Çalışıb onu aramızdan getməyə qoymayaq.

 

 

Polad ZEYNALOV,

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki

Mərkəzin İncəsənət bilikləri şöbəsinin müdiri

 

Mədəniyyət.- 2009.- 13 may.- S. 6.