Naxçıvan ekoturizmin inkişafı üçün əlverişlidir

 

Azərbaycan Respublikasının, onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təbii sərvətlərinin öyrənilib aşkara çıxarılması və xalqın istifadəsinə verilməsi son dərəcə mühüm əhəmiyyət kəsb edir. Naxçıvanın təbii bulaqları və gölləri ekoturizmin inkişafı üçün çox əlverişlidir.

Doğrudan da, qədim diyarımız Naxçıvan öz təbii gözəlliyinə və sərvətlərinə görə qibtə edilməli, həsəd aparılmalı yerdir. Muxtar respublikanın dünyada analoqu olmayan üzən adası - Batabat gölü bu gün turistlərin ən çox maraqlandığı obyektdir. Şahbuz şəhəri ərazisində, Naxçıvan şəhərindən 65 km məsafədə, dəniz səviyyəsindən 2445 m hündürlükdə olan bir yer həm özünün şəfalı suyu ilə dünyada məşhurdur.

Qeyd edək ki, Şahbuz Naxçıvanın sürətlə inkişaf edən bölgələrindəndir. Həyata keçirilən sosial-iqtisadi proqramlar bu bölgə insanlarının mədəni həyatında ciddi dəyişikliklərə səbəb olub, onların sosial problemlərinin aradan qaldırılmasında həlledici rol oynayıb.

Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncama (2003-cü ili 16 iyun) müvafiq olaraq Şahbuz Dövlət Təbiət Qoruğu yaradılıb və bu qoruq üçün inzibati bina da tikilərək lazımi avadanlıqlarla təchiz edilib.

 

Batabat mineral suları ilə məşhurdur

 

Batabat Şahbuz şəhərinin ərazisində, Naxçıvan hövzəsində, Kiçik Qafqaz dağlarında yaylaq yeridir. Burada əsasən, dağ, göl dağ-çəmən landşaftı inkişaf edib. İsti yay günlərində buraya xeyli sayda insan axışır. Təbiətin gözəl guşələrindən biri olan Batabat yaylağı gül-çiçəkli çəmənlikləri, təbii gölü, sadə təmiz dağ havası, meşələri, Zorbulaq, Südlübulaq kimi şirin suları Narzan tipli Batabat mineral suları ilə məşhurdur.

Batabat yaylağının iqlimi ciyər, ürək, əsəb və s. xəstəliklərin müalicəsi üçün çox münasibdir. Gəmiqaya ilə qonşuluqda yerləşən Batabat yaylağı ərazisində arxeoloji qazıntılar zamanı aşkara çıxarılan əmək alətləri s. maddi mədəniyyət nümunələri Naxçıvanın ən qədim zamanlardan ibtidai insanların yaşadığı ərazilərdən biri olduğunu göstərir. Batabat yaylağında aparılan tədqiqatlar nəticəsində Mustye mədəniyyətinə, Tunc, İlk Dəmir dövrünə, orta əsrlərə aid abidələr, yaşayış məskənləri, qalalar, ibadətgahlar, qayaüstü rəsmlər, qoç, daş heykəlləri s. aşkara çıxarılıb.

 

Üzən ada maraqlı turizm obyektidir

 

Üzən ada Şahbuz şəhərinin Batabat yaylağı ərazisində təbiət abidəsidir. Suvarma sistemi üçün istifadə olunan üç göldən ikincisidir. Üzən ada Sfaqnum mamırlarından onun üzərində bitən ot örtüklərindən formalaşıb. Küləyin istiqamətindən asılı olaraq ada öz yerini dəyişir, bu da adama xüsusi zövq verir. Göldə yaşayan qiymətli qızıl gümüşü ilişkən balıq növü bu ərazidə balıq ovu idmanının da yaradılmasına imkan verməklə, gələcəkdə turistlər üçün maraq kəsb edə bilər. Ada göldəki suyun tam axıdılmasına mane olduğundan, burada balıqlar qışda da qala bilir. Torfun altındakı münbit şərait hesabına çoxalan külli miqdarda onurğasızlar balıqların bol qidasını təmin edir. Ərazi dərman bitkiləri ilə zəngin olduğundan, həm təmiz hava hesabına burada gələcəkdə turist bazası filoterapiya mərkəzinin yaranması üçün perspektiv var.

 

 

Hafiz Hüseynov,

NDU-nun kafedra müdiri,

fəlsəfə elmləri namizədi

 

Mədəniyyət.- 2009.- 15 may.- S. 11.