Modern kinomuzun qaranquşu - Yaramaz - 20

 

Kinorejissor Vaqif Mustafayevin quruluş verdiyi Yaramaz filmində (ssenari müəllifi Ramiz Fətəliyev, Vaqif Mustafayev. 1988-ci il) boşanan qadın cer-cehizini qaytarır. Bunların fonunda özəlliklərini vəsf etdiyi əri Hətəmin (Mamuka Kikaleyşvili) ayaqyolunun qapısı üzərinə vurduğu (çırmanıb çiş edən oğlan uşağı təsvir olunan mis lövhəni də qoparmaq istəyən ataya (Əli Musayev) mane olması audiovizuallığı artırır. Hamı çıxıb getdikdən sonra gizləndiyi şkafdan əlindəki kiçik yolkayla çıxan uzun tumanlı Hətəmin oyuncaq çıl-çıraq yandırıb, fit verərək kibrit qutularından düzəltdiyi qatarı döşəmədə sürməsi, televiziya ekranındakı informasiya materialının təsiri ilə mənzilindəki əşyaları italiyalılarsayağı bayıra atması, hadisələri komediya istiqamətinə yönəldir. Həyətdəki tonqal başında gördüyü İradənin (Larisa Boradina) yeni ilini, əlindəki yanar çıl-çırağı bağışlamaqla təbrik edən Hətəmin səhərlər mindiyi metronu ölümə bənzətdiyini dediyi psixoloqla zarafatlaşması, işə çatarkən rəqs etməsi komizmi davam etdirir. Axşam qonşu Maşallahın (Yaşar Nuriyev) avtomaşının qapısını açması ilə onun atası yıxılır. Nəvəsinə qızıl əsgər papağı bağışlasa da, onu qovan baba Nikolayı öldürdüyünü danışır. İlk dəfə rastlaşdığı Hətəmin yaxşı və təmiz adam olduğuna görə çətinliklərlə üzləşəcəyini bildirən Mirzə babanın (Ağahüseyn Kərimov) mənzili genişləndirmək naminə kənddən gətirilməsinin üzə çıxması mozaik struktur yaradır.

Diqqət yetirək, çalışdığı limonad zavodunun laboratoriyasının işçiləri bir-birlərinə arxa çevirdiklərinə görə üzr istəyirlər. İşçilərin ələ saldıqları Hətəmin təklifilə yanında gülünc vəziyyətə salındığı direktorun (Hamlet Xanızadə) limonadın tərkibini saxtalaşdıranları yaramaz adlandıraraq kabinetdən qovması reallığı postmodernizmə xas parçalanmış güzgü estetikasında yaradır.

Hətəm kinoteatrdan çıxarkən yanındakı İradənin siqaret çəkməsinə heyrətlənir. Onun əlilə küçədəki oğlanlara döydürülməsi, doqquz uşaq və bir maaşla dolanan mühəndisin tikintidən oğurluq edərkən Mirzə babanın hay salması ilə durdurulması filmin estetikasını davam etdirir.

Fabrikdə çəkiliş aparan televiziyonçulara müsahibə verərkən filmin qəhrəmanı Hətəm yenidənqurmanın getmədiyini deyib, direktorun (Hamlet Xanızadə) üzdə rəğbətini qazanmaqla boynuna demokratiyanı inkişaf etdirmək missiyası qoyulub.

Digər tərəfdən, yerli komitənin qərarı ilə işdən qovulan Hətəmin yenidən evdə kibrit qutusundan düzəltdiyi qatarı sürməsi informasiyanın fasiləsizliyini təmin etməklə, postmodernizmə sədaqəti qoruyur.

Ürək dərmanı qəbul edib demokratiyanın onu cana gətirdiyini bildirən direktorla, küçədə siqaret çəkən uşağın çağırtdırdığı balaca qızın atası tərəfindən döyülən Hətəm gülüş obyektinə çevrilməklə janr təyinatını qoruyur.

Zarafatla yoldan keçən oğlanın arxa cibinə qoyduğu 1000 manatı əldən çıxır. Dərisindən pul qabı düzəldilən timsaha acıyır. Nəhayət, Mirzə babanın ölümündə Hətəm günahkar sayılaraq mənzilinin açarları əlindən alınır. Hətəmin vəziyyətinin çıxılmazlığı acı gülüş doğurur.

Mərhumun Hətəmi yanına çağıraraq, Maşallahın mənzillə bağlı planını yarımçıq qoyduğuna heyifsilənməsi, tezliklə bu mərasimə gələcək miləmil paltolu kəs haqqında fikrinin tamamlanmaması hadisələrə fantasmaqorik çalar verir və siqaret çəkməklə fasiləyə çıxan ağıçı (ağı deyən) qadının həvəslə yenidən dil-dil ötməsi komizmi davam etdirir.

Mirzə babanın söylədiyi kimi, matəm mərasiminə gələn Qəzənfər Mamedoviç (Həsənağa Turabov) ayaqyolunun qapısına vurulmuş mis lövhədəki çırmanmış oğlan uşağına nəzər salır. Bundan sonra o, Hətəmi fabrik direktoru vəzəfəsinə təyin edir. Bu situasiya da əşyaya dramaturji status verməklə, hadisələri də gözlənilməz istiqamətə yönəldir. Əhvalı yüksələn və çəkici alaraq mis lövhədə fiqur döyən Hətəmin mövzu fantaziyasında öz uşaqlığı ilə rastlaşması, artıq, fantasmaqoriyanı üsluba çevirə bilir.

Hətəm ayaqyolu lövhələri istehsalını basmaqəlib üsulu ilə artırmaqla, nazir Bəşir Quliyevin (Hüseyn Muradov) özünün də fabrikə marağını artırır. Kabinetindəki iclasda masanın altına düşən gələmi axtararkən gələcək katibəsinin ayağına vurulur. Maşallah isə uşaqlarının əhatəsindəki hamilə arvadını göstərib, tezliklə qonşuların mənzillərini ələ kecirəcəyini deməklə, yırtıcılığın simvoluna çevrilir. Nazir sürücüsü işıqforlara məhəl qoymadığına həsəd aparır. Bütün bunlar komizmi artırmaqda davam edir.

Hətəm sürücüsünə 100 manat verir. Bildirir ki, əgər vəzifədə qalsa, ona 1000 manat verəcək. Möhtəşəm kabinetində dibçək güllərinə su verən, boy-buxunlu köməkçinin (Rasim Balayev) gətirdiyi su ilə qarqara edib siniyə tüpürən cılız, xırdaboy nazir Bəşir Quliyevdən xeyir-dua alması, təbrikləri paravoz kimi şütüyə-şütüyə qəbul etməsi Qəzənfər Mamedovicin itaətindən çıxması fərqli personajları standart münasibətlərdən çıxarmaqla bu epizodu da postmodernist ruhda həll edir.

İndi o, sürücüsünə ayda 1000 manat verir. Maşınla gedərkən yolüstü vaxtilə onu ələ salan yeniyetməni döyür və şahidi rüşvətlə ələ alır. Timsah dərisindən hazırlanmış pul qabını alıb sevgilisi İradəyə bağışlayarkən indi insanlara yazığı gəldiyini söyləyir. Bununla belə, fabriki istehsalat birliyinə çevirərək müavin yerinə Qəzənfər Mamedoviçi deyil, təzə köynəyinə mürəkkəb ləkəsi salmaqla susdura bildiyi Hacını (Hacı İsmayılov) təyin edən Hətəm də, həbs edilmiş, amma türmədə xan kefində yaşayaraq hakimyətini davam etdirən Bəşir Quliyeviç də hadisələri yeni kontekstdə inkişaf etdirir.

Filmdə qonşuların mənzillərini zəbt edərək oğluna sünnət toyu edən Maşallahın məclisinə gələn, artıq söz sahibi olan Qəzənfər Mamedovicin qarşısında Hətəm Mən əclafam! deyib rəqs edir. Rüşvət götürməyən müfəttişə bütün qazandıqlarını verir. Sevdiyi İradəni zorla soyundurub özünə tabe etdirdiyi məqamda komsomol katibinin burnundan qan açılması kinomuzun ilk erotik kadrlarından birini köhnə ideologiyanın iflası kontekstində təqdim etməklə epizoda bədii dəyər qazandırır.

Diqqət edək, Hətəm baş verənlərdən bezərək, özünü asmaq istəyir. Hətəmin o dünyada rastlaşdığı Mirzə babadan milmil köynəkli adama yaxınlaşmaq yox, uzaqlaşmaq gərək olduğunu eşidir. Onun özünü cəhənnəmə atması yuxu kimi təqdim olunduqdan sonra tavanı deşib çıxan Maşallahla rastlaşması məkanı struktura qoşur.

Eskalatorla metronun dərinliklərinə enən Hətəmin qatarda akkardeon çalıb oxuyan erməni müğənnisi Boka ilə rastlaşması və qır qazanından uzaqlaşıb məscidə tərəf gedərkən həlak olması filmi finala çatdırır.

 

 

Aydın Dadaşov,

Professor

 

Mədəniyyət.- 2009.- 15 may.- S. 8.