Bakının heykəlləri

 

Min illərdən bəri yaradılmış heykəl nümunələri bəşər tarixinin canlı şahidləridir. Təsadüfi deyildir ki, heykəltəraşlıq - insanın nəcib əməllərini, şərəf şöhrətini əsrlər boyu yaşadan ən gözəl sənət növlərindən sayılır. Tişə ustaları öz dövrü üçün xarakterik olan insan surətlərini təcəssüm etdirir. Heykəltəraşlıq əsərlərində biz əsasən müsbət obrazlara təsadüf edirik.

 

Təsviri incəsənətin geniş yayılmış bir sahəsi olan heykəltəraşlıq həyat hadisələrini bədii obrazlar vasitəsi ilə əks etdirir. Heykəllərin, əsasən iki növü vardır: Birincisi, həcmli ya dəyirmi, (bunlara hər tərəfdən baxmaq mümkündür), ikincisi isə səth üzərində qabartma şəklində yaradılan heykəllərdir. Belə heykəllərə barelyef ( ya qorelyef) deyilir. Həcmli heykəllər statiya adlanan tək fiqurlu kompozisiya formasında, statuyetka adlanan kiçik ölçülü heykəllər isə büst formasında yaradılır.

Azərbaycanın paytaxtı Bakı şəhərində monumental heykəltəraşlıq, həmçinin dekorativ heykəltəraşlıq nümunələri çoxdur. Onların bəziləri haqqında söhbət açmaq istəyirik.

Ümummilli liderimiz Heydər Əliyevin Bakıda onun adını daşıyan sarayın qarşısında, 2005-ci il may ayının 10-da ucaldılan möhtəşəm abidəsi ən gözəl monumental heykəltəraşlıq nümunlərindən sayılır. Heykəlin müəllifləri Mixail Noqin Salavat Şorlanov əsər üzərində gərgin yaradıcılıq axtarışları aparmışlar. Heykəlin hündürlüyü 5,2 metr, ağırlığı 2,4 tondur. Tuncdan tökülmüş bu heykəlin ətrafına hərləndikcə tamaşaçı onda yeni-yeni keyfiyyətlər görür, bəşəri duyğulara, qranit xarakterə dahiliyə valeh olur.

Bir qədər geriyə qayıdaq. Keçən əsrin 20-ci illərinin sonlarından etibarən plastik sənətin nümayəndələrindən olan P.V.Sabsayın yaradıcılığı diqqəti cəlb edir. O, 1930-cu ildə M.F.Axundovun tuncdan tökülmüş heykəlini yaratmaqla şöhrət qazandı. Böyük mütəfəkkirə həsr edilmiş monumental fiqurla postament arasındakı dəqiq nisbət, memarlıq üslubunun düzgün icrası, buradakı kiçik bağça ilə uyarlıq onun xarakterik xüsusiyyətlərindən xəbər verir.

Nizami adına Ədəbiyyat Muzeyinin binası heykəltəraşlıqla memarlığın sintezinə ən gözəl nümunədir. Burada tətbiq olunan milli memarlıq elementləri binanın xarici görünüşünə bir incəlik zəriflik gətirir. Muzeyin qərb fasadının eyvanında qoyulmuş ədəbiyyatımızın görkəmli xadimlərinin heykəlləri binanın arxitekturası ilə plastik əlaqə həmahənglik təşkil edir. Burada F.Əbdürrəhmanov Füzulinin, C.Qarayağdı Vaqifin, E.Tripolskaya Natəvanın, P.Sabsay M.F.Axundovun, N.Zaxarov C.Məmmədquluzadənin, S.Klyatski C.Cabbarlının heykəllərini ustalıqla işləmişlər.

Böyük Nizaminin Bakının mərkəzində qoyulmuş heykəli o vaxt (1949-cu il) mühüm hadisə oldu. Heykəltəraş F.Əbdürrəhmanov, memar S.Dadaşov M.Hüseynovun hazırladıqları bu abidə heykəltəraşlıqla memarlığın uğurlu sintezidir. Bu heykəl-abidənin kürsiyyəsini haşiyələyən tunc barelyeflərdə şairin poemalarından məlum epizodlar maraqlı kompozisiyalarda, qabarıq formada təsvir olunmuşdur.

Bu heykəldən bir qədər aralıda, İçərişəhər divarlarının yaxınlığında görkəmli satirik şair M.Ə.Sabirin heykəli ucalır (Heykəltəraş C.Qaryağdı, memar Ə.İsmayılov Q.Əlizadə, 1958-ci il). Əlində kitab, oturmuş halda təsvir olunan şairin baxışlarından süzülüb gələn satirik misralar sanki tamaşaçını ovsunlayır.

Heykəltəraş F.Əbdürrəhmanovun Azad qadın monumenti (memar M.Hüseynov, 1960-cı il) respublika heykəltəraşlıq məktəbinin uğurlu nümunəsi sayıla bilər. Qətiyyətlə çadrasını atan qadın fiqurunun hündür, düzbucaqlı postament üzərində yerləşdirilmiş heykəli bu sənət əsərini daha dinamik, daha canlı göstərir. Əsərin bədii məzmununda xəlqilik, millilik ruhu nəzəri cəlb edir.

Şöhrətli bəstəkar Üzeyir Hacıbəyovun Musiqi Akademiyasının qarşısında qoyulmuş abidəsi keçən əsrin 60-cı illərinin ən gözəl sənət əsərlərindəndir. (Heykəltəraş T.Məmmədov, memar H.Muxtarov, 1960-cı il). Əsərdə sanki musiqi əsərinə qulaq asan bəstəkarın psixoloji vəziyyətinə münasib bir formanın seçilməsi heykəltəraşın istedadından xəbər verir.

XVI əsr dahi Azərbaycan şairi Məhəmməd Füzulinin Teatr meydanında qoyulmuş heykəlinin (heykəltəraş T.Məmmədov, Ö Eldarov, memar H.Muxtarov, 1962-ci il) kompozisiya quruluşu, plastiklik, möhtəşəmlik, sakit siluet bu sənət əsərini daha məzmunlu, daha monumental göstərir.

Azərbaycan kinoteatrının qarşısındakı XIX əsr şairəsi Xurşudbanu Natəvanın xəyala dalmış mərmər abidəsi (heykəltəraş Ö.Eldarov, memar F.Leontiyeva, 1960-cı il) obrazın bədii həllinin poetikası ilə seçilir.

Heykəltəraş T.Məmmədovun uğurlu işlərindən biri Triestdə faşistlərlə mübarizədə həlak olmuş xalqımızın cəsur oğlu, Sovet İttifaqı Qəhrəmanı, partizan Mehdi Hüseynzadənin heykəlidir. Heykəltəraş, qorxu bilməyən Mehdini əlində qumbara tutaraq növbəti əməliyyat apardığı anda təsvir etmişdir. Partizanın nifrət dolu gözləri, bir-birinə sıxılmış dodaqları üzünün cizgiləri məharətlə işlənmişdir.

Böyük Vətən müharibəsi qəhrəmanlarından Kamal Qasımovun, Hüseynbala Əliyevin, İsrafil Məmmədovun, Adil Quliyevin, Xıdır Mustafayevin və başqalarının obrazları Azərbaycan heykəltəraşlığında portret janrının inkişafından xəbər verir.

Heykəltəraş Zivər Məmmədovanın yaratdığı neft ustası Baba Pirməmmədin (1948), xalq artisti H.Sarabskinin (1947), xalq rəssamı Ə.Əzimzadənin (1946) və başqalarının portretləri gərgin yaradıcılıq axtarışlarının bəhrəsidir.

SSRİ xalq artisti Bülbülün (1953), xalq artisti Rəşid Behbudovun (1954), bəstəkar Cahangir Cahangirovun (1954) portretləri istedadlı heykəltəraş Cəlal Qaryağdı tərəfindən ustalıqla işlənmişdir.

Heykəltəraş F.Əbdürrəhmanovun hazırladığı xalq şairi S.Vurğunun onun adını daşıyan parkda ayaqüstü abidəsi o böyük insanın poetik dünyasından xəbər verir.

Büst-heykəllər içərisində tank qoşunları general-mayoru Həzi Aslanovun Dağüstü parkda qoyulmuş abidəsi (heykəltəraş F.Abdürrəhmanov, memar L.Qonsiorovski, 1948-ci il) diqqəti çəkir. Heykəltəraşın dəzgah kompozisiyası fiqurlu plastika sahəsində yaratdığı Çoban (1950) Azərbaycan qadını (1951) heykəlləri milli koloriti ilə diqqəti cəlb edir.

Dinamizm obrazın mürəkkəb psixologiyasının təsviri C.Cabbarlının abidəsinə (heykəltəraş E.Hüseynov, memar Y.Qədimov, 1969-cu il) xas olan əsas xüsusiyyətdir.

Dəniz kənarında Bəhram Gurun (heykəltəraş Q.Sucəddinov, A.Mustafayev, A.Rüstəmov, 1958-ci il) simvolik fiquru dekorativ hekəltəraşlığın maraqlı nümunəsidir.

T.Məmmədovun Bəstəkar Niyazinin portreti (1967), Ö.Eldarovun Rəssam S.Bəhlulzadə (1968), E.Hüseynovanın Ailə (1968) H.Abdullayevanın lirizmlə aşılanmış Vəcihə Səmədova (1970) əsərləri portret heykəltəraşlığı sahəsində nailiyyət sayılır.

Bakıda Şah İsmayıl Xətainin, H.B.Zərdabinin, Nəriman Nərimanovun, Qara Qarayevin, Əzim Əzimzadənin, Əliağa Vahidin, Yusif Məmmədəliyevin, Mikayıl Müşfiqin, Hacı Zeynalabdin Tağıyevin, Ayna Sultanovanın, Puşkinin, Əlişir Nəvainin, Taras Şevçenkonun başqalarının heykəlləri, həmçinin qəbirüstü abidələr görkəmli şəxsiyyətlər haqında tamaşaçıda ətraflı təsəvvür yaradır.

Xocalı faciəsinə, şəhidlərimizin xatirəsinə ucaldılan möhtəşəm abilər müqəddəs torpaqlarımız, azadlıq müstəqilliyimiz uğrunda mübarizə aparan övladlarımızın qəhrəmanlıq, vətənpərvərlik simvoludur.

 

 

Canalı Mirzəliyev

 

Mədəniyyət.- 2009.- 22 may.- S. 14.